Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

15 May 14:09Manşet / Cəmiyyət

Dövrümüzün mühüm və aktual problemlərindən biri-erkən nigah və qohumlar arasında nigahın mənfi fəsadları

 

Ailə  insan cəmiyyətinin  daha  möhkəm, sarsılmaz, ilkin  özəyi  olaraq, həm də  ənənəvi milli dəyərləri özündə cəmləşdirir. Özünə möhkəm, sağlam ailə quran hər bir şəxs, şübhəsiz, ölkənin, cəmiyyətin möhkəmləndirilməsinə xidmət edir. Söhbət elə ailədən gedir ki, burada ər və arvad bir-birlərini sevir və hörmət edir, bir-birlərinə qayğı göstərir, sevinc və kədərlərini birgə bölür, övladlarını düzgün tərbiyə edir, ailə və cəmiyyət qarşısında öz borclarını dərk edirlər. Ölkəmizdə nikah vә ailә münasibәtlәrinin hüquqi baxımdan tәnzimlәnmәsi dövlәt tәrәfindәn hәyata keçirilir vә yalnız müvafiq icra hakimiyyәti orqanında bağlanmış nikah tanınır.  Erkən nikah- ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır. Bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahın fəsadları ilə tez tez rastlaşırıq. Erkən nikahların problem yaratmasınını səbəblərindən biri də yeniyetməlik dövrünə təsədüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür.  İnsan həyatının ikinci böyümə və inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır, ona görə də çox vaxt yeniyetmələrin fərdi xüsusiyyətlərində balans pozulur.  Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq , uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir. Dolayısıyla ictimai inkişafını tamamlamamış olan bu yaşlardakı uşaqların evləndirilməsi uşaqlarda tam  formalaşmamış fərdi keyfiyyətlərində problemə səbəb olur. Nikahdan sonra cəmiyyətdən təcrid olunma, ictimai fəaliyyətdən uzaqlaşma, özgüvən probleminin yaranması  həmin uşaqları sadəcə daxil olduğu ailə çevrsi ilə məhdudlaşdırır.Evlilik şəxsin seçim edə biləcəyi bir hadisə olduğu halda erkən evlilik onun seçim haqqının əlindən alınmasıdır. Erkən nikahlar uşaqların uşaqlıqlarının əlindən almaqla onların inkişafında travmalara səbəb olur.  Bu insanlara erkən yaşda ailə, ev, uşaq baxımı kimi məsuliyyətləri yükləməklə, şəxsi inkişafdan yoxsul qalırlar. Erkən nikahlar zamanı həmin şəxslər təhsildən uzaqlaşır. Erkən nikah qurbanlarının daha çox qız uşaqları olduğundan, həmin qızların həyat yoldaşlarından bağlı hala gəlmələrinə və cəmiyyətdə qadın-kişi bərabərsizliklərinin yaranmasına səbəb olur.Müxtəlif səbəblərdən qız uşaqlarının uşaqlıq həyatından alınaraq erkən nikaha cəlb edilməsi hal-hazırkı dövrümüzün  aktual problemidir. Nəticədə bəzi qız uşaqları həm təhsildən uzaqlaşdırılır, həm də ailə məsuliyyətini dərk etmədən belə bir ağır yükü daşımaq məcburiyyətində qalır. Bu cür tələsik qurulan ailələr isə bəzən uğursuz və bəzən də qızların ağır bioloji və psixoloji travma almalarına səbəb olur. Həmçinin erkən nikah qadının təhsil almasını məhdudlaşdırır.                                                                                                  Nikah ailəni yaradan əsas təməl vasitədir. Bu ailə təməlin möhkəm qoyulması üçün ən vacib amildir. Nikaha daxil olduqdan sonra bu əsasın qorunması üçün insan fiziki və mənəvi cəhətdən evliliyə hazır olmalıdır. Nikaha daxil olmaq istəyən şəxs tam öz qərarlarını vermək qabiliyyətində olmalıdır. Əgər bu belə deyilsə, müəyyən problemlər yaranacaq ki, bu evliliyə, ailəyə, şəxsə psixoloji cəhətdən təsir edəcək. Hər gün respublikamızda neçə-neçə gənc nikah bağlayır, neçə ailənin təməl daşı qoyulur. Hər dəfə nikahı qeyd edən təşkilatın nümayəndəsi- vətəndaş aktlarının dövlət qeydiyyatı orqanının müdiri gənc ər-arvadı belə xoş sözlərlə təbrik edir, onlara ailə xoşbəxtliyi arzulayır..
