Menu
Xəbər Lenti
Sessiya başa çatdı
Bugün, 11:22

Sessiya başa çatdı

“Mən Poladdan yazıram”
12-07-2025, 10:42

“Mən Poladdan yazıram”

Sabah 39° isti olacaq
11-07-2025, 12:10

Sabah 39° isti olacaq

Fotonun içindəki foto...
10-07-2025, 13:14

Fotonun içindəki foto...

14 İyul 2025 15:30Manşet / Gündəm / Siyasət

İş adamı Cəbrayıl Cəbrayılov: 14 iyuldan Böyük Qayıdışa uzanan yol

 

Azərbaycan tarixində bəzi günlər vardır ki, onlar təkcə siyasi təqvim hadisəsi deyil, xalqın taleyində dönüş nöqtəsi kimi qəbul edilir. 14 iyul 1969-cu il də məhz belə tarixi günlərdəndir. Həmin gün Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi və bununla da, ölkədə geriləmədən inkişaf yoluna, milli ruhun süstlüyündən dirçəlişə, siyasi passivlikdən idarəetmədə məsuliyyətə doğru dönüş başladı. 14 iyul yalnız bir rəhbərin seçilməsi deyil, xalqın gələcəyini dəyişdirən milli intibahın başlanğıcı idi.


1969-cu ildə Azərbaycan Sovet İttifaqının tərkibində olan, lakin iqtisadi və sosial baxımdan geri qalmış, milli kimliyi sıxışdırılmış bir respublika idi. Mənəvi dəyərlər, dil və mədəniyyət arxa plana keçmiş, yerli kadrların inkişafı isə minimum səviyyədə idi. Məhz belə bir çətin vaxtda Heydər Əliyevin hakimiyyətə gəlişi xalqın gələcək taleyini dəyişdirdi.


O, qısa müddətdə sübut etdi ki, lider olmaq təkcə vəzifə sahibi olmaq deyil, xalqın dərdini dərindən hiss edib, çarə axtaran şəxsiyyət olmaqdır. Heydər Əliyev Azərbaycanı sistemsiz idarəetmədən, talansız iqtisadiyyatdan, milli ruhsuzluqdan xilas edərək dövlətçilik düşüncəsinin əsasını qoydu. Onun rəhbərliyi ilə ölkədə milli mənəviyyata əsaslanan idarəçilik modeli formalaşdı.


Heydər Əliyevin dövlətçilik fəlsəfəsində mənəvi-əxlaqi dəyərlər xüsusi yer tutur. O, dəfələrlə vurğulayırdı ki, xalqın gücü onun mənəviyyatındadır. Onun rəhbərliyi ilə Azərbaycan cəmiyyətində milli özünüdərk prosesləri başladı. Xalqın dili, tarixi, mədəniyyəti, adət-ənənələri dövlətin diqqət mərkəzinə gətirildi. Muğam sənəti, aşıq poeziyası, klassik ədəbiyyat, milli musiqi janrları geniş təbliğ olunmağa başladı.


 

Bu yanaşma təkcə mədəni siyasət deyildi – bu, xalqın öz kimliyinə, tarix və kökünə qayıdışı idi. 14 iyulda başlayan bu ideoloji oyanış, sonralar Azərbaycanın müstəqilliyinə gedən yolda ən güclü mənəvi dayağa çevrildi.


Heydər Əliyevin rəhbərlik dövründə ən çox diqqət yetirdiyi sahələrdən biri də kadr potensialının formalaşdırılması idi. Onun məqsədi savadlı, bacarıqlı, vətənpərvər və milli maraqları qoruyan gənclərdən ibarət gələcəyin elitasını yaratmaq idi. Məhz o dövrdə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərildi. Bu gənclər daha sonra Azərbaycanın müstəqillik illərində müxtəlif sahələrdə aparıcı vəzifələrdə çalışaraq dövlət quruculuğuna böyük töhfə verdilər.


