DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
MƏMMƏD ARAZ - 90
14 oktyabr - Xalq şairi Məmməd Arazın mövlud günüdür. Könlü Vətən torpağını vəsf eləyərək Azərbaycan dünyasından dünyaya baxan əbədiyaşar-müqtədir Şairimizin ruhuna salam olsun!
Ustadın işıqlı xatirəsini sağlığında yazdığım “Təzələnir söz qatı” adlı ithaf şeirim və vəfatından təsirlənərək qələmə aldlığım nekroloq səciyyəli “Söz kəhkəşaninda poeziya bürcü” düşüncələrimin aynasıda ehtiramla yad edirəm.
----------------------------------------------------------------------
SÖZ KƏHKƏŞANINDA POEZİYA BÜRCÜ
Yolum demək olar ki, hər gün “Zabitlər bağı"ndan keçir. Redaksiyamız bu bağın həndəvərində olduğundan əsas gediş-gəlişim də bura təsadüf edir. Bağda gövdəsi yarı yanmış, oyuğu kömürləşən bir tut ağacı var, yanından etinasız ötə bilmirəm. “Əmi” deyə müraciət etdiyimiz bənzərsiz şair Məmməd Arazla bağlı bir xatirə tilsimləyir burdan keçəndə məni.
...Məmməd Arazın solğun, lakin nurani çöhrəsində xəfif bir təbəssüm var idi. Baharın nisan ayının həlimliyi deyəsən, bir az da həlimləşdirmiş, kövrəltmiş, duyğulandırmışdı şairi. Əlindəki əsaya dirsəklənib oyuğu kömürləşən ağaca heyran-heyran tamaş edirdi. (Görən, Məmməd əmi nələr düşünürdü, ilahi?!) Şairin necə deyərlər, “canlı əsası” – daim qayğısını çəkən, “Dədə” deyə müraciət edən Mais dostumuz isə nədənsə şairdən aralı dayanıb fikrə getmişdi. Bəlkə də, şairi düşüncələrindən ayırmaq, “tənhalığına” mane olmaq istəmidi... Məmməd Arazın nəzər - diqqəti tut ağacının “qaysaqlanmış yarasında” idi. Kənardan xeyli seyr etdim şairin bu halətini. Handan-hana yaxınlaşıb ziyarət etdim... Baxışlarında bir nisgil var idi şairin... Baharın cilvəli çağında yaşıllığa bürünmüş bu guşədə görən, niyə məhz bu “yaralı” tut ağacının seyrinə dalmışdı?..
Bəlkə, öz taleyinin oxşarlığını təbiətdə sonuncu dəfə seyr etdiyindən, ömrünün sonuncu ilinə düşən bu baharla vidalaşması idi?.. Bəlkə, onun üçün bu baharın sonuncu olması dammışdı ürəyinə...
...Məmməd Araz ömrünün 72-ci ilində (1 dekabr 2004-cü il) dünyasını dəyişdi. Məmməd Araz dünyası isə əbədidir, dəyişməzdir. Nə qədər ki, ruhumuzun təsəllisi, mənəvi dünyamızın aynası olan poeziya duyğulara sığal çəkirsə, Məmməd Araz ədəbi irsi də zamandan asılı olmayaraq ürəkləri riqqətə gətirəcək, hər nəsil öz ruhunda yaşadacaq və yaşayacaq Məmməd Araz dünyasını.
Şərqin böyük mütəfəkkirlərindən olan Cəlaləddin Rumi demişkən: “Ölümümüzdən sonra məzarımızı yerdə arama,ariflərin könlündədir könlümüz”.
Məmməd Araz haqq nuruna boyanan haqq şairi idi.
