Menu
Xəbər Lenti
20 Nis 10:51Manşet / Gündəm

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Azərbaycanın Türkiyə ilə dostluq və qardaşlıq münasibətləri uğurla davam etdirilir

51 saylı notariat ofisinin xüsusi notariusu Üzeyir Kərimov:Azərbaycanla Türkiyə münasibətlərinin yüksək səviyyəli inkişafına həm dövlətlər həmdə vətəndaş cəmiyyətləri  böyük maraq nümayiş etdirirlər.


Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycan və Türkiyə arasında olan tarixi, mənəvi bağlılığı hər zaman önə çəkmişdir. Türkiyə liderlərilə hər bir görüşdə, çıxışlarında bu iki ölkənin xalqlarının milli və mədəni yaxınlıqlarının siyasi münasibətlərə də təsir göstərdiyini qeyd etmişdir. Ümummilli Lider Azərbaycanın XX əsrdə iki dəfə gərgin siyasi dəyişiklərə məruz qaldığını və hər zaman Türkiyə dövlətinin mənəvi dəstəyini hiss etdiyini aydın şəkildə bildirirdi. 1918-ci ildə Azərbaycanda ilk demokratik hökumət yarananda onu birinci tanıyan da və 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə edəndə dünya dövlətləri içərisində ilk dəfə Azərbaycanın müstəqilliyini tanıyan da məhz Türkiyə olmuşdur.


Azərbaycan və Türkiyə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarında dəqiq ifadə olunub.


“Türkiyə, Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!”. Azərbaycan və Türkiyə arasında olan dostluq əlaqələrindən bəhs edərkən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sözlərini xatırlamaq kifayətdir ki, ölkəmizin qardaş ölkəyə verdiyi dəyəri aydın görək.


Bu iki ölkə arasındakı əlaqələr qədim tarixə, qədim köklərə malikdir. Hələ ta qədimdən türk və Azərbaycan xalqı bir-birinin sevincinə, dərdinə şərik olmuş, yadelli işğal və təcavüzlərinə birgə sinə gərmiş, köməyini, dəstəyini bir-birindən əsirgəməmiş, ulu öndərimizin də qeyd etdiyi kimi “bir millət, iki dövlət” olmuşlardır. Həm Ümummili liderimizin bu dəyərli kəlamları, həm də türk xalqının dahi şəxsiyyəti Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları gələcək nəsillərə bir mesajdır.


 Azərbaycanın dərdini öz dərdi bilən Türkiyə dövləti və xalqı 2020-ci ildə 44-günlük Vətən müharibəsində də Azərbaycan xalqının ən birinci dəstəkçisinə çevrildi. Müharibənin ilk günündən son gününədək xalqımıza dəstək olan qardaş ölkə həm maddi, həm də mənəvi dəstəyini əsirgəmədi. Azərbaycan reallıqlarının dünyaya çatdırılması, beynəlxalq arenada göstərdiyi dəstək ilə Türkiyə öz qardaşlıq andını bir daha isbat etdi.


Bu gün Türkiyənin və onun Prezidenti R.T.Ərdoğanın liderliyi ilə türk dünyası birləşir və bu yolda bir çox irəliləyişə nail olunub. Tarixin bütün sınaqlarından uğurla çıxan Türkiyə Cümhuriyyəti gündən-günə inkişaf edərək, regionda və dünyada öz mövqeyini daha da möhkəmləndirərək, bütün dünya türklərinin fəxr etdikləri, qürur duyduqları, arxalandıqları bir məkana çevrilmişdir.


Azərbaycanın milli maraqlarını hərtərəfli göz önündə canlandıran, onun milli mənafelərini tam şəkildə əks etdirən xarici siyasət kursunda, bu kursun müvəffəqiyyətlə reallaşmasında Azərbaycan-Türkiyə münasibətlərinin uğurlu inkişafı, mübaliğəsiz demək olar ki, birinci dərəcəli əhəmiyyət daşıyır. Bu isə bir daha ondan irəli gəlir ki, müasir dövrdə güclü dövlət olaraq sürətli inkişaf yolunda irəliləyən və beynəlxalq münasibətlərdə möhkəm yer tutan Türkiyə və Azərbaycanı tarix ümumiliyi və etnik-dini tellər bağlayır. İstər bir çox daxili məsələnin həllində, istərsə də beynəlxalq münasibətlərdə Türkiyə kimi qardaş ölkə ilə tərəfdaşlıq və əməkdaşlıq Azərbaycanın müstəqil ölkə və dövlət olaraq intensiv inkişafı üçün olduqca zəruridir.


Keçən yüz ilin 90-cı illərinin başlanğıcında SSRİ-nin süqutundan sonra, ildən-ilə irəliləyən Türkiyə Qafqaz və Orta Asiya bölgələrində tanınan və nüfuzlu bir ölkə mövqeyini qazandı. Bu gün nəhəng Avrasiya bölgəsində Türkiyə sözü keçən, qüdrətli, mövqeyi dəyişməz dövlətlərdən biridir.


1993-cü ildə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə respublikanın milli maraqlarını əks etdirən bir çox sahədə olduğu kimi, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına da təkan verən yeni mərhələnin əsası qoyuldu. Bu, hər iki ölkənin daxili durumlarını, beynəlxalq şəraiti, Azərbaycan və Türkiyənin maraqlarını çevik və realistcəsinə əks etdirən bir mərhələ idi. Heydər Əliyevin hazırladığı və yön verdiyi xarici siyasət kursu, sözün həqiqi mənasında, həssaslığı və çevikliyi ilə fərqləndi. Məhz bu səbəbdən Ulu Öndərimiz tərəfindən ifadə edilən "Bir millət, iki dövlət" şüarı iki qardaş ölkə arasında hərtərəfli inkişafın rəmzinə çevrildi.


Heydər Əliyev 8-11 fevral 1994-cü il tarixlərində Türkiyədə ilk rəsmi  səfəri zamanı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bir sıra mühüm sənədlər imzalandı.Bütün  bu kimi önəmli məqamlar, əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokollar, iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında sazişlər, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı haqqında müqavilə və digər sənədlərdən ibarət idi.


Türkiyə Prezidenti Süleyman Dəmirəlin 1995-ci il dekabrın 7-9-da Azərbaycana rəsmi səfəri zamanı yenə bir sıra mühüm sənədlər imzalandı və ikitərəfli əlaqələrin çərçivəsi daha da genişləndirildi. 1996-cı ildə Azərbaycan və Türkiyə arasında hərbi, texniki və elm sahələrində əməkdaşlığa dair bir sıra sənədlər imzalandı. Beləliklə, qarşılıqlı münasibətlərin hüquqi-normativ əsaslarının genişlənməsi nəticəsində, iqtisadiyyat, texnika, hərb, elm və mədəniyyət sahələrində əməkdaşlığın gələcək inkişafı üçün geniş imkanlar açıldı.


Artıq hər iki ölkənin dövlət və hökumət başçılarının, rəhbər işçilərinin qarşılıqlı rəsmi və işgüzar səfərləri müntəzəm xarakter almağa başladı. Bütün bu tədbirlər öz müsbət nəticələrini verdi. İki ölkə arasında hərtərəfli əlaqələrin inkişafı Heydər Əliyevin daim diqqət mərkəzində idi. Türkiyə Respublikasının quruluşunun ildönümü münasibətilə 29 oktyabr 1994-cü il tarixdə Gülüstan sarayında təşkil edilən mərasimdə çıxışında Heydər Əliyev Azərbaycan və Türkiyə dostluq və qardaşlığını belə dəyərləndirirdi: "Türkiyə Respublikası Azərbaycanın müstəqilliyini tanıyaraq, eyni zamanda dünyada öz nüfuzundan, təsirindən istifadə edərək respublikamızın mövqeyinin müdafiə olunmasında mühüm rol oynamışdır. İki qardaş ölkənin dostluq, qardaşlıq əlaqələri bizi daha da yaxınlaşdırmış, daha da birləşdirmişdir. Respublikamızın bu ağır şəraitində, Azərbaycanın müharibə içərisində olduğu, iqtisadi-siyasi böhran keçirdiyi bir dövrdə, şübhəsiz ki, dünya birliyinin köməyinə, həmrəyliyinə ehtiyacımız var. Bizim səsimizə səs verənlər arasında Türkiyə Respublikasının səsi həmişə daha yüksəklərə qalxır, daha güclü olur və bunların hamısı bizim dostluğumuzun, qardaşlığımızın rəmzidir, əlamətidir".


Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir” bəyanatları bu qardaşlığı və ikitərəfli münasibətlərimizi inkişaf etdirmək və qorumaq üçün bir anddır. Məlum olduğu kimi, qədim Azərbaycan torpağı olan Qarabağın ermənilər tərəfindən təxminən 30 illik qanlı işğalı 44 gün davam edən Vətən müharibəsinin sonunda şanlı Qələbə ilə başa çatdı. Bu Qələbə Azərbaycan xalqı kimi Türkiyədəki vətəndaşlarımızı da çox sevindirdi. Türkiyə Vətən müharibəsində qardaşlıq borcunu yerinə yetirərək Azərbaycanı heç vaxt tək qoymadı. Türkiyə savaşın əvvəlindən sonuna qədər Azərbaycan xalqının yanında oldu və hər cür dəstək göstərdi. Biz inanırıq ki, artıq Qarabağda hər bahar xarı bülbüllər şəhidlərimiz üçün açacaq, onların ətrini Qafqazın incisi Qarabağdan bütün Türk dünyasına daşıyacaq. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, "Türkiyə dünən olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında oldu və bundan sonra da olacaq. Heç bir güc Türkiyə-Azərbaycan birliyini sarsıtmayacaq”. "İki dövlət, tək millət şüarı” ilə əl-ələ, çiyin-çiyinə bütün çətinliklərin öhdəsindən gələrək ölkələrimiz inkişaf edib, daha da irəliləyəcək və güclənəcək.


Heydər Əliyev 5 may 1997-ci il tarixdə Türkiyədə rəsmi səfərdə olarkən mətbuat üçün verilən bəyanatda ürək sözlərini belə ifadə edirdi: "Bizim ölkələrimizi, xalqlarımızı tarixi köklərimiz, tarixi keçmişimiz, ənənələrimiz, mədəniyyətimiz, dilimiz, dinimiz birləşdiribdir".


Ulu Öndər Heydər Əliyev Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkə böyük dəyər verir, onu eyni zamanda bütün türkdilli xalqların mənafeyi baxımından da örnək bir şəxsiyyət kimi xarakterizə edirdi. Ulu Öndər 8 fevral 1994-cü ildə Türkiyədə rəsmi səfəri zamanı Atatürkün qəbrini ziyarət edərkən xatirə kitabında bu səmimi sözlərini yazmışdır: "Unudulmaz Atatürkün müqəddəs adı, solmayan siması min illərdən gələn Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının gələcək yoluna parlaq işıq saçır". Heydər Əliyevə 1999-cu il Atatürk Beynəlxalq Sülh Mükafatı Ankarada təqdim edilərkən o, çıxışında Atatürkü belə dəyərləndirmişdi: "Mustafa Kamal Atatürk bəşər tarixinin, XX əsrin ən böyük şəxsiyyətlərindəndir. İstiqlal savaşına başçılıq edərkən qalib gəlib, Türkiyə Cümhuriyyətini yaratmaqla o, türk xalqına böyük yol açmışdır. Türkiyə Atatürk ideyalarına sadiq olaraq 76 ildir ki, bu yol ilə gedir və böyük nailiyyətlər əldə etmişdir. Qardaş Azərbaycan xalqı Atatürkün şəxsiyyətinə, onun ideyalarına, qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır. Atatürkün dahiliyi, müdrikliyi bizim üçün ilham mənbəyidir".


Azərbaycanın Türkiyə ilə qarşılıqlı əlaqələri ildən-ilə daha böyük uğurla inkişaf etdi. Heydər Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində iki ölkə arasında bağlılıqlar Azərbaycanın siyasətinin prioriteti oldu. Regional və beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında səmərəli əməkdaşlığın möhkəm təməli qoyuldu. Hazırda bu əməkdaşlıq BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk PA, Türk Dövlətləri Təşkilatı, EKO, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq və regional təşkilatlarda müvəffəqiyyətlə həyata keçirilir.


Prezident Cənab İlham Əliyevin 2003-cü ildən Azərbaycanın Prezidenti kimi fəaliyyəti Ümummilli Liderimiz tərəfindən müəyyənləşdirilmiş daxili və xarici siyasət kursunun, o cümlədən Azərbaycan-Türkiyə əlaqələrinin uğurla davam etdirilməsiylə xarakterizə olundu. İlham Əliyevin 13-15 aprel 2004-cü il tarixdə Türkiyəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verdi. Azərbaycan Prezidentinin 27 may 2004-cü il tarixdə Türkiyədə Azərbaycan Dərnəkləri Federasiyasının Təsis Konfransının iştirakçılarına müraciətində deyilirdi: "Dost və qardaş Azərbaycan və Türkiyə dövlətlərini və xalqlarını bütün sahələrdə eyni məqsədlər, ortaq mövqe birləşdirib. Strateji məqsədlərin ümumiliyi, eyni mədəni-mənəvi dəyərlər, üst-üstə düşən milli maraqlar bütün sahələrdə səmərəli əməkdaşlıq üçün gözəl zəmin yaradır".


Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına təkan verən daha bir əlamətdar hadisəni - Bakıda Atatürk Mərkəzinin yaradılmasını qeyd etmək yerinə düşər. 9 mart 2001-ci ildə Azərbaycanın paytaxtında Atatürk Mərkəzinin yaradılması haqqında sərəncam imzalandıqdan üç il sonra 2004-cü il aprelin 10-da mərkəzin təntənəli şəkildə açılışı oldu. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin çıxışında mərkəzin əhəmiyyəti, məqsəd və vəzifələri dəqiq şəkildə müəyyənləşdirildi: "...Heydər Əliyev türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutduğu mühüm yeri nəzərə alaraq Atatürk irsinin, ümumiyyətlə, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədi ilə 2001-ci il martın 9-da Azərbaycanda Atatürk Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır... Atatürk Mərkəzinin yaradıcısı və ilk fəxri sədri olan Heydər Əliyev bu sənədi imzalamaqla Azərbaycan ilə Türkiyə arasında tarixi əlaqələrin nə qədər sıx olduğunu bir daha nümayiş etdirdi... Elmi araşdırmalar və mədəniyyət təşkilatı olan bu mərkəzin əsas vəzifəsi Mustafa Kamal Atatürkün türk dünyasındakı yerini və rolunu, türkdilli xalqların tarixi və mədəniyyətini fundamental şəkildə hərtərəfli öyrənmək və bu xalqların zəngin irsini təbliğ etməkdir".


Bu gün çox haqlı olaraq ölkələrimiz və xalqlarımız arasında olan münasibətlər dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi dəyərləndirilir.


Son dövrlərdə baş verən tarixi hadisələr Azərbaycanın böyük Zəfərlə yekunlaşdırdığı 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə ölkəmizin postmüharibə mərhələsində start verdiyi bərpa işləri, tarixi Şuşa Bəyannaməsinin imzalanması, həmçinin Türkiyənin ayrı-ayrı bölgələrində baş verən yanğın və zəlzələ fəlakətkərin aradan qaldırılması istiqamətində birgə fəaliyyət Azərbaycanla Türkiyənin bir-birinə necə möhkəm tellərlə bağlı olduqlarını bütün dünyaya bir daha göstərdi.


Azərbaycanla Türkiyə arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən danışarkən bir məqamı xüsusilə diqqətə çatdırmaq lazımdır. Bu da ondan ibarətdir ki, hər iki ölkədə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, eyni zamanda, vətəndaş cəmiyyətləri də buna böyük maraq nümayiş etdirirlər. Ölkələrimiz arasında siyasi dialoq yüksək dinamizm ilə fərqlənir. Qarşılıqlı hörmətin və etimadın ifadəsi olaraq Azərbaycan Prezidenti dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu ənənə digər səviyyələrdə də davam etdirilir.


Soy-kök, milli və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə əlaqələri böyük perspektivə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: "Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir... Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir".


Cənab Prezidentimiz İlham Əliyev çıxışlarında, müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkə Türkiyəyə dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. Bir-birinə `qardaşım` deyən dövlətləri kimsə görməmişdir. Deyərdim ki, dünya bu dostluğu gördüyü üçün sevinməli, digər dövlətlər bu dostluqdan nümunə götürməlidir. Ancaq bu halda dünyamız firavan və salamat olacaqdır.


Bu qardaşcasına olan münasibət həmişə belə davam etməlidir və edəcəkdir. Xalq dostluğu, dəstəyi və xoş münasibəti görür. Bu dostluq gələcək nəsillərə aşılanmalıdır.


Azərbaycan və Türkiyənin münasibətləri iki müttəfiq ölkə və ya dost ölkə anlayışlarından daha böyükdür.


Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik.


Uca yaradan Allah dostluq və qardaşlığımızı, birliyimizi daim etsin!


Tanrı Türk dünyasını qorusun!