Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Ulu Öndər Heydər Əliyevin dinə, islam dininə və dəyərlərinə qayğısı dövlətçiliyin təzahürü kimi
Ulu Öndər islam dinini Azərbaycan xalqının milli-mənəvi sərvəti hesab edirdi. Ulu Öndər çıxışlarının birində demişdir: "İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dəyərləri - hamısı birlikdə bizim milli sərvətimizdir... Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır. Biz, bizim nəsil, hamımız birlikdə-indi yaşayan insanlar xoşbəxtdirlər ki, bu günə gəlib çatmışıq, bizim müstəqil ölkəmiz, müstəqil dövlətimiz var, öz taleyimizin sahibiyik, dini, mənəvi, milli adət-ənənələrimizi bərpa etmişik və daha da geniş təbliğ edirik. "
Bu gün Azərbaycan öz sivilizasiyalı inkişafı üçün dünyəvi dövlət quruculuğu yolunu seçmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişaf yolunu belə səciyyələndirir: "Ümumiyyətlə, bilin, biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu, müstəqil Azərbaycanın gələcək yolunun ana xəttidir, indiki ifadə ilə desək, strateji yolumuzdur. Çünki bu, xalqımızın gələcəyi üçün ən düzgün və xalqımızı səadətə aparan ən ağıllı yoldur. Biz bu yolu seçmişik və bu yolla gedirik." Bu, hər şeydən əvvəl Azərbaycanda dövlətin dindən ayrı olduğunu nəzərdə tutur. Lakin vətəndaş, bütövlükdə isə millət dindən ayrı deyildir.
Rafiq Əliyevin fikrincə, müstəqil Azərbaycanın tutduğu bu yol millətin özünü dərindən dərk etməsini tələb edir, milli özünüdərk isə öz növbəsində, millətin ictimai fikrinə, fəlsəfəsinə, adət-ənənələrinə müraciət edilməsini labüd edir, çünki burada bir tərəfdən milli substansiyanın-zatın özünüdərki, təcrübəsi, digər tərəfdən isə bu zatın nisbətən güclü və aydın mənəvi təzahürləri cəm olmuşdur. Hazırda Azərbaycanın ictimai həyatında iki başlıca kommunist ideya-dünyəvi-milli azərbaycançılıq ideyası ilə dini- islamçılıq ideyası üstünlük təşkil edir və bu ideyalardan hər biri getdikcə öz sosial bazasını gücləndirir. Liberal müasirlik ideyası kommunalist ideya deyildir.
R.Əliyevin fikrincə, müstəqillik ərəfəsində və müstəqillik dövründə Azərbaycanda da millət ideyası dirçəlmişdir. Milli birlik, dünyəvilik, müasirlik, avropalaşma və tərəqqi ideyalarını rəhbər tutan milli-dövlətçilik ideologiyası siyasi nəzəriyyə və siyasət kimi hegemondur. Dini-islamçılıq ideyası güclü təsirə malikdir, insanları öz ətrafında birləşdirə bilir. Doğrudur, sovet dövrü ateist təbliğatının təsiri altında azərbaycanlıların bir neçə nəslini öz dini ənənələri haqqında real bilik və təsəvvürləri xeyli zəifləmişdir, yəni hazırda Azərbaycan müsəlmanlarının çoxu müsəlmanlıqlarını yalnız məişət səviyyəsində qoruyub saxlamışlar. Qurani-Kərimi, şəriəti, hədisi, fiqhi kifayət qədər bilmirlər, onların islam ilahiyyətinin əsasları və islamın Allaha ibadətə dair hökmləri haqqında məlumatları səthidir. Lakin bütövlükdə islam və onunla bağlı adət-ənənələr özgünlüyünü müəyyən dərəcədə saxlaya bilmişdir.
Müxtəlif mənbələrdən qidalandıqlarını görə, həmçinin, ictimai şüurun və sosial psixologiyanın ayrı-ayrı sahələrinə yönəlmiş olduqları üçün milli ideya ilə dini ideyanın birləşməsindən söhbət gedə bilməz. Siyasi nəzəriyyə və siyasət səviyyəsində də bu iki muxtar ideya bir-birini istisna edir. Azərbaycanın nümunəsində Ulu Öndər Heydər Əliyev 1997-ci il avqustun 4-də Çikaqoda Amerikadakı Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələri ilə görüşündə söylədiyi nitqdə bu məsələni belə açıqlamışdır: "Ölkədə demokratik, dünyəvi cəmiyyət yaradırıq. Biz islam dininə mənsubuq. Amma dinin ölkəmizdə hakim olmasına yol verə bilmərik." Bu konseptual fikirdə dinə demokratik, dünyəvi dövlətçilik mövqeyindən münasibət bildirilir. Konstitusiyaya əsasən, Azərbaycanda dövlət dindən ayrıdır. Lakin intellektual-ruhi və ideoloji komplekslər kimi milli ideya ilə dini ideya labüd olaraq üst-üstə düşür, çarpazlaşırlar. Çoxmillətli və çoxkonfessiyalı bir dövlət kimi Azərbaycan Respublikasında həmin ideyaların xalqın ümumi mənafeyi naminə yaxınlığı, müəyyən hüdudlar daxilində əməkdaşlığı və bir-birindən qarşılıqlı səmərəli surətdə faydalanması mümkün və labüddür.