Müqəddəs Kitabımız Qurani- Kərimdə deyilir: “...Şairlərə sapmışlar, pərəstişkar adamlar tabe olarlar. Məgər görməmisənmi bir söz vadisindən o birisinə keçərkən necə hədlərini aşırlar. ( nə həcv, nə də mədhiyyə qoşmaqda sərhəd gözləmirlər) Eləmədiklərini “eləmişik” deyərlər. Ancaq başqa şairlər də var bunlardan deyil onlar. O şairlər ki, iman gətiriblər, saleh işlər görüblər. Alahı tez-tez anıblar, zülm çəkəndən sonra uğur qazanıblar”. (Qurani- Kərim, Şuarə surəsi, ayə 224-227)
Məmməd Araz iman gətirən şairlərdəndir. Ömrü boyu mədhiyyədən uzaq olan şair yazır:
Xəzəli pul olan bağın
Bağbanından qəpik çıxmaz.
Bardan-bara salam görən
Əriyindən ərik çıxmaz.
Dərd dərədi, dərə mindi,
Çəyirtkələr dəvə mindi,
Dövşanlıq ki dəbə mindi,
Göy talaya əlik çıxmaz.
Zaman çeynər yeyin-yeyin;
Yavanlıqdı yavan-yeyin .
Yüz də deyin, min də deyin,
İsmi dönük dönük çıxmaz.
Məmməd Araz haqqında müxtəlif səviyyələrdə dəyərli fikirlər söylənib . Hər biri də öz tutumu, deyim tərzi, sanbalı ilə diqqət çəkəndir. Lakin bu poetik dünyanın incəliklərini, onu yaradan qələm sahibinin məziyyətləri ilə küll halında, həmahəng əks etdirən fikirər, zənnimcə, daha tutarlı, daha önəmlidir.
Xalq şairi Sabir Rüstəmxanlının bir fikrini xatırladım: “Qüdrətli bir müğənni üçün pərdələrdə gəzənək nə qədər adi bir işdirsə, Məmməd Araz üçün də dilin zilinə qalxmaq, bəminə enmək o qədər asandır.
Məmməd Araz şeiri-sözün ictimai gücə çevrilmək nümunəsidir.
...Məmməd Araz şeiri təzə qan kimi oxucuların damrına vurulur.”
Telejurnalist Mirşahin Ağayev Məmməd Arazın dəfn mərasimindən sonra maraqlı bir fikir söylədi: “Məmməd Araz poeziyamızın Ətağasıdır...” Düşündürücü fikirdir: Şəfaətini Mirmövsüm (Ətağa) ağada görən kəs təbii ki, Ağanı vasitəçi, Yaradanı şəfaətçi bilərək, üz tutur... Bu, bir inancdır.
Fiziki qüsurla, mənən kamil yaşayıb dünyasını dəyişən Ağadan diləmək, ona beyət etməkdir. Bu müqayisə Məmməd Araz poeziyasına, şəxsiyyəinə, xalqın öz şairinə inancının, rəğbətinin obrazlı ifadəsidir.
Şair “Vəsiyyət” şeirində yazır:
Qara cilddə çap eləyin kitabımı
Məndən sonra.
Qara cilddə.
Tünd qara.
Qoy qara kağızım olsun
O kitab dostlara, tanışlara.
Mən o rəngi sevərdim;
Boynu bükülü dərdim,
Pardaxlı sevincim
O rəngdə geyinərdi.
Mən o rəngi sevərdim.
O rəngdəydi varaqlarda
Fikrimin yazı geyimi...
O rəngə hörmətimdir,
Şəvəgözlülər, qarabuğdayılar.
O rəngli kirpiklərin kölgəsində
Əksim yaşardı.
O rəngin bir ev dolusunda
Vəslim yaşardı.
O rəngin ən durusu,
Safıdır
Məni oxşayan ağılar.
Qızlarımın gözündə
O rəngin özü ağlar.
Qara cilddə çap eləyin kitabımı,
Məndən sonra
Tünd qara.
Fəqət soy - adımı
Süd rəngiylə həkk edin ora.
