Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xarici siyasətdə məharətlə tarazlıq saxlayır, hamını razı salmağa çalışır. Ölkə Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyir, eyni zamanda paralel idxalı qurmaqla onlardan yan keçməyə çalışır.
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Mərkəzi Asiya regionu əksər dövlətlərin diqqət mərkəzindədir. Regiona yaxın və uzaq xarici ölkələrindən səfərlərin ardı-arası kəsilmir. Bölgədə onun karbohidrogen ehtiyatları uğrunda mübarizə start götürüb. Xarici ölkələrin hədəfləri bəllidir, nəyin bahasına olursa-olsun Rusiyanı, hətta Çini bölgədən sıxışdırıb çıxarmaq. Rusiya isə əksinə, regionu öz orbitində saxlamağa çalışır. Ukraynada müharibə başladıqdan sonra Moskvaya münasibət bir qədər fərqlənir. Kremlə qarşı tətbiq olunan sanksiyalar Mərkəzi Asiya ölkələrini çətin duruma salıb.
Putinin Qazaxıstana qəfil səfəri müzakirə mövzusudur
Bütün bunların fonunda Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfər etməklə çoxsaylı müzakirələrə səbəb olub. O, uzun illərdir ki, bu ölkəyə səfər etmirdi. Son vaxtlar çox nadir hallarda xarici ölkələrə gedən Putinin bu səfəri Fransa Prezidenti Emmanuel Makronun Mərkəzi Asiya səfərindən, eləcə də Türk Dövlətləri Təşkilatının, əsasən hərbi əməkdaşlığın müzakirə edildiyi sammitindən bir neçə gün sonra baş tutub. Son illər qazax lideri Qərbə yönəlik uğurlu gedişləri ilə seçilir, Fransa prezidentini qəbul edir, ölkəsinin Rusiyaya qarşı sanksiyaları dəstəkləyəcəyini bəyan edir. Prezident Kasım-Jomart Tokayev açıq şəkildə bəyan edib ki, qondarma Donetsk və Luqansk respublikalarını tanımayacaqlar. Çox güman ki, Putinin qəfil səfəri də bu və digər narahatlıqlardan irəli gəlir. Səfər zamanı ikitərəfli münasibətlərin pik həddə çatdığı, ölkələr arasında əməkdaşlığa problem yaradacaq heç bir qüvvənin olmadığı xüsusi vurğulansa da, reallıq heç də belə deyil.
Qazaxıstan Qərb dünyası ilə hərtərəfli münasibətləri inkişaf etdirməkdədir. Bu baxımdan hesab etmək olar ki, Rusiya lideri bu səfərində istədiyinə nail ola bilməyib. Bunu sübut edən tək bir fakt - səfərdən az sonra Qazaxıstanda Rusiyanın ən böyük təbliğat vasitələrindən birinin fəaliyyətinə xitam verilib.
Bloklanan rus kanalları
Qazaxıstan hakimiyyəti səfərdən az sonra ölkə ərazisində Rusiyanın “Sputnik24” saytını bloklamaq qərarına gəlib. Bildirilib ki, bloklama yerli hakimiyyət orqanları tərəfindən respublika ərazisində lisenziyasız şərti giriş kartları və avadanlıqları haqqında məlumatların yayılması ilə əlaqədar həyata keçirilib. Qeyd edilir ki, “Sputnik24” saytı “Rossiya 1”, “Rossiya 24”, Birinci Kanal, NTV və “Russia Today” kanallarına baxışı təmin edirdi. Bundan əvvəl Qazaxıstanda bir sıra internet resurslarının bloklanması ilə bağlı qərarlar qəbul edilib. Bu sırada Rusiyanın “Tsargrad” telekanalının saytı da olub. Sayt “ekstremizmin təbliğatına” görə bloklanıb. Qazaxıstanın informasiya naziri Darxan Kıdırali Rusiyanın “Tsarqrad” telekanalının saytının informasiya təhlükəsizliyi ilə bağlı bloklandığını bildirib.
Astana balansı ustalıqla qoruyur
Rus mediasında dərc olunan məqalələrdə vurğulanır ki, Rusiya ilə Qazaxıstan arasında dostluq və etimad dövrü keçmişdə qalıb. Tokayev məharətlə tarazlıq saxlayır, hamını razı salmağa çalışır - Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyir, eyni zamanda paralel idxalı qurmaqla onlardan yan keçməyə gizli köməklik göstərir. Rusiyayönümlü siyasilərin qənaətincə, indi Tokayev üçün əsas olan Qərbi razı salmaqdır. Rusiya prezidenti ilə keçirilən son görüş də Qazaxıstanın hansı tərəfdə olduğunu açıq şəkildə nümayiş etdirib. Ölkələr arasında münasibətlər indi son dərəcə qeyri-müəyyəndir. Tokayev bu yaxınlarda Rusiya və Ukrayna arasındakı münaqişədən danışıb, lakin bunu çox diqqətlə edib və “bütün ölkələrin ərazi bütövlüyünü” dəstəkləməyin zəruriliyindən danışıb. Bu, Qazaxıstanın Rusiyanın hərəkətlərini pislədiyinə işarədir.
Tokayev açıq-aydın Moskvanın təsirindən çıxmağa çalışır. Ölkədə demək olar ki, bütün məmurlar rus dilində danışsalar da, prezident qazax dilində danışmağa qərar verib.
Mərkəzi Asiya niyə önəmlidir?
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qazaxıstan ABŞ və Norveçdən sonra Avropanı yanacaqla təmin edən üçüncü ixracatçıya çevrilib. Bundan əlavə, Qazaxıstan dünyanın ən zəngin uran ölkəsidir. Uran Avropanın enerji bazarında xüsusi rol oynayır. ABŞ Prezidenti Cozef Baydenin bu ilin sentyabrında tarixdə ilk dəfə Mərkəzi Asiya dövlətlərinin liderləri ilə Vaşinqtonda forum təşkil etməsi bu regionun Ağ Ev üçün də xüsusi əhəmiyyət daşıdığını göstərdi. Bayden “C5+1” adı verilən görüşü “illərdir qurulan yaxın əlaqələr üçün tarixi an” adlandırmışdı. Enerji ehtiyacının 60 faizini Atom Elektrik Stansiyaları hesabına təmin edən Fransa üçün Qazaxıstanın əhəmiyyəti həm də bu ölkənin uranla zəngin olması ilə əlaqəlidir. İllərdir ki, Fransa urana olan ehtiyacının böyük hissəsini Qazaxıstanın hesabına ödəyir. “Uranla zəngin olan və Fransanı təmin edən ikinci ölkə Nigerdə baş vermiş hərbi çevrilişdən sonra rəsmi Paris üçün Qazaxıstanın önəmi daha da artıb”, - deyə BBC yazır. Fransanın Qazaxıstanla yaxınlaşması fonunda Rusiyaya yönəlik verdiyi mesajları əsas gətirən BBC Kreml rəhbərinin Astana səfərini Avropa İttifaqının Mərkəzi Asiyada nüfuzunun güclənməsindən narahat olması ilə əlaqələndirir.
Görünən odur ki, Qazaxıstan yaxın perspektivdə Rusiyanın xüsusi narahatlıq keçirəcəyi bölgələrdən biri olacaq.