Ailə qurmaq insan həyatının ən əlamətdar hadisəsidir. Bu addımı atarkən elə etmək lazımdır ki, sonradan problemlər ortaya çıxmasın. Belə problemlərin bir çoxunun mənbəyi isə erkən nigahla bağlıdır. Erkən nigah qanunvericiliyin müəyyən etdiyi minimal yaş həddini keçmədən qurulan ailələr hesab olunur. Erkən ni
kah iki cür həyata keçirilir. Valideynlərin istəyi və məcburiyyəti ilə və bilavasitə qızın öz razılığı əsasında. Yəni onların həyatında sevdikləri şəxs olur və erkən yaşda onunla ailə qurmaq qərarına gəlirlər. Bunları bir-birindən fərqləndirmək lazımdır. Birmənalı şəkildə demək olmaz ki, erkən nigahlar hamısı uğursuz olur. Lakin son zamanlar xüsusilə bəzi regionlarda sırf valideynlərin təkidi ilə qızların erkən yaşda ailə həyatı qurması hallarına rast gəlirik və bu öz fəsadlarını biruzə verir. Erkən nikah yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olmasıdır. Bəs azyaşlıların bu addımı atma səbəbi nədir? Görəsən bəzi qızlar niyə təhsilə yox, məhz ailə qurmağa tələsirlər? Bu gün Azərbaycanda nə qədər qız məktəbi bitirmədən, həyatı başa düşmədən ər məktəbinə daxil olur. Bu hal regionlarda daha çox baş versə də qarşısını alan yoxdur. Maraqlı burasıdır ki, 15-16 yaşlarında ailə quran və ya nişanlanan qızların adları məktəb jurnallarında qeyd olunur, lakin dərsə getməmək şərti ilə. Bunu hansısa savadsız valideyn edə bilər, amma həmin məktəbin müdirinin də buna normal münasibət göstərməsi nə dərəcədə düzgündür?!
Nigah insan həyatının ən əlamətdar hadisəsidir. O yeni yaradılacaq ailənin hüquqi əsasıdır. Cəmiyyətimizdə nikah iqtisadi mülahizələrdən azad olub kişilərin və qadınların məhəbbətə, sədaqətə, uşaqların olması arzusuna əsaslanan könüllü, bərabərhüquqlu ittifaqıdır. Qızlar erkən yaşlarda bioloji cəhətdən ana ola bilsələr də, analıq hissinin, analığın nə olduğunu tam dərk edə bilmirlər. Bu səbəbdən də çox zaman erkən ailə quran qızlarda övlalarına qarşı biganəlik müşahidə olunur. Aparılan araşdırmalar sübut edir ki erkən yaşlarında ailə quran qadınların 53 faizində psixoloji problemlərlərlə üz-üzə qalma riski daha çoxdur.


Ölkəmizdə nikahın bağlanması, ərlə arvad arasında, valideynlərlə uşaqlar arasında münasibətlər, övladlığa götürmə, atalığın müəyyən edilməsi, alimentin tutulması, qəyyumluq və himayəçilik, nigahın pozulması, nigahın vətəndaşlıq aktlarının dövlət qeydiyyatına alınması respublikamızın Qanunvericiliyi ilə tənzim edilir. Nikahın bağlanması qaydaları Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9-cu maddəsində qeydə alınır. Nigah vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanı nigaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. Lakin, hal-hazırda cinsindən fərqli olmayaraq Azərbaycanda nikah yaşı 18-dir. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16 - cı maddəsində deyilir: “Yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nigah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Əgər nikaha daxil olmaq istəyən bir tərəf yetkinlik yaşında deyilsə və gələcək həyat yoldaşı haqqında məlumatlı qərar qəbul etmək iqtidarında deyilsə, bu cür razılıq “tam və azad” ola bilməz.
Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nigahlar qanuni sayılır. Yaxın qohumlar, himayəçilər arasında nikahlara, eləcə də nikah bağlayan tərəflərdən biri artıq evil və ya ruhi xəstə olduğu halda nigaha icazə verilmir. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: nigah könüllü olmalı və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır.
