Menu
Xəbər Lenti
Sessiya başa çatdı
Bugün, 11:22

Sessiya başa çatdı

“Mən Poladdan yazıram”
12-07-2025, 10:42

“Mən Poladdan yazıram”

Sabah 39° isti olacaq
11-07-2025, 12:10

Sabah 39° isti olacaq

Fotonun içindəki foto...
10-07-2025, 13:14

Fotonun içindəki foto...

14 İyul 2025 12:30Manşet / Gündəm / Siyasət

“Şirvan Operating Company Ltd” şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: 14 iyul – Tərəqqi yolunun başlanğıcı, Böyük Qayıdışın əsası…

 

Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olan 14 iyul tarixi təkcə siyasi liderin hakimiyyətə gəlişi kimi yox, həm də bir millətin qurtuluş və dirçəliş yolunun başlanğıcı kimi dəyərləndirilməlidir. 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra ölkədə yeni bir mərhələnin təməli qoyuldu. Bu tarix əslində Azərbaycanın sabahına, milli oyanışa, inkişafın və tərəqqinin əsaslarına gedən yolun başlanğıcı oldu. Həmin gündən başlayaraq, xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı islahatlar həyata keçirildi, milli özünüdərk və milli ruh dirçəldi.

1960-cı illərin sonlarında Azərbaycan Sovet İttifaqının tərkibində formaca müstəqil, əslində isə tam asılı vəziyyətdə olan bir respublika idi. Siyasi, iqtisadi və mədəni sahələrdə durğunluq hökm sürürdü. Respublikada rəhbərlik edən şəxslər xalqın milli maraqlarından çox uzaq idi. Azərbaycanın təbii sərvətləri talan edilir, sənaye və kənd təsərrüfatı inkişaf etmirdi. Mədəniyyətə, milli tarixə, dilə qarşı biganə münasibət hökm sürürdü. 

Məhz belə bir dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycan xalqının milli ruhunun yenidən oyanmasına zəmin yaratdı. Onun rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması və təşviqi istiqamətində geniş tədbirlər həyata keçirildi. Azərbaycan tarixi dərsliklərdə öz əksini tapmağa başladı, milli musiqi, ədəbiyyat, incəsənət inkişaf etdi, milli kadrlar önə çəkildi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə respublikada hər bir sahədə nizam-intizam yaradıldı, əmək intizamı gücləndirildi, xalqın dövlətə və özünə inamı artdı. 

Ulu Öndər Heydər Əliyev rəhbərliyə gəldiyi ilk illərdən etibarən kadr siyasətini tam dəyişdi. Dərin analiz və sistemli yanaşma ilə o, istedadlı və vətənpərvər gəncləri irəli çəkdi. O dövrdə yüzlərlə gənc ali məktəblərə göndərildi, Moskvanın qabaqcıl təhsil ocaqlarında təhsil aldı. Bu, gələcək müstəqilliyin əsas dayaq sütunlarından biri olan elmi, texniki və siyasi elitanın formalaşmasına xidmət etdi.

Onun uzaqgörənliyi nəticəsində Azərbaycan elmi, sənayesi, təhsili və səhiyyəsi yeni mərhələyə qədəm qoydu. Bu siyasət milli dövlətçiliyin əsas dayağı olan insan kapitalının formalaşmasına səbəb oldu.


 

Heydər Əliyev hələ 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə Qarabağ bölgəsinə – onun sosial, iqtisadi və mədəni inkişafına xüsusi önəm verirdi. Qarabağ yalnız gözəlliyi ilə deyil, həm də strateji, tarixi və mənəvi baxımdan xalqımızın qəlbində mühüm yerə sahib idi. Heydər Əliyevin təşəbbüsü ilə Dağlıq Qarabağda yeni sənaye müəssisələri, təhsil və səhiyyə ocaqları tikildi. Xüsusilə Şuşa şəhərinin inkişafı və qorunması üçün konkret addımlar atıldı. Azərbaycanın mədəni beşiyi olan bu şəhərdə muğam festivalları, incəsənət tədbirləri təşkil edildi.

Ümummilli Lider xalqın yaddaşına Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu aşılamaq üçün sistemli şəkildə iş apardı. Onun təşəbbüsü ilə Şuşa şəhəri dövlət səviyyəsində “xüsusi nəzarətə” götürüldü. Beləliklə, Heydər Əliyev təkcə iqtisadi deyil, mənəvi-siyasi baxımdan da Qarabağı ölkənin prioritet bölgələrindən birinə çevirdi. 

