Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Arqumentləşdirilmiş və məntiqli addım: Makron-Şolts cütlüyü üçün tərs şillə - “KASPİ”nin TƏHLİLİ
Azərbaycan Qranadada planlaşdırılan görüşdən imtina etməklə bir daha güc mərkəzlərinin milli maraqlarımıza zidd kaprizləri ilə hesablaşmaq məcburiyyətində qalan dövlət olmadığını nümayiş etdirdi. Bu reallığı Qərbdə nə qədər tez qəbul etsələr, himayə etdikləri Ermənistana bir o qədər kömək etmiş olarlar.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Prezident İlham Əliyevin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilməli olan beştərəfli görüşdən (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) imtinası özlərini vasitəçi qismində təqdim edən tərəflərin konstruktivlikdən uzaq davranışlarına effektiv cavab oldu. Fransa, ardınca isə Almaniyanın kontinental Avropanın iqtisadi və siyasi liderləri statusundan istifadə edərək Azərbaycana təzyiq cəhdləri nəticəsiz qaldı. Azərbaycan bir daha güc mərkəzlərinin milli maraqlarımıza zidd kaprizləri ilə hesablaşmaq məcburiyyətində qalan dövlət olmadığını nümayiş etdirdi. Bu reallığı Qərbdə nə qədər tez qəbul etsələr, himayə etdikləri Ermənistana bir o qədər kömək etmiş olarlar. Görünür, Makron Fransası və Merkeldən fərqli olaraq Şolts Almaniyası nə son 30 ildən, nə də xüsusilə 2020-ci ildən bu yana baş verən dəyişikliklərdən lazımi dərsi çıxara bilməyiblər.
Azərbaycan haqlı tələbinin icrasına nail oldu
Dövlət başçısının görüşdən imtinasının arqumentlərşdirilmiş və məntiqli addım olduğu dərhal büruzə verildi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini oktyabrın sonunda danışıqlar üçün Brüsselə dəvət etdi. Qranada sammitində az qala təşkilatçıların texniki heyəti ilə də görüşmək üçün qapı-qapı gəzən Ermənistanın baş nazirindən fərqli olaraq, Bakıda tələsik qərarlar verməyi sevmirlər. Mişelin dəvəti həm Qranadada, həm də görüş ərəfəsində onun verdiyi gözlənilməz və qeyri-adekvat bəyanatları da nəzərə alınmaqla ciddi analiz ediləcək. Ancaq Azərbaycanın haqlı tələbinə nail olduğu artıq indidən məlumdur. Birincisi, liderlərin görüşü yenidən əvvəlki ədalətli formatına qayıdır, yəni müzakirələr yalnız Aİ-nin moderatorluğu ilə aparılacaq. Əks halda danışıqlara Türkiyə də qoşulmalıdır. İkincisi, Fransa və Almaniyanın eqosentrik siyasəti Azərbaycanla keçmir və onlar bunu qəbul etməyə məcburdurlar.
Prezident İlham Əliyevin imtinasından dərhal sonra köməkçisi Hikmət Hacıyevin Bakının “beşli” formatda deyil, müzakirələrin Mişelin vasitəçiliyi çərçivələrinə qayıtması təqdirində görüşlərə razılıq verəcəyini bildirməsi Makron-Şolts cütlüyü üçün tərs şillə oldu. Avropanın bu tələblə dərhal razılaşması və Makronun sonradan “biz istəyirik yaxşı olsun” məzmunlu bəyanatı düşdükləri pat vəziyyətindən çıxış cəhdi kimi dəyərləndirilməlidir. Sammitin gedişatında Şoltsun Prezident İlham Əliyevə zəng etməsi isə “mənlik deyil, Makronun işləridir” üzrxahlığı idi.
Ermənistan fransızların özünəməxsus eqoizminin bəlasına düşüb
Ermənistan fransızların özünəməxsus eqoizminin bəlasına düşüb. Müstəmləkələri ilə yuxarıdan aşağı davranışlara adət etmiş Paris hələ də anlamır ki, Azərbaycan onun əsrlərlə taladığı Afrika ölkələrindən deyil. Bu gün rəsmi Bakı nəinki Parisə etiraz etmək, hətta fransızların onilliklər boyu müstəmləkələrində törətdiyi cinayətlərə görə beynəlxalq ictimaiyyət qarşısında cavab verməli olduğunu ən yüksək tribunalardan tələb formasında səsləndirmək iqtidarında olan yetkin dövlətdir. Azərbaycanın sabit xarici siyasət kursu, ciddi müttəfiqləri var və ona qarşı hər hansı təzyiq cəhdləri daha tutarlı əks-cavaba səbəb olur. Həm Fransa, həm də Almaniya Türkiyənin görüşdə iştirak etməsindən nə qədər çəkindiklərini göstərməklə acizliklərini büruzə vermiş oldular. Çünki onlar Ermənistanı tapdağa çevirməklə geosiyasi hədəfllərini güdürlərsə, Türkiyə-Azərbaycan müttəfiqliyi anlamaq iqtidarında olmadıqları tarix və reallıqlar üzərində qurulub.