Nigah bağlamadan ailə yaratmaq düzgün deyildir. Çünki belə ailədə gələcək uşaqların tərbiyəsi pozulur, ər-arvadın ailə məsuliyyəti hissi azalır. Erkən yaşda nigah qurmağın müxtəlif səbəbi var. Mühit, ətraf təsir, valideynlər, təhsilsiz olmaq, maddi sıxıntı və s kimi səbəblərdən dolayı yeniyetmələr erkən nikah qurur. Qızların erkən formalaşmasına valideyinin mühitin yaratması əsas səbəblərdəndir. Valideynlərin etdiyi ən böyük səhvlərdən biri azyaşlı uşaqlara təhsildən çox evliliyi aşılasıdır. Əsasən qız uşaqlarının beyninə ənənəvi olaraq deyilən sözlərdən “Evdə qalmaq” ailə fərdlərinin və qohumların psixologiyaya təsiri erkən nikahın səbəblərindən biridir. Valideynlər uşaqları daxili aləmi zəngin,rəngarəng, ətrafa duyarlı böyütməlidirlər. Şəxs gələcəyi üçün məqsəd və çizgilər qoymalıdır. Planlar qurmaq və buna uyğun addımlar atmaq, məqsədlər seçmək daha düzgündür. Gündəlik həyatlarını dolğun yaşayanların çoxu erkən nigah bağlamır. Burada ən səhv yanaşma metodu birincilik yanaşmasıdır. Yəni ki, biri məndən öncə evlənib, mən də evlənməliyəm yanaşması yalnışdır. Fərdiçilik anlayışı ilə hərəkət edən şəxslər daha tez evlənir. Belə ki, şəxs yalnız özünü düşünür, mən dediyim olmalıdır kimi anlayış ilə evliliyə yanaşılması yalnışdır. Bütün insanlar istəyir ki, xoşbəxt ailəyə və onu başa düşən, onun qayğısına qalan, onu sevən bir həyat yoldaşına malik olsun. Bəzi insanlar öz qız və oğlanlarını evləndirmək istəyən zaman ancaq qohumlar arasında seçim etməyi sevirlər və ondan qırağa çıxmağı sevmirlər. Qohum evliliklərdən törəyən bir çox xəstəlik olduğunu çoxumuz bilirik. Bu cür ailələrdə uşaqların normal doğulmaması və erkən boşanmalar nəzərə çarpır. Azyaşlı qızın dünyagörüşü formalaşmayıbsa, o necə ailədə ana və həyat yoldaşı funksiyasını yerinə yetirə bilər. Qısacası, erkən nikahlar və qohumluq əlaqələri millət olaraq genimizə mənfi təsir edir. Təhsilsiz gəlin ailə münasibətlərini düzgün qavraya bilmir və uşaqların şikəst doğulması da başlıca problemlərdəndir. Ailədə davranış qaydasını bilməyən gəlin zorakılığa məruz qalır. Valideynləri qızlarının ana olmağa hazır olmadığını dərk etməli, qızlarına təhsil verdikdən sonra onun ailə qurma qayğısına qalmalıdırlar. Bu cür ailələr adətən ailəyə aid var-dövlətin dağılmaması, ailə böyükləri arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışlarının eyni olması səbəblərindən qurulur. Bəzən valideynlər belə evliliyin qurulması üçün övladlarına təzyiq göstərirlər. Mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması risqi 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir. Yəni, bu risk 2 dəfə artır. Ona görə də qohum evliliyə qərar verən cütlüklər evlilik öncəsi və hamiləliliyin ilk aylarında genetik araşdırmalar üçün mütəxəssislərə müraciət etməlidirlər. Həmin insanlara ilk öncə "soy ağacı" qurulur. "Soy ağacında" ailədə hər hansı bir anormallıq, əqli cəhətdən qüsur və ölü doğuşların olub-olmadığı dəqiqləşdirilir. Əgər belə xəstəliklər rast gəlinibsə, deməli, risk artır.