Ulu Öndər Heydər Əliyevin fəaliyyətində mənəvi-əxlaqi dəyərlər əsas yer tuturdu. Onun çıxışlarında tez-tez “xalqın yaddaşı, tarixi, dili və adət-ənənələri onun milli kimliyinin əsaslarıdır” fikri səslənirdi. Bu yanaşma Azərbaycan xalqının uzun illər ərzində unudulmağa çalışılan milli kimliyinin dirçəlişinə səbəb oldu.

O dövrdə milli musiqimizin, xüsusilə muğamın, xalq rəqslərinin, klassik ədəbiyyatın təbliğinə geniş imkanlar yaradıldı. Tarixi şəxsiyyətlərin, o cümlədən Nizami Gəncəvinin, Füzulinin, Nəsiminin irsinin öyrənilməsinə və təbliğinə xüsusi önəm verildi. Azərbaycan Dövlət Filarmoniyası, Opera və Balet Teatrı, Akademik Milli Dram Teatrı kimi mədəniyyət ocaqları Ulu Öndər Heydər Əliyevin bilavasitə dəstəyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. 

14 iyul 1969-cu ildə başlayan inkişaf yolu, əslində "Böyük Qayıdış" ideyasının toxumlarını da səpdi. Bu qayıdış sadəcə torpaqlara deyil, xalqın özünə – milli kimliyinə, milli ruhuna, tarixi yaddaşına qayıdış idi. Heydər Əliyev bu milli ideyanın memarı oldu. O, xalqın ruhunu oyatmaqla, gələcək nəsillərə güclü mənəvi dayaqlar verdi.

Bu ideya, 1993-cü ildə – Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldıqda – xalqın təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə öz zirvəsinə çatdı. Bu qayıdış yalnız bir liderin deyil, bütöv bir xalqın tarixi səhnəyə qayıdışı idi. O, Azərbaycanı vətəndaş qarşıdurmasından, dağılmaqdan, xaosdan xilas etdi və dövlətçiliyin əsaslarını möhkəmləndirdi.

Ümummilli Lider Heydər Əliyev təkcə XX əsrin deyil, ümumən Azərbaycan tarixinin ən böyük siyasi şəxsiyyətlərindən biridir. Onun fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin əsaslarını qoydu, xalqı milli ruhda tərbiyə etdi, gələcəyə inam verdi. 14 iyul 1969-cu il bu baxımdan təkcə siyasi hadisə yox, həm də tariximizin dönüş nöqtəsi, xalqın milli intibah yoluna qədəm qoyduğu gündür.

O, Azərbaycan xalqına rəhbərlik etdiyi bütün dövrlərdə xalqla bir oldu, onun qayğıları ilə yaşadı, milli maraqları daim ön planda tutdu. Ədalətli idarəetmə, milli maraqların qorunması, müstəqil dövlət quruculuğu, beynəlxalq arenada layiqli təmsilçilik – bütün bunlar Heydər Əliyev şəxsiyyətinin, onun dövlətçilik məktəbinin əsas cizgiləri idi. 

14 iyul – yalnız təqvimdə bir tarix deyil, bu xalqın yaddaşında “Tərəqqi yolunun başlanğıcı” kimi mühüm bir mərhələdir. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə başlayan yol, xalqın özünə dönüşü, milli kimliyinin bərpası, Qarabağ sevgisinin rəsmi ideologiyaya çevrilməsi və dövlət idarəçiliyinin əsaslarının qoyulması ilə əlamətdar oldu. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz həmin yolun davamçısı kimi Böyük Qayıdışı reallığa çevirir – işğaldan azad olunmuş torpaqlara həyat qayıdır, xalq qayıdır. 

Ulu Öndər Heydər Əliyev öz xalqına yalnız bir dövlət deyil, həm də güclü mənəvi dayaqlar miras qoydu. Bu miras – milli ruh, dövlətçilik əzmi və əxlaqi möhkəmlik – bu gün də müstəqil Azərbaycanın hər bir sahəsində yaşamaqdadır. 14 iyul tarixini dəyərləndirmək, Heydər Əliyev irsini yaşatmaq – həm tariximizə, həm də gələcəyimizə verilən ən böyük qiymətdir.

Allah Ulu Öndər Heydər Əliyevi rəhmət eləsin.