Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov: 8 noyabr zəfər tariximizdir
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsindən dörd il ötür.
2020-ci il noyabr tarixində 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynamış, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Müzəffər Azərbaycan ordusu qarşısında tab gətirməyərək ağır məğlubiyyətə uğrayan işğalçı Ermənistanla aparılan müharibə ərzində əsgər və zabitlərimizin rəşadəti, şəhidlərimizin qanı ilə düşmənin uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemləri, məğlubedilməzlik mifləri cəsarətlə dağıdılaraq 2020-ci ilin 3 oktyabr tarixində Suqovuşanın azad edilərək tarixi adına qovuşması, 4 oktyabrda Cəbrayıl rayonu, 9 oktyabrda Hadrut qəsəbəsi, 17 oktyabrda Füzuli rayonu, 20 oktyabrda Zəngilan rayonu, 25 oktyabrda Qubadlı rayonu və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilməklə müharbənin taleyi əsasən həll olunmuşdur.
O da qeyd olunmalıdır ki, hər zaman olduğu kimi Vətən müharibəsinin ilk günündən də ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşən laçınlılarda hərbi əməliyyatlarda yaxından iştirak etmişlər. Vətən müharibəsində iştirak edən 263 nəfər laçınlıdan 14 nəfəri hərbi, 4-ü isə mülki şəxs olmaqla 18 nəfəri qəhrəmancasına şəhid olmuş, 74 nəfər isə müxtəlif bədən xəsarətləri almaqla qazı adına layiq görülmüşdür. Həmçinin, İkinci Qarabağ Vətən müharibəsində iştirak etmiş laçınlı döyüşçülərdən hərbi əməliyyatlar zamanı xüsusi sücayət göstərmiş 146 nəfəri ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə müxtəlif orden və medallarla təltif edilmişdir.
Əlbətdə ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir. O da xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi xalqımızın ulu öndəri Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir.
Ümumilikdə döyüş əməliyyatları nəticəsində müzəffər Azərbaycan Ordusu tərəfindən 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri hərbi yolla işğaldan azad edilmişdir. Bununla yanaşı düşmənin məğlubiyyəti ilə Moskvada imzalanan tarixi Bəyanata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatlar tam dayandırılmış, 1 dekabradək Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
Beləliklə dövlətçiliyimizin ən şərəfli səhifəsinə qızıl hərflərlə yazılan bu Zəfərlə Azərbaycan, faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən belə 2020-ci il noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu dekabrın 1-də isə Laçın rayonunu işğaldan azad edərək dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü bir daha təsdiqlədi.
Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq!
Zəfər Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmışdır.
Zəfərin mübarək, Azərbaycan!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Var olsun Rəşadətli Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Elmir Ramazanov
Bakı Baş Gömrük İdarəsinin rəisi