Fransa liderlərinin Azərbaycana qarşı açıq qərəzi, Parisin İrəvanı silahlandırmaq perspektivi, bu avantüraya qəflətən Almaniyanın da qatılmasının hesablanmış, amma sonadək hesablanmamış geosiyasi hədəfləri var. Bir tərəfdən Rusiyanın zəiflədilməsindən istifadə edib regionda möhkəmlənmək, digər tərəfdən isə bölgədə ənənəvi və daha təsirli rıçaqlara malik anqlosaks istiqamətinə şərik çıxmaq cəhdi. Görünür, nə Makron, nə də Şolts geosiyasi seysmikliyi hansı dərəcədə təhlükəli həddə çatdırdıqlarının və bunun Ermənistana nələrin hesabına başa gələcəyinin məsuliyyətini dərk etməyiblər.
Avropa Parlamentinin qərəzli və macəraçı qətnaməsi
Qranada görüşü ilə eyni vaxtda Avropa Parlamentində Azərbaycana qarşı qərəzli və eyni zamanda macəraçı qətnamənin qəbuluna da eyni kontekstdən yanaşmaq lazımdır. Hətta tarixlərin eyni günə, eyni saata “təsadüf” etməsi “qoca qitə”nin Bakıya qarşı təzyiq kampaniyasının mərkəzləşdirilmiş proses olduğunu göstərir. Prezident İlham Əliyevin İspaniyaya getməməsi Makronla Şoltsu seytnot durumla baş-başa qalmağa məcbur etdi. Dördtərəfli görüşdən sonra imzalanmış sənəd, Nikol Paşinyanın artıq neçənci dəfədir Azərbaycanın sahəsi konkret rəqəmlərlə əks olunmuş ərazi bütövlüyünü tanıması avropalı aktorların tamaşaçısız, özlərinin musiqi ifa edib, özlərinin rəqs etməsinə bənzədi. Yeri gəlmişkən, “Qarabağ ermənilərinin hüquqları” tələbi də Qranadada buxarlanmış oldu.
Rəsmi Bakının xarici siyasəti özünün elə bir effektivlik həddinə çatıb ki, atılan addım nəticəsini dərhal göstərir. Prezidentin kəskin demarşı ordumuzun son antiterror tədbirlərinin diplomatik formasıdır. Konkret, sərt, operativ və dərhal nəticə verəcək hədəfə yönəlik. Ermənistan kimi qeyri-səmimi və qeyri-ciddi dövlətlə 30 ilə yaxın aparılan danışıqlar Azərbaycan diplomatiyasına reallığa fərqli yöndən baxmaq bacarığını aşılayıb. Bu ölkənin hazırkı lideri, üstəlik, onun Makron kimi partnyorunun olması rəsmi Bakının arqumentləndirilmiş sərtliyinin əsaslı olduğunun göstəricisidir. Təəssüf ki, bu ciddiyyətini itirmiş siyasi yığnağa özünü Almaniya da pərçimləyib. Aramızda olan pozitiv dinamika baxımından rəsmi Berlini arzuolunmaz kampaniyada görmək acı təəssürat yaradır.
Prezident İlham Əliyev ötən ilin son günündə xalqa müraciətində 2023-cü ilin Ermənistan üçün şans baxımından axırıncı müddət olduğunu demişdi. Bu, Paşinyan hökumətinə son xəbərdarlıq idi. Bu ilin avqust ayında İrəvanın bu xəbərdarlıqdan nəticə çıxarmadığı aydın görünməyə başladı. Nəticəsi isə ildırım sürətli antiterror tədbirləri oldu. Yekun mənzərə ortadadır. Həm döyüş meydanında, həm diplomatiya masasında. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib. Qarşımızda duran hədəflər başqadır, şəhər və kəndlərimiz yenidən tikilməli, əhalimiz yurduna dönməlidir. Yekun sülh müqaviləsi bu gün Ermənistanın ehtiyacıdır. Sərhədlərin qeyri-müəyyən qalması İrəvandakılar üçün başağrısı olmalıdır. Azərbaycan hədəflərinə nail olub. Minimum hədəflərinə.