Daha nə deyim,
Qoy mən
Qara torpaq üstündə
Üfüqə doğru gedən
Ağ yola bənzəyim.
Qara torpaq üstündə üfüqə doğru gedən ağ yola dönmüş Məmməd Araz poeziyasının məziyyətləri haqqında hələ çox fikirlər söylənəcək və yazılacaq. Mən sadəcə olaraq dəryadan damla timsalında bir məqamı qeyd etmək istəyirəm. Məmməd Araz poeziyasında mövzu zənginliyi vahid struktur bütövlüyünə köklənir. Bu bütövlük şairin “ mizan-tərəzisinin“ haqq pərsəngində olması ilə şərtlənir. Oxucunu psixoloji ətalətdən silkindirir, öz poetk kredosunu - məslək kredosunu aşılayır. Məmməd Araz poeziyası Ulu Sözün poetik məqamında bizi duyğuların zirvəsinə ucaldan bənzərsiz bir dünyadır. Bu dünyanı yaradan şair özü isə dünyaya Azərbaycan dünyasından baxır:
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbayan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxır dünyaya.
Baxır söz-zöz, misra-misra Azərbaycan xalqının müqtədir oğlu, Xalq şairi. ( təkcə fərmanla verilən təltiflə, fəxri adla deyil, sözün müstəqim mənasında da xalq şairi) “Ayağa dur, Azərbaycan!” çağırışı, himni ilə baxır Azərbycana ölməz söz sərkərdəsi.
Nə yatmısan, qoca vulkan, səninləyəm,
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik.
Səndən qeyri biz hamımız ölə billik!
Bədi fikir daşıyıcılarından olan İ.Y. Frankonun “ Böyük şairlər xalqın vicdanıdır” deyimi unudulmaz ədəbi sima olan Məmməd Araz şəxsiyyətinin və şeiriyyətinin boyuna biçiilb. Şeiriyyəti duyğularıma məhrəm və məlhəm olan Məmməd Arazın dünyaya “özü kimi” sığal çəkən söz qatına yenməyə çalışıram. Çağdaş ədəbiyyatımızın - söz kəhkəşanımızın poeziya bürcü haqqında vaxtilə (1994) yazdığım “Təzələnir söz qatı “ adlı şeirim Ustadı anım məqamı ilə yaddaşımda bir daha misra-misra yarpaqlanır:
Zaman məkan üstündə çapırdır öz atını,
Dolayıb biləyinə dünyanın damarını.
Məmməd Araz kəlməsi təzələr söz qatını,
Dünyaya özü kimi çəkəndə tumarını.
Aqil sözü-haqq sözü, haqqın olar bir üzü,
“Ağızda dil sümüksüz, amma sümük sındırar”.
Görəndə bir biçimdə naşı əyriylə düzü,
Kor gözlərə şairin sözü çıraq yandırar.
Dünya dəyirman daşı, hərləndikcə hikkəli,
Üyütsə neçə kərə, unu olmaz kəpəksiz.
“Bir zərrənin işığı milyonlara şərikli”,
Nə qədər ki, işıq var, olmayacaq şəriksiz.
“Dünya sənin” deyəndə, dünya mənim deyənlər
Yanıldı gümanında duyğusuz, daş ürəklər.
Dünyanı evi bilsə bu dünyaya gələnlər,
Dünyamızı bəzəyər, açar güllər-çiçəklər.
O “iti bazarında atından baha dünya”
“...Taleyin oyununda” neçə kərə kəm oldu.
Arazın axarını kəsdi “xırsız əjdaha”,
Ürəklər qübarlandı, gözün payı nəm oldu.
Misqal-misqal o nəmi ürəyinin istisi
Qurutmağa çalışdı, özü yandı, alışdı.
Araz keçdi özündən, doğdu coşmaq həvəsi,
Qovuşdular - gur Araz nur Araza qarışdı...
Tapdıq ƏLİBƏYLİ