 Kənd və rayonlarda qohum nikahlar çox qurulur və belə nikahlardan doğulan uşaqların xəstə olması riski çox yüksəkdir. Qohum nikahdan doğulan uşaqlar qohum olmayanların nikahından doğulan uşaqlarla müqayisədə daha çox xəstə olurlar. Qohum nikahların əsas fəsadı doğulan uşaqlarda genetik xəstəliklərin rastgəlmə tezliyinin daha çox müşahidə olunmasıdır. Qohumlar arasında bağlanmış nikah sonsuzluğun da səbəbi ola bilər, ya da dünyaya gələn uşaqlarda əzələ, sinir sistemi xəstəlikləri olur və ya bu uşaqlar anadangəlmə qüsurlarla da dünyaya gələ bilər.  Belə bir araşdırma aparılmışdır ki, qohum nikahlardan sağlam uşaqlar doğula bilər, amma sonradan onlar ailə qurduqda müəyyən nisbətdə sonsuzluğun rast gəlinmə tezliyi daha yüksək olur. Yəni, birinci nəsildə yox, ikinci nəsildə bunun fəsadları üzə çıxa bilər. Ümumiyyətlə qohumların nikaha daxil olması tövsiyə edilmir.Qohum nikahların azalması xəstə uşaqların doğulma riskini azaldır. Qohum olmayan cütlüklərdə daha sağlam uşaqlar dünyaya gəlir. Çünki burada genlərin yenilənməsi prosesi gedir. Eyni, yaxın genlər olan zaman bir xəstəlik varsa, bu, özünü tez bürüzə verir. Qohum nikahları əsasən kənd yaşayış məntəqələrində baş verir. Buna səbəb  kəndlərdə əhalinin bu cür  nikahların mənfi təsirləri barədə daha az məlumata malik olmalarıdır. Rayon və kənd yerlərində qohum nikahlarının fəsadları ilə bağlı maarifləndirmə işlərinə ehtiyac vardır.
Bu səbəblərdən gənclər nikaha daxil olarkən qohum nikahlarının mənfi fəsadlarının nəzərə alınması çox vacibdir.
Tədqiqatlar göstərir ki, yaxın qohumlar arasında nikahın ən mühüm fəsadlarından biri məhz bu nikahların sağlamlıq problemlərinə səbəb olmasıdır. Belə ki, bu tip evliliklər qan qohumluğuna əsaslanır və bu, həmin nikahdan doğulan şəxslərə müəyyən genetik xəstəliklərin ötürülməsi riskini artırır. Tədqiqatlar həmçinin göstərir ki, yaxın qohum nikahları "autosomal recessive" xəstəliklərin (kistik fibroz, oraq hüceyrəli anemiya, "Tay-Sachs" xəstəliyi və s.) çoxalmasına şərait yaradır  Qohumlar arası evlilik ata soyundan gəldiyi kimi ana soyundan da gələ bilir. Hər ikisi eyni dərəcədə önəmlidir. Əmi uşaqlarının evliliyi 1-ci dərəcəli qohum evliliyi sayılır. Nəvə evliliklər isə 2-ci dərəcəli evliliklərdir. Bəziləri düşünür ki, qohumlar bir-birlərini daha yaxından tanıyırlar. Yaxud da onlar arasında bağlanan nikah var-dövləti nəsildə saxlamaq, ailə fərdləri arasında sevgi və hörməti qorumaq və sair kimi məsələlərə də xidmət edir. Lakin bəzən belə hallarda ailələrdə konflikt yaranır ki, bu da möhkəmləndirməyə çalışdıqları ailə bağlarını çürüdür, nəticədə, münasibətlər gərginləşir. Əminəm ki, çoxlarımız belə hadisələrlə rastlaşmışıq və təəssüf ki, bu hallara bu gün yenə də rast gəlmək olur. Qohum evliliyi, xüsusilə ən yaxın qohumlar arasında evlilik birmənalı şəkildə ətraflı təhlil olunmur. Əgər bir xalaoğlu öz xalaqızısını sevirsə, bu cür sevgi əsasında qurulan evliliyə qarşı münasibətə cəmiyyət loyal yanaşır. Ancaq məsələyə tibbi baxımdan yanaşsaq, belə cütlüklərin izdivacı çox hallarda xəstə övladların dünyaya gəlməsinə səbəb olur. Tibb işçiləri həyəcan təbili çalırlar ki, qohumla evlənən insanlar öncədən müəyyən testlərlə yoxlanmalı, sonra evlənmək qərarı verməlidirlər. Onlar bildirirlər ki, yaxın qohumların evliliyindən dünyaya gələn uşaqlarda müəyyən fiziki və əqli məhdudiyyətlərin olması ehtimalı var. Bəziləri ya gələcəkdə bu səbəbdən hansı probemlərlə qarşılaşacaqlarından xəbərsizdirlər, ya da qohumluq əlaqələrinə o qədər bağlıdırlar ki, bunu nəzərə almayıb yenə də qohum nikahını dəstəkləyirlər.
Erkən nikahlar psixoloji fəsadlar yaratdığından, maaarifləndirmə işləri həm də, insanlarla psixoloji aspektdə aparılmalıdır. Erkən ərə gedən qızların özləri hələ uşaqlıq dövrünü yaşadığı üçün, həmin qızların ana olan zaman öz uşaqlarına laqeyd yanaşması real problemlər yaradır. Bu isə öz növbəsində ciddi psixoloji pozğunluğa yol açır kı, sonradan növbəti bir erkən nikaha zəmin yaranır. Erkən yaşda ailə quran qızlar təhsildən də kənarda qalırlar. Təhsil çox vacib amildir. Ən azından ibtidai təhsilli bir xanımla, orta məktəbi tam olaraq bitirmiş bir xanımın ailəsində çox böyük fərqlər olur. Bu qarşılıqlı münasibətdə, övlad yetişdirməkdə özünü çox aydın biruzə verir. Təhsil  həm  psixoloji,  həm  sosioloji, həm də fiziki  cəhətdən təsiredici amil kimi qiymətləndirilir. Buna görə də, valideynlər öz övladlarını erkən nikaha sövq etməkdən çəkinməli, onların təhsillərini bitirmələrinə şərait yaratmalıdırlar.  Erkən nikah və qohumlar arasında nigah halları Azərbaycanda aktual ailə problemlərindən biridir. Bu halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosail cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Erkən nikahın və qohumlar arasında nigahın mənfi nəticələrinə dair maarifləndirmə işinin daha məqsədyönlü şəkildə aparılması bu gün cəmiyyətimiz üçün daha zəruridir. Uşaq yaşlarında yeni bir ailəyə, evə köçən qız yeni həyata psixoloji cəhətdən də hazır olmadığı üçün onda psixoloji problemlər yaranır. Bütün bu problemlər ciddi psixoloji hallara, ağır depressiya və hətta intihar cəhdinə gətirib çıxara bilər. Bu məlumatları almış valideyn göz görə-görə övladının, səbəb  hər nə olursa-olsun bu cür əzab-əziyyətlərə qatlanmasına razı olmaz. Qızlar isə həm özlərinin, həm də dünyaya gətirəcəkləri uşaqların sağlamlığını hər şeydən üstün tutacaqlar. Nəinki qızlar, azyaşlı oğlanlar da erkən nigahın yaradacağı problemləri bildikdən sonra düşüncəli şəkildə bu addımı atmaqdan çəkinəcəklər. Sağlam təməllər üzərində qurulan hər bir ailə dövlətin və millətin böyük sərvətidir. Bu sərvətin artırılması və qorunub saxlanılması yolunda cəmiyyətin hər bir üzvü aktiv şəkildə iştirak etməlidir.Erkən nikahın, eləcə də qohum izdivacının gənclərin sağlamlığına təhlükəsi danılmazdır. Yetkinlik yaşına çatmayan qızlar, həm də rəsmi nigahdan kənarda qalırlar, yalnız dini kəbinlə ailə qururlar. Bu da bir sıra hallarda erkən nigahlara yol açır. Məlum olduğu kimi, dövlət tərəfindən qeydiyyata alınan nikahdanfərqli olaraq, dini kəbin hüquqi akt sayılmır. Evlilik həyatında sonradan cütlüklər arasında hər hansı problem yaranarsa, yaxud münasibətlər pozularsa, həmin nikah heç bir qanuni əhəmiyyət daşımır. Belə hallarda övladlar üçün də qanuni məsələlərdə bir sıra problem yaşanır. Bu gün erkən nigah və onun yarada biləcəyi problemlərlə bağlı cəmiyyətdə mütamadi maarifləndirmə işləri aparılır. Erkən nikah – uşaqlığın əlindən alınması, reallaşmasına imkan verilməyən arzular, yarımcıq qalan təhsildir. Azyaşlı qızlarını zorla ərə verən valideynlər bir çox hallarda zəif, gücsüz çiyinlərə yüklədikləri böyük məsuliyyətin fərqində olmurlar. Birmənalı olaraq hər birimiz erkən nigahın əleyhinəyik. Amma digər tərəfdən, ortada ildən-ilə erkən nigahların sayının artdığını göstərən statistika var. Aparılan araşdırmalar göstərir ki, qanunvericiliyin tələbləri daha çox ölkənin Mərkəzi Aran, Cənub bölgələrində, hətta Bakının kəndlərində pozulur. Ekspertlər bildirir ki, sözügedən rayonlarda erkən nigah probleminin əsas səbəbi məhz, valideynlərin qız uşaqlarını oxutmaq istəməmələri ilə bağlıdır. Alimlərin araşdırmalarına əsasən, yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində uşağın xəstə doğulması riski daha da artır. Beləliklə, nikaha daxil olmuş qan qohumlarının genetik xəstəliklərə yol açma riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir.  Azərbaycanda da yaxın qohumlar arasında bağlanan nikahlara rast gəlmək mümkündür. Gələcək ailə, cəmiyyət qarşısında müəyyən məsuliyyət daşıyır. Gənclər ailə həyatı qurarkən yalnız özləri barədə deyil, dünyaya gətirdikləri övladları haqqında da fikirləşməlidirlər. Gələcək valideynlərin öz sağlamlıqlarının qeydinə qalmaları dünyaya gətirdikləri körpənin sağlamlığının təminatıdır. Sağlam uşaq sağlam ailədə böyüyür. Hər hansı bir problemi öncədən bilib qarşısını almaq onu həll etməkdən daha asandır. Əfsuslar olsun ki, bəzən insanlar öz sağlamlıqları barədə yalnız dünyaya xəstə uşaq gətirdikdə və ya ümumiyyətlə, hər hansı bir problemlə üzləşdikdə fikirləşirlər. Halbuki bu xoşagəlməz hadisənin qarşısını əvvəlcədən almaq mümkündür. Sağlam ailənin formalaşmasıkimi vacib bir prosesdə gənclərin ailə həyatı qurmazdan əvvəl tibbi müayinədən keçməsi - dünyaya göz açan uşaqların irsi və ya anadangəlmə xəstəliklərlə doğulmasının qarşısının alınması və ailələrin şən, firavan və rahat həyat sürmələri üçün atılan addımların başlanğıcıdır. Dünyada və ölkəmizdə də tətbiq olunan erkən nikahların bağlanmasına qarşı mübarizə tədbirləri kifayət qədər aparılır. Bu sahədə beynəlxalq təşkilatlar və yerli qurumlar maarifləndirici tədbirlər görür, qanunvericiliklə nəzardə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Lakin erkən nikahlar rəsmi qeydiyyata alınmadığından onlara nəzarət etmək dövlət səviyyəsində çətinlik yaradır. Ona görə də bir çox ictimai problem kimi erkən nikah problemin də aradan qaldırılması üçün ailələr, ayrı ayrılıqda hər kəs mübarizə aparmalı, bu halın aradan qaldırılmasında üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Erkən nikaha daha çox məruz qalan qızlar gələcəyin anasıdır. Ana isə nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır.Erkən nikah gələcək qeyri-sağlam ailə, sağlamlıq imkanı məhdud övlad, psixoloji cəhətdən tamamlanmamış qadın və bir sözlə qeyri –müəyyən gələcək deməkdir.  Ailə müqəddəsdir, hər kəs bu müqəddəsliyin qorunub saxlanılması üçün qanunun müəyyən etdiyi yaş həddinə çatmalı, bir ailənin, bir münasibətin, bir övladın məsuliyyətini dərk etməlidir. Biz gələcəyimizi bugun qurulan ailələrə etibar edirik. erkən nikah cəmiyyətdə savadsızlığın artmasına, boşanmaların sayının çoxalmasına səbəb olur. Erkən nikaha girən tərəflər ailənin ağır məsuliyyətini anlamır və bu da boşanmaların sayının artmasına səbəb olur. Erkən nikah zamanı xüsusən qızlar təhsildən yayınırlar. Hər birimiz erkən nikahla bir yerdə mübarizə aparmalıyıq. Unutmayaq ki, sağlam cəmiyyətin gələcəyi sağlam ailələrin formalaşmasından başlayır. Cəmiyyət tərəfindən uşaqlar yük kimi deyil cəmiyyətin bir üzvü, fərd kimi dəyərləndirilməlidir. Hər bir uşaq öncə ailənin, sonra cəmiyyətin və dövlətin gələcəyidir. Bütün insanların sağlam, təhsilli, sosial olması vacibdir, ən əsası bu onların haqqıdır.


 

Lətafət Hacıyeva-Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin rəisi