Məhz bu səbəbdən dövlət daima sübuta yetirməyə çalışır ki, onun götürdüyü dünyəvi inkişaf yönümü dinlə mənəviyyat sahəsində əməkdaşlığı istisna etmir. Prezident Heydər Əliyevin çıxışlarında belə bir fikir dəfələrlə və xüsusi vurğu ilə vurğulanır ki, islam əsrlər boyu Azərbaycan xalqının mənəviyyatının əsasını təşkil etmişdir və bu gün də Quranın hökm və göstərişləri, əmr və qadağanları Azərbaycan müsəlmanlarının Allahın müəyyən etdiyi yol ilə getmələri üçün məşəldir, dövlət müstəqilliyini əldə etmiş Azərbaycan bu yolla gedir və gedəcəkdir.
Keçid dövrü ilə bağlı mövcud şəraitin spesifikliyini nəzərə alan Prezident belə hesab edir: "Biz demokratik, dünyəvi, sivilzasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumibəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dinimizdən, dini adət-ənənələrimizdən ayrıla bilmərik və imtina da edə bilmərik." Xalqın əsrlər boyu yaratdığı ədət-ənənələr cəmiyyətin sosial özünütənzimləmə sistemində mühüm yer tutur. Cəmiyyət adət-ənənələrsiz yaşaya bilməz. Deməli, dini adət-ənənələrsiz yaşaya bilməz. Belə məlum olur ki, dini adət-ənənələrdən də imtina etmək mümkün deyildir. Həqiqətən, Azərbaycanın milli-dövlət müstəqilliyi mədəni, dini adət-ənənələrin bərpasına münasib şərait yaratmışdır. Bu şəraitin möhkəmlənməsi dövlətin din məsələsində siyasətinin əsas xəttini təşkil edir.
R.Əliyev göstərir ki, hər şeydən əvvəl müstəqillik şəraitində adət-ənənələrə şüurlu varislik münasibəti təbliğ edilməlidir. Bu zaman əsas meyar kimi adət-ənənələrin sosial-mənəvi potensialı açıqlanmalıdır. Şüurlu varislik münasibəti yüksək mədəniyyət səviyyəsinin olmasını şərtləndirir. Yüksək mədəniyyət səviyyəsinə malik olmadan mədəni irsə, dini adət-ənənələrə, mənəvi dəyərlərə münasibət məsələsinin özünün belə qoyulması mənasını itirir. Mədəniyyət özünün çoxcəhətliliyi və ziddiyyətliliyində xalqın humanist sosial ideal və dəyərlərin təşəkkülü və inkişaf uğrunda mürəkkəb mübarizə təcrübəsini qoruyub saxlayır və yaşadır. Xalqın tarixi yaddaşı mədəniyyət yaradıcılığının və bütövlükdə mənəviyyatın mühüm şərtidir. Odur ki, Prezident Heydər Əliyev demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində islamın, islamla bağlı adət-ənənələrin saxlanılmasında heç bir ziddiyyət görmür, əksinə, çox qarşılıqlı münasibətlərin mövcudluğunu qeyd edir və deyir: "Burada ziddiyyət yoxdur... Dinimizin bizə tövsiyə etdiyi və qoyduğu bütün adət-ənənələrdən səmərəli surətdə, həyatımızı daha da inkişaf etdirmək üçün istifadə etməliyik."
Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, indi isə müstəqil Azərbaycan Respublikası, islama etiqad edən azərbaycanlılar müsəlman aləminin və ümmətinin tərkib hissəsidir. Bu da əsrlər boyu yaşamış və bizim üçün böyük dayaq olan milli, dini, mənəvi ənənələrimizin bərpa və inkişafının, möhkəmlənməsinin təzahürüdür.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il fevralın 2-də Azərbaycan Gəncləri Gününün ilk ildönümü münasibətilə Bakı İdman Oyunları sarayında keçirilmiş bədii-idman bayramında söylədiyi nitqində gənclərimizə belə tövsiyə edilir: "Hər bir gənc öz kökünə sadiq olmalıdır, milli kökünə, mənəvi kökünə sadiq olmalıdır. Bizim o kökümüz çox sağlam kökdür və biz onunla fəxr edə bilərik. Hər bir gəncin həyatda uğurla yaşaması üçün kökünə sadiqliyi ən əsas amildir... Eyni zamanda, ümumbəşəri, dünyəvi dəyərlərdən səmərəli istifadə etmək, onları öz mənəvi dəyərlərimizlə birləşdirmək və xalqımızın mənəviyyatını zənginləşdirmək bizim əsas vəzifələrimizdən biridir. Bunların hamısını bilmək, bu vəzifələri ağılla, zəka ilə həyata keçirmək lazımdır. Bax, buna görə də bizim milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlərlə sintezi, birləşdirilməsi xalqımızın mənəviyyatını zənginləşdirib və bundan sonra da zənginləşdirəcəkdir. Bu, gələcək üçün bizim strateji yolumuzdur."
Ulu Öndər Heydər Əliyevin çıxış və nitqlərində hər şeydən əvvəl Azərbaycanda etiqad azadlığının təmin edilməsinə xüsusi diqqət yetirilir. O tez-tez Azərbaycanda hər bir insanın sərbəst olaraq özünə əqidə seçməsinə, öz adət-ənənələrinə azad əməl edə bilməsinə şərait yaradılmasının zəruriliyini qeyd edir.
Ulu Öndər Heydər Əliyev deyirdi ki: "İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda da müsəlmanlarla yanaşı başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-Taalanın buyuruğu, bizim yolumuzdur."
Hacı Rza Salmanov
Abşeron rayonu Digah qəsəbə Cümə məscidinin imamı