Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşır
22-09-2021, 10:58

Azərbaycan nefti ucuzlaşır

TƏBRİK EDİRİK!!!
20-09-2021, 10:24

TƏBRİK EDİRİK!!!

14 sen 09:41Gündəm

ÇİNGİZ QURBANOV: “GİZLİ SAVAŞ”

Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş əsgər, zabit və xüsusi təyinatlıların əziz xatirəsinə həsr olunmuşdur.
(davamı - IV hissə)

Mayor Abdullayev və Namiq qərargahdan çıxıb tələsik addımlarla digər yoldaşlarının yanına qayıtdılar. Huşsuz vəziyyətdə uzanmış keşikçini özləri ilə götürüb hadisə yerindən aralaşdılar. Gecikmək olmazdı, yarım saatdan sonra «Bayraktar» və «Harop»lar səmadan çəkiləcək, düşmən hərbiçiləri öz mövqelərini tutacaqdılar. Qrup artıq gecələdikləri xəndəyə çatmışdı. Bir qədər dincəlib nəfəslərini dərmək istəyirdilər. Keşikci Namiqin güclü və sərrast zərbəsindən sonra yavaş-yavaş özünə gəlir, inildəyirdi. Namiq keşikçini öldürmək istəsədə, mayor Abdullayev ona imkan vermirdi. Bu durum Nəmiqi çox əsəbləşdirirdi. O, üzünü mayor Abdullayevə tutub dedi:

-Cənab mayor, icazə verin onu məhv edim, bizə güllə atanların biri azalar. 

-Namiq mən istəyirəm ki, ermənilərdən fərqli olaraq sən başa düşəsən. Biz erməni xalqı ilə düşmənçəlik etmirik, iki xalq əsrlər boyu yan-yana qonşuluq şəraitində yaşayıblar. Coğrafi şərait belə tələb edir. Bizim düşmənlərimiz öz xalqının psixologiyasını zəhərləyən və imperialist siyasəti yürüdən qüvvələrin əlində oyuncağa çevrilmiş balayanlar, kaputikyanlar, aqabekyanlar, sarkisyanlar, koçaryanlar kimi qatı erməni millətçiləridir.

-Cənab mayor, cəbhə bölgəsində döyüşmək qərargahlarda xidmət etməkdən çox fərqlənir. İnsanpərvərlik həmişə işə yaramır, erməni gülləsinə tuş gəlmiş döyüşçü yoldaşlarım gözümün qabağında həyatla vidalaşıblar. Qəmlo demişkən, ermənilərin nazı ilə çox oynamaq olmaz. -O, icazə gözləmədən keşikçinin boynunu fırladıb xəndəyin dibinə yuvarladı.

Mayor Abdullayev Namiqin məntiqli sözləri qarşısında susurdu. Əməliyyat qrupu yoluna davam edirdi. Artıq təmas xətti görsənirdi. Düşmən səngərlərində təlaş və hərəkətlənmə müşahidə olunurdu. Çox güman ki, onlar qərargahda baş verən insidentdən xəbər tutmuş, təmas xəttini gücləndirməyə çalışırdılar. Mayor Abdullayev Namiqi kəşfiyyata göndərib qaranlığın düşməsini gözləməyi qərara aldı. Namiq düşmən səngərinə yaxınlaşıb əlindəki binoklla müşahidə aparırdı. Bir neçə kilometrlik təmas xətti boyunca təqribən yüz metrdən bir keşikçi postu qurulmuş, iki saatdan bir isə keşikçilər dəyişdirilirdi. Gündüz saatlarında cəbhə xəttini keçmək təhlükəli və mümkünsüz görünürdü. Namiq uzunmüddətli müşahidədən sonra təmas xəttini keçəcəkləri yeri müəyyən edib geri qayıtdı. O, kəşfiyyat materialları barədə mayor Abdullayevə məlumat verdi. Vəziyyət təhlil edildikdən sonra qərara alındı ki, Namiq təmas xəttini keçmək istədikləri yerə yaxın keşikçini aradan götürüb düşmənin şübhələnməməsi üçün onu əvəz etsin. Əməliyyat qrupu təmas xəttini keçib təhlükəsiz ərazidə yerləşdikdən sonra Namiq «postunu» tərk edib yoldaşlarına qoşulsun. Qərar qəbul olunduqdan sonra hamı zamanın yetişməsini gözləyirdi.

Artıq hava qaralmış, payız dumanı daha da qatılaşmış, görmə məsafəsi azaldığı üçün ətrafı izləmək çətinləşmişdi. Namiq Mayor Abdullayevin əmri ilə hərəkətə keçdi. O, mümkün risklərdən sığortalanmaq üçün sürünə-sürünə arxadan nəzərdə tutduğu keşikçiyə yaxınlaşdı. Keşikçinin diqqətinin yayındığını hiss edib, cəld hərəkətlə onu ağzını tutub boynunu fırlatdı. Taqətsiz bədəni səngərə uzadıb nəbzini yoxladı. Düşmən əsgərinin öldüyünə əmin olduqdan sonra silahını çiynindən asıb onun yerində dayandı. O, təmas xəttini keçmək üçün yoldaşlarına işarə verdi. On dəqiqədən sonra Namiq öz «postunu» tərk edib, əməliyyat qrupuna çatmaq üçün tələsirdi. Qrup piyada əleyhinə mi­nalanmş əraziyə yaxınlaşdığı üçün çox ara vermək olmazdı. Əməliyyat qrupu neytral ərazidə müəyyən olunmuş mövqeni tutub, öz hərbiçilərimizin yaxınlaşmasını gözləyirdilər. Bir qədər keçdikdən sonra N saylı hərbi hissənin döyüşçüləri əməliyyat qrupunun köməyinə gəldilər. Qrup köməyə gəlmiş hərbiçilərlə birlikdə hərbi hissənin qərargahına çatdılar. Döyüş tapşırığını itkisiz və yüksək səviyyədə yerinə yetirdiklərinə görə çox sevinirdilər. Hərbiçilərimiz əməliyyat qrupunun üzvlərini qucaqlayır, döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirdiklərinə görə onları təbrik edirdilər. Mayor Abdullayev Namiq Qurbanov kimi cəsur döyüşçü yetişdirdiyinə görə hərbi hissə komandirinə təşəkkür edib, onun mükəfatlandırılması üçün müvafiq qaydada komandanlığa raport verilməsini xahiş etdi. Əməliyyat qrupu dərhal Bakıya yola düşdü.

***

Mübarizin fəaliyyətə başlamasından xeyli müddət keçmiş, onun işə can yandırmasından müvafiq instansiyalar xəbər tutmuşdu. Onun başqa işə təyin olunacağı barədə agentlikdə şayələr dolaşırdı. O, heç kimə fikir vermədən daha əzmlə çalışırdı. Mübariz müvafiq qurumlar tərəfindən dəvət olunub, gördüyü işlərə görə təşşəkkür edilərək, «Əla Xidmətə Görə» medalla təltif olunmuşdu. Çəkdiyi əziyyətin bəhrəsini görmüş, Gömrük Xidmətinə Rəis müavini təyin edilmişdi. Minas Davidoviç təbrik etmək üçün ona zəng etdi.

-Salam, əziz dostum Aşot can. Mən səni yeni təyinat münasibətilə təbrik edirəm. Necə deyərlər, düşərli olsun. Gün o gün olsun bir yerdə işləyək.

-Çox sağ olun, Minas Davidoviç. Çox böyük məmnuniyyətlə sizinlə birlikdə işləyərəm, lakin bunu mənim istəməyim azdır, gərək məni də istəsinlər. -Mübariz qəhqəhə çəkib güldü.

-Aşot can, bizim ölkədə idarə və müəssisə rəhbəri olmaq üçün bilik və bacarığın olması azdır, gərək yuxarılarda adamın, pulun olsun, yaltaqlanmağı, baş əyməyi bacarasan və s. Lakin işləri irəli aparmaq üçün hər kəsə bacarıqlı müavin lazımdır. Bu barədə də sənin bəxtin gətirib. -Qriqoryan Mübarizin qəhqəhəsinə özünə məxsus gülüşlə cavab verdi.

-Minas Davidoviç, düzü idarədə birinci şəxs olmağı arzulamıram. İşlərin yaxşı getdiyi bir zamanda heç kimin yadına düşmürsən, işlər pis getdikdə isə qurbanlıq keçi kimi səni qabağa verirlər. Siz mənimlə razısınız?

-Razıyam, tamamilə doğrudur. Bizim idarəetmənin istiqamətini düzgün müəyyən etmisiniz.

Bir qədər söhbətdən sonra Mübariz sağollaşıb, dəstəyi yerindən asdı. Minas Davidoviçin onunla birlikdə işləmək arzusu, Mübarizi fikirləşməyə vadar edirdi. Əlbəttə Minas Davidoviçin yanında işləyə bilsə respublikanın digər bölgələrinə, əsasən işğal altında olan Qarabağa, təmas xəttində yerləşən hərbi obyektlərə sərbəst giriş əldə etmiş olardı. Lakin Minas Davidoviçin öz arzularında nə qədər səmimi olması sual doğrurdu. O, belə bir fikiri dilinə gətirirdisə deməli bu barədə fikirləşmiş, götür-qoy etmişdi. Əsas məqam ondan ibarət idi ki, onun personası Minas Davidoviç işləyən Nazirliyin diqqət mərkəzinə düşmüşdü. Mübariz Minas Davidoviçin zarafatla dilə gətirdiyi arzusunun reallaşması istiqamətində məqsədyönlü tədbirlər görmək və yavaş-yavaş hədəfə doğru irəliləmək istəyirdi. 

Gömrük işi Mübarizə tanış olduğu üçün özünü balıq suda üzən kimi hiss edirdi. O müəyyən etmişdi ki, respublikaya idxal olunan malların arxasında yüksək çinli məmurlar dayanır və onların arasında gizli rəqabət mövcuddur. Dövlət məmurları arasında iqtisadi və inzibati resurslar üstündə amansız mübarizə gedirdi. Əsas məsələ respublikadaxili güc mərkəzlərini müəyyən etmək, onların maraqlarını idarə etmək, öz məqsədləri üçün istifadə etmək istəyirdi. Yeni təyin olunduğu vəzifə bu situasiyaları idarə etməyə imkan verirdi. O, işə daha diqqətli yanaşıb gizli məqamları aşkar edir, məqsədinə çatmaq üçün belə qarşıdurmalardan və monopolistlərin maraqlarından çıxış edərək öz hədəflərinə tez bir zamanda yetişmək istəyirdi. 

Şərqi Avropa ölkələri regional gömrük mərkəzindən məktub almışdı. Məktubda göstərilirdi ki, Şərq istiqamətindən müxtəlif ölkələrə yayılması üçün dövriyyəyə böyük miqdarda narkotik vasitələr buraxılmışdır. Tövsiyə olunurdu ki, narkotik vasitələrin aşkarlanıb müsadirə olunması üçün gücləndirilmiş iş rejiminə keçilsin və gömrük əməkdaşlarının narkotacirlərə yardım etməsinin qarşısını almaq üçün onlar tez-tez rotasiya edilsin. Daha sonra əlavə edilmişdi ki, yuyucu vasitələrin qablaşdırılmasına xüsusi diqqət yetirilsin.

Mübariz növbəti iş günündən etibarən gücləndirilmiş rejim tətbiq etmişdi. Əməkdaşların rotasiyasını yalnız özünə məlum olan alqoritm əsasında həyata keçirirdi. Əməkdaşlar nə baş verdiyini anlamadıqları üçün ehtiyatla davranırdılar. Onlar ölkəyə daxil olan yuyucu vasitələr barədə xidmət rəhbərliyinə mütəmadi məlumat verirdilər. Mübariz işğal altında olan ərazilərin cənub sərhəddində fəaliyyət göstərən gömrük buraxılış məntəqəsinə böyük partiya yuyucu vasitələr daxil olması barədə əməliyyat məlumatı almışdı. Yoxlamada şəxsən iştirak etmək niyyətində olduğunu bildirib, gömrük buraxılış məntəqəsinə yollandı. Mübarizin göstərişi ilə yuyucu vasitələr digər mallardan ayrılaraq xüsusi anbarda saxlanılırdı. Yuyucu vasitələrə baxış keçirmək üçün seçmə üsulu ilə nümunələr götürülmüşdü. Mübariz bıçaqla nümunələrdən birini kəsib içinə baxış keçirdi. Doğrudan da qabın içərisində salafan paketə bükülmüş un kimi ağ toz gizlədilmişdi. Aparılmış kimyəvi analiz, ağ tozun heroin olduğunu sübut etmişdi.

Gömrük əməkdaşları hal şahidlərinin gözü qarşısında plastik qabları kəsib içərisindəki narkotik vasitələri çıxartdılar. Proses video çəkilişlə lentə köçürülürdü. Qabların içərisindən toplanmış narkotik vasitələrin ümumi çəkisi yüz əlli iki kiloqram, təqribi hesablamalara görə ümumi bazar dəyəri isə iki milyon dollar təşkil edirdi. Mübariz tərtib olunmuş akt və video kaseti özü ilə götürüb məlumat vermək üçün idarə rəisinin qəbuluna yollandı.

Xidmət rəisi çox əsəbi görünürdü. Mübariz baş verənlər barədə məlumat vermək istəyərkən rəis onun sözünü yarımçıq kəsib dedi:

-Aşot can, heç bilirsən nə etmisən?

-Bəli, cənab rəis. Ümumi dəyəri iki milyon dollar və çəkisi yüz əlli iki kiloqram narkotik vasitə aşkar edib, müsadirə etmişəm.

-Sən bilirsən müsadirə etdiyin malların arxasında kim dayanır?

-Xeyr, bilmirəm, cənab rəis. Narkotik vasitələrinin kimə məxsusluğunu istintaq müəyyən edəcəkdir.

-Aşot can, sən bilmirsən, ancaq mən bilirəm. İcazə verin sizə məlumat verim.

-Cənab rəis, ironiya ilə danışmaq lazım deyil. Mən öz xidməti borcumu yerinə yetirmişəm və vəzifə səlahiyyətlərimi aşmamışam.

-Aşot can, xahiş edirəm əyləşin. -Rəis ona oturmaq üçün yer göstərdi.

Mübariz rəis təklif etdiyi stulda əyləşib diqqətlə qulaq asmağa başladı. Rəisin verdiyi məlumata görə respublikaya gətirilən narkotik vasitələrin arxasında güc nazirliklərinə nəzarət edən təhlükəsizlik və əks-kəşfiyyat baş idarəsinin rəisi general-mayor Muradyan dayanırdı. Həmkarları öz aralarında qəddar və kinli olması ilə seçilən Muradyanı «Baron», rəhbərlik etdiyi idarəni isə «Gestapo» adlandı­rırdılar. Maraqlı şəxslər Mübarizi dilə tutub pul təklif etsələr də o öz dediyindən dönmədi. Üzünü rəisə tutub dedi:

-Cənab rəis, xahiş edirəm, tərtib etdilmiş aktın reallaşması istiqamətində tədbir görəsiniz. Əks təqdirdə bu barədə daha yüksək instansiyalara məlumat verəcəm.

Rəis xidməti borcunu yerinə yetirmək məcburiyyətində qaldı. O, artıq öz müavinindən qorxmağa başlamışdı. Mübarizin prinsipallığı ali rəhbərlik tərəfindən yüksək qiymətləndirilmişdi.

Mübariz arxada qalmış fəaliyyətini götür qoy edir, harada səhv etdiyi barədə fikirləşirdi. O, son zamanlar izləndiyini hiss etmişdi. Ətrafında heç vaxt görmədiyi şübhəli şəxlər dolaşırdı. Mübariz bir nəfərin daima onu kənardan izlədiyini hiss etmişdi. O, həqiqətən izləndiyini və yaranmış vəziyyətə aydınlıq gətirmək üçün şəhər kənarına yollandı. Yolunu bir neçə dəfə qəsdən dəyişsə də, onu təqib edən avtomobilin yüz, iki yüz metr məsafə saxlayaraq arxasınca gəldiyini müşahidə etmişdi. Beləliklə, arxadan gələn avtomobildən izləndiyinə əmin olmuşdu. Mübariz bütün günü ətrafında baş verənlər barədə fikirləşir, yaranmış vəziyyətə aydınlıq gətirmək üçün Annaya zəng edib evinə dəvət etmişdi. O, baş verənləri Anna ilə müzakirə etmək, Minas Davidoviçin ona nə köməklik edə biləcəyini öyrənmək istəyirdi. Anna ilə vədələşdiyi vaxta çox qalırdı. O, şəhər kənarı kafelərin birində düzənlənmiş ad günü mərasiminə qatılmaq qərarına gəldi. Kafeyə gedərkən yenidən izləndiyini hiss etdi. Hərəkət etdiyi dolanbac yollara və etdiyi manevrlərə baxmayaraq izləyicisi ondan əl çəkmirdi.

Mübariz nəhayət kafeyə çatdı. Banket zalında qurulmuş məclis başlamışdı. O, yaşadığı həyacanı unutmaq üçün yeyib içir, yeri gəldikcə zarafat edirdi. Mübariz məclis başa çatmamış kafeni tərk etmək və Anna ilə vaxtında görüşmək istəyirdi. O, ətrafı müşahidə etmək və şəraiti öyrənmək məqsədilə küçəyə çıxıb, avtomobilə yaxınlaşdı. Ön qapıların arasına qoyub bağladığı yarpaqların hər ikisi yerə düşmüşdü. O, avtomobilə müdaxilə olunduğunu görüb, məclisi tez tərk etmək fikirindən daşınaraq, sonunadək qalmaq qərarına gəldi. Mübariz əylənməyə davam edir, deyib gülür, özünü keflənmiş kimi göstərib şit lətifələr danışırdı.

Artıq məclis yekunlaşmışdı. Mübariz iş yoldaşlarının ayağa qalxmasını gözləyirdi. Dəm olmuş dostları kafedən çıxmaq istəyərkən, Mübariz ayağa qalxıb dedi:

-Dostlar, mən bu vəziyyətdə avtomobili idarə edə bilmərəm, icazə verin əl üzümü soyuq su ilə yuyum, bəlkə özümə gələ bildim.

-Aşot can, mən spirtli içki qəbul etməmişəm. İcazə verin sizin avtomobili mən idarə edim.

Mübarizin sağ tərəfində qapıya yaxın əyləşən iş yoldaşı stolun üstündə qalmış açarı götürüb dəhlizə çıxdı. Mübariz onun arxasınca zalı tərk etdi. Bir neçə dəqiqə ötməmiş çöldən qulaq batıran partlayış səsi eşidildi. Partlayışın dalğası pəncərələrin şüşələrini çilik-çilk etmişdi. Dostlar başlarına tökülmüş şüşə parçalarını təmizləyərək nə baş verdiyini öyrənmək üçün çölə atıldılar.

***

Annanın Mübarizə qarşı olan hissləri cavabsız qaldığı üçün özünü pis hiss edir, işə könülsüz gəlib-gedirdi. Son zamanlar Rəis bir əsas olmadan onu danlayır, həmişə irad tutmağa çalışırdı. Çətin duruma düşməsi onu çox üzürdü. Bəlkədə baş verənləri o özü dramatikləşdirirdi. Hər halda Annaya belə gəlirdi. O, hərdən işdən çıxmaq haqqında fikirləşirdi. Minas Davidoviç Annanın gözləmədiyi halda onu yanına çağırıb mehriban bir tərzdə söhbətə başladı.

-Anna, bir məsələ barədə səninlə məsləhətləşmək istəyirəm. Məsləhətləşəcəyim məsələ barədə sən məndən daha məlumatlı olarsan. 

-Buyurun, Minas Davidoviç. Mən sizi dinləyirəm. -Burdən birə rəis üçün lazımlı adama çevrilməsi onu çox təəccübləndirdi.

-Anna, sən necə fikirləşirsən? Aşot necə bir insandır? Ona nə dərəcədə etibar etmək olar? Mən onu görünməyən tərəfdən tanımaq istəyirəm.

-Minas Davidoviç, onu mən tanıdığım qədər siz də tanıyırsınız, məndən əlavə nə eşitmək istəyirsiniz?

-Anna, özünü bilməməzliyə vurma, Aşotu sən məndən daha yaxşı tanıyırsan. -Minas Davidoviç Annaya göz vurdu. Rəis onun Aşota qarşı biganə olmadığına işarə edirdi.

Annanın yanaqları qızardı. O, döşəməyə baxır, söhbətin davamını gözləyirdi. 

-Anna, mən sənin münasibətini öyrