Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

22 Şub 16:46Manşet / Hadisə

'' Xocalı soyqırımı vəya Xocalı genosidi – XX əsrin faciəsi ”

'' Xocalı  soyqırımı vəya Xocalı genosidi – XX əsrin faciəsi ”

Bu faciə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımıdır.
Xocalı faciəsinin qurbanları ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda da hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edilir. Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı soyqırımından 31 il ötməsinə baxmayaraq, hər birimiz bu faciənin ağrısını ilk günki kimi yaşayırıq.
Xocalı soyqırımının qanlı statistikası belədir:
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.
Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
uşaqlar-63nəfər;
qadınlar-106nəfər;
qocalar - 70 nəfər.
8ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir
487 nəfər yaralanmışdır, onlardan:
uşaqlar - 76 nəfər;
1275nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır.
Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.
Xocalı soyqırımı günü və ya Xocalı genosidi günü — 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələrinin hər il qeyd olunduğu matəm günüdür.
Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından:
Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.
Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.
Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.
Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.
İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.
R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev demişdir bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
1994-cü ildən dövrün Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görmüşdür. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi, siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur.

Tarix heç nəyi unutmur.