Kadr məsələsində milli maraqları ön planda tutan Heydər Əliyev belə bir prinsiplə çıxış edirdi: “Azərbaycanı yalnız onu sevən, ona bağlı olan, bu xalqın dərdini öz dərdi bilən insanlar idarə etməlidir.” Bu, əslində milli dövlətçiliyin əsas fəlsəfəsi idi.


Heydər Əliyevin fəaliyyətində Qarabağ regionu xüsusi yer tuturdu. O, Qarabağı Azərbaycanın mədəni və strateji qalası kimi dəyərləndirir, bu bölgənin inkişafına hərtərəfli dəstək verirdi. 1970-ci illərdə Qarabağda – xüsusilə Şuşa şəhərində – mədəni və sosial layihələrin reallaşması, infrastrukturun qurulması və iqtisadiyyatın inkişafı Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi.


Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi, muğam sənətinin dirçəldilməsi, Qarabağın tarixinin öyrənilməsi və təbliğ edilməsi həmin illərdə milli şüurun Qarabağ ətrafında birləşdirilməsi istiqamətində atılmış vacib addımlar idi. O dövrdə “Qarabağ Azərbaycandır” tezisi hələ rəsmi olaraq bəyan edilməsə də, bu, Heydər Əliyevin bütün fəaliyyətində aydın şəkildə öz əksini tapırdı.


14 iyulda başlanan milli dirçəliş və dövlətçilik təfəkkürü illər sonra Azərbaycan xalqını “Böyük Qayıdış” yoluna çıxardı. Bu qayıdış təkcə işğaldan azad olunmuş torpaqlara fiziki dönüş deyil, xalqın milli ruhuna, birliyinə və inamına qayıdış idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqda, bu ideyanın real təcəssümü baş verdi. Vətəndaş qarşıdurması dayandırıldı, iqtisadi sabitlik təmin olundu, dövlət strukturları yenidən quruldu.


O zamanlar xalq “qayıdış” sözünün nə qədər əzəmətli, nə qədər xilasedici bir məna daşıdığını dərindən hiss etdi. Heydər Əliyevin qayıdışı yalnız bir insanın yox, bütöv bir xalqın qurtuluş qayıdışı idi. Və bu gün azad Qarabağda dirçələn şəhərlər, bərpa olunan kəndlər, tikilən yollar və məktəblər bu Böyük Qayıdışın canlı simvoludur.


Bu gün Prezident İlham Əliyev Heydər Əliyev irsini layiqincə davam etdirərək, onun siyasi kursunu uğurla reallaşdırır. Xüsusilə Qarabağın azadlığı, Böyük Qayıdış proqramı, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və inkişaf layihələri Ümummilli Liderin vaxtilə qoyduğu təməllərin üzərində inşa olunur.


Heydər Əliyevin rəhbərlik etdiyi 1969–1982-ci illər Azərbaycanın gələcəyini formalaşdıran illər idi. Onun atdığı strateji addımlar, milli düşüncə ilə formalaşmış siyasət bu günün müstəqil, güclü və qalib Azərbaycanın bünövrəsidir.


14 iyul Azərbaycan xalqının tarixində dönüş nöqtəsi, milli intibahın başlanğıcı, milli ruhun dirçəliş günüdür. Bu gün Heydər Əliyev şəxsiyyəti ilə bağlı olan yalnız bir vəzifə təyinatı deyil – bu, milli yaddaşın silinməz səhifəsi, böyük ideyanın doğuluş günüdür. O ideya ki, bu xalqı sarsıntılardan, işğaldan, parçalanmadan xilas etdi və gələcəyə doğru güclü dövlətin əsaslarını qoydu.


Bu gün də hər dəfə 14 iyul xatırlananda, əslində bir xalqın ayağa qalxması, öz taleyinə sahib çıxması yad olunur. Heydər Əliyevin adı isə bu dirçəlişin, bu qayıdışın, bu yüksəlişin əbədi simvolu olaraq yaşayır və yaşayacaq.