Xəbər Lenti
12-11-2024, 08:32
Azərbaycan Respublikasının Konstitusiyası Ulu öndər Heydər Əliyevin tarixi xidmətidir-Könül Nəbizadə
9-11-2024, 08:02
Rəsmi Bakı Fransanı BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırdı
ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN!
Zəfər Bayramı - çağdaş tariximizin qızıl səhifəsi
Qalib xalq!
Rəşadətli Ordu və onun Müzəffər Ali Baş Komandanı!
Hərb tariximizin şanlı səhifəsi - 8 noyabr 2020-cil il!
Qızılı payız 4 il öncə Azərbaycan torpağına Zəfər sevincini gətirdi.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Şuşanı Azərbaycanın mənəviyyat və mədəniyyət paytaxtı elan etdi, Qarabağın zümrüd tacı ŞUŞAmızdan dünyaya bəyan etdi ki, “ ŞUŞA, SƏN AZADSAN!”
Bəli, Şuşanın azadlığı Azərbaycan dövlətinin və xalqının erməni vandalizmindən 30 ildir ki, zülm çəkən Qarabağımızın əsarətinə son qoydu!
Bunun ardınca bütünlüklə Qarabağımız və ətraf ərazilərimiz də işğaldan tamamilə azad edildi! Özünü 30 il ərzində işğalçılıq siyasəti ilə öyən təcavüzkar Ermənistan o gecə diz çökdü!
Bu tarixdir, həm də yaddaşlara qanla, qızıı hərflərlə yazılan salnamədir!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ildə 44 günlük Vətən müharibəsində qələbəsi şərəfinə təsis edilmiş Zəfər Günü bu il noyabrın 8-də qeyd edir. Xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti əsrlərin hüdudlarına sığmayan hadisə kimi dəyərləndirilir. 44 günlük Vətən müharibəsi, ardınca 2023-cü ildə uğurla keçirilən 1 sutkalıq antiterror əməliyyatları nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə xalqımıza böyük fəlakətlər gətirən düşmənlərimizə, xüsusən də ermənilərə sarsıdıcı zərbə endirilmişdir. Xalqımızın tarixi taleyi ilə bağlı olan mühüm bir məsələ - Qarabağ problemi həll edilmişdir.
XX əsrdə azərbaycanlılara qarşı növbəti qlobal düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmişdir. Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında elliklə yaşayan yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilmişdir. SSRİ rəhbərliyinin göstərişi ilə Ermənistan SSR-in hakim dairələri 1948–1953-cü illərdə Ermənistandan yüz minlərlə azərbaycanlının deportasiya edilməsinə nail olmuşlar. Xalqımıza qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq ruhunda tərbiyə edilmişdir. Erməni “alim”lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, erməni dövlətinin olmayan tarixi uydurulmuş, Cənubi Qafqazda baş verən hadisələr bilərəkdən təhrif edilmişdir.
Respublikamıza qarşı ərazi iddialarını həyata keçirmək üçün Ermənistanın 1988-ci ildə başladığı, 1992-ci ildə isə miqyasını genişləndirdiyi etnik təmizləmə siyasəti və işğalçılıq müharibəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin daha 20 faizi işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulmuşdur. Azərbaycanlılara qarşı milli nifrət və düşmənçilikdən qaynaqlanan ağır cinayət aktları həyata keçirilmiş, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, eləcə də digər bir sıra digər qətliam əməlləri törədilmişdir.
Ötən əsrin sonlarında - 1994-cü ilin mayında münaqişənin sülh yolu ilə həllinə şərait yaratmaq məqsədi ilə Ermənistanla Azərbaycan arasındakı cəbhə xəttində atəşkəs elan olunduqdan sonra Ermənistan rəhbərliyinin bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın nəticələrinin möhkəmləndirilməsinə yönəlmişdir. Ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnaməyə, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, digər beynəlxalq qurumların müxtəlif illərdə qəbul etdikləri qətnamələrə etinasızlıq göstərilmişdir. On illər boyunca uzanan bu münaqişənin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlardan Azərbaycan torpaqlarının işğalının nəticələrini bu və ya digər şəkildə rəsmiləşdirmək, bu mümkün olmadıqda isə vaxt uzatmaq üçün istifadə edilmişdir.
İşğalçı Ermənistan rəhbərliyi cəzasız qalmasından istifadə edərək, sülh prosesini birdəfəlik pozmağa cəhdlər göstərmişdir. Bu məqsədlə Ermənistan Silahlı Qüvvələri tərəfindən 2016-cı ilin aprel ayında, 2020-ci ilin iyul və avqust aylarında Azərbaycan ordusuna qarşı təxribatlar törədilmişdir. Həmin təxribatlara cavab olaraq Azərbaycan Respublikasının gördüyü tədbirlər Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilər verməsinə gətirib çıxarmışdır.
Erməni rəsmiləri öz bəyanatları və davranışları ilə sübut etmişlər ki, bu dövlət nəinki işğal altında olan əraziləri qaytarmağa və ədalətli sülh əldə etməyə hazırlaşmır, əksinə, Azərbaycanın yeni ərazilərini işğal etmək niyyəti güdür. İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin genişləndirilməsi, danışıqların formatını dəyişdirməyə cəhdlər göstərilməsi, Ermənistan müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” iddialarını səsləndirməsi, digər bəyanatlar və hərəkətlər işğalçı dövlətin rəhbərliyinin əsl çirkin niyyətlərini üzə çıxarmışdır.
Dövlətinmizin rəhbərliyi onilliklər boyu bəyan etmişdir ki, Azərbaycan öz ərazisinin bir hissəsində suverenliyinin qəsb, torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və bütün imkanlardan istifadə edərək, ərazi bütövlüyünün bərpasına nail olacaqdır.
Məlum hadisələrdən əvvəl, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində möhtəşəm qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi - Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur.
Məhz o tarixi qələbələr zamanı Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məhvə məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlanmışdır. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə, nəhayət ki, son qoymuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyatın bütün sahələrində böyük nailiyyətlər əldə edilmişdir. Müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə və Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevirmişdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başlanmış, son 20 ildə uğurla davam etdirilmiş hərbi-diplomatik siyasət Azərbaycan Silahlı Qüvvələrini yüksək standartlar əsasında inkişaf etdirərək, NATO standartlarına uyğun və dünyanın 50 ən güclü ordusu sırasına çıxarmağa imkan vermişdir.
Bu sadalanan amillər, eləcə də iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Ermənistan–Azərbaycan münaqişəsinin həllini təmin etmişdir. Erməni şovinistlərinin Azərbaycan xalqına və dövlətinə qarşı uzun dövr ərzində həyata keçirdikləri etnik təmizləmə, işğalçılıq və ekspansionizm siyasətinin qarşısının alınması ilə bağlı tarixi missiya uğurla yerinə yetirilmiş və tarixi ədalət bərpa olunmuşdur.
8 Noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur. Əzəli tarixi torpağımız olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir.
Beləliklə, qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirmişdir.
Məlumdur ki, 44 günlük Vətən müharibəsində Azərbaycanımızın möhtəşəm Zəfəri təkcə bizim ölkəmizin deyil, həm də bütünlüklə Cənubi Qafqaz bölgəsinin əmin-amanlığı və inkişafı üçün yeni imkanlar yaratmışdır. Bu geosiyasi imkanların reallaşması üçün Azərbaycan Respublikası Ermənistan Respublikası ilə beynəlxalq hüquq prinsiplərinə və normalarına uyğun olaraq, bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması, hörmət edilməsi əsasında normal qonşuluq münasibətləri qurmağa hazır olduğunu dəfələrlə bəyan edib. Beynəlxalq ictimaiyyət Ermənistanı Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü hədəf alan qisasçı ritorikaya və hərəkətlərə son verərək, yuxarıda göstərilən əsasda ölkəmizlə ikitərəfli münasibətlər qurmaq istiqamətində konstruktiv addımlar atmağa sövq etmək üçün təsirli tədbirlər görməlidir.
Belə bir tarixi qələbəni xalqımıza, dünyadakı 60 milyonluq soydaşımıza yaşatdığına görə Prezident İlham Əliyev başda olmaqla, qəhrəman Azərbaycan Ordusuna, eləcə də sayğıyla yad etdiyimiz şəhidlərə və müharibə veteranlarına əbədi borcluyuq...
Cəmilə ÇİÇƏK