Menu
Xəbər Lenti
COP 29-da Qadın Həmrəyliyi
23-11-2024, 16:53

COP 29-da Qadın Həmrəyliyi

29 Şub 17:17Manşet / Gündəm

Korrupsiyaya bulaşmış Avroparlament: Erməni lobbisindən yemlənənlərin hədəfi - ŞƏRH

 

Avropa İttifaqının (Aİ) sözdə ciddi qurumlarından hesab olunan Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı qərəz nümayiş etdirərək sanksiyaların tətbiqinə çağırışdan bəhs edən qətnamə qəbul edib. Erməni lobbisinə yarınmaq üçün ermənidən çox ermənilik edən təşkilat ərazi bütövlüyünü və suverenliyini bərpa edən Bakını hədəf alan kampaniyasını davam etdirir. Bu qurum bölgədə sülh və əmin-amanlığa rəvac vermək əvəzinə erməni lobbisinin, eləcə də Fransanın təzyiqləri ilə hərbi əməliyyatların yenidən bərpasına çalışır.

Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bu çirkin kampaniyanı aparanları növbəti dəfə ifşa edib. Onların məqsəd və hədəflərini adbaad səsləndirən dövlət başçısı vurğulayıb ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Səbəb də bəllidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib və bununla bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd edib ki, Aİ-nin, daha dəqiq ifadə etsək, Fransanın qeyri-adekvat bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir.

Digər tərəfdən, Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar getdiyi bir ərəfədə belə bir qətnamənin qəbulu bir daha Avropa Parlamentinin nə qədər qeyri-ciddi bir qurum olduğunu göstərir. Qəbul edilən qətnamənin arxasında çirkin və qərəzli maraqlar gizlənir. Bunları aşağıdakı kimi xarakterizə etmək olar:

Avropa Parlamentinin canfəşanlığının tək və əsas səbəblərindən biri seçkilərdir. İyunda quruma kritik seçkilər keçiriləcək. Qalib gəlmək, yenidən deputat olmaq uğrunda mübarizə qızışacaq. Erməni lobbisinin maliyyəsi isə hər zaman seçki prosesində rol oynayıb. Onlarla erməni lobbisi arasında vasitəçilik edən şəxs isə yenə erməniəsilli Kaspar Karapetyan seçilib. Brüsseldə yaşayan 80 yaşlı bu şəxsin adı çirkli pulların yuyulması, şübhəli maliyyə əməliyyatlarından tutmuş müxtəlif neqativ məsələlərdə çəkilir. Onun Yunanıstan vətəndaşı olmasına baxmayaraq, öz fəaliyyəti üçün Avropa siyasətinin mərkəzi olan Brüsseli seçməsi də təsadüfi deyil. Ermənilərin Qərb dünyasındakı “kassası” rolunu oynayan bu adamın adı Avropa Parlamenti tarixinin bəlkə də ən qalmaqallı korrupsiya faktında çəkilir. Uzun illər amerikalı senatorlarla, qərbli parlamentarilərlə görüşlər keçirib, bu görüşlərdən dərhal sonra işğal altında olan Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlərin təşkilatçısı olub.

Azərbaycanın Qarabağda qazandığı böyük zəfərdən sonra Karapetyan “bəlkə də qaytardılar” ümidi ilə qabağa düşüb. Hətta bir dəfə etiraf edib ki, erməni diasporunun fəaliyyəti üçün bir gecədə 3 milyon 800 min avro vəsait toplayıb. Bu “transmilli cinayətkar” həm də bir çox bölgələrdə silah və narkotik ticarəti ilə məşğuldur. Bir çox hesabatlarda K.Karapetyanın biznesinin məhz narkotik üzərində qurulduğu əks olunub. Avropa Parlamentinin deputatlarına verilən rüşvətin mənbəyi də odur. Ona görə də Azərbaycanın bu cür cinayətkar qrupların felinə düşən Aİ-dən ədalətli mövqe gözləməyinə dəyməz.

İki il bundan əvvəl Avropa Parlamentində baş verən korrupsiya qalmaqalında adıkeçən qurumun sədr müavini, yunan mənşəli Yeva Kailinin də Karapetyanla sıx əlaqələri var idi. Keçmiş vitse-prezidentin erməni lobbisinin “dirijor çubuğu” ilə fəaliyyət göstərdiyini təsdiqləyən faktlar var. Kaspar Karapetyan brilyant biznesindən qazandığı çirkli pullarla Avropa Parlamentinin deputatlarını yemləyib. İndi bunlar durub ədalətdən, Qarabağdan könüllü çıxan ermənilərin hüquqlarının qorunmasından dəm vurur.

Digər bir məsələ ondan ibarətdir ki, Kaspar Karapetyanın sədri olduğu Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası (EAFJD) Avropa İttifaqı-Ermənistan dostluq qrupu ilə sıx bağlıdır. K.Karapetyan Avropa Parlamentinin bir sıra deputatlarını sözün əsl mənasında lobbi tərəfindən idarə edildiyinə dair təkzibolunmaz faktlar var. Görünür, Karapetyanın qazandığı çirkli pullar bəzi deputatların gözlərini qamaşdırır.

Odur ki, Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur.

K.Karapetyanın digər fəaliyyəti ekstremist yunan və erməni təşkilatlarında fəal iştirakı ilə bağlıdır. Gəncliyini erməni terrorizminin qalası hesab olunan Beyrutda keçirən bu şəxsin ASALA terror təşkilatı ilə yaxın münasibətləri olub. Onun səsi tez-tez Yaxın Şərq ölkələrindən, Pakistandan, ən qızğın münaqişə ocaqlarından gəlib. Qısası, Karapetyan hər zaman “şeytanın barmağı” rolunda olub. Təsadüfi deyil ki, Yunanıstanda anadan olan bu şəxsin üç vətəndaşlığı var - Yunanıstan, Lüksemburq və Ermənistan.

Beləliklə, qeyd olunan faktlar bir daha göstərir ki, Qərb üçün əsas dəyər heç də xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması deyil. Avropa Parlamentinin Azərbaycanla bağlı səs verdiyi son kağız parçası da bunun təsdiqdir. Populizm və demaqogiyanı əlində rəhbər tutan, sülhə və sabitliyə xidmət etməyən sənədləri, açıqlamaları dövriyyəyə buraxmaqla özlərinə siyasi kapital qazanmağa çalışan avropalı siyasətçilər müəyyən dairələrin onlar üçün nəzərdə tutduğu “alət” rolunu inamla oynamaqda israrlıdırlar. Ermənistanın rəsmi bəyanatları ilə eynilik təşkil edən həmin məqamlara nəzər yetirdikdə bu sənədin də erməni lobbisinin təsiri və diktəsi altında hazırlandığı özünü aydın şəkildə büruzə verir.

“Report” İnformasiya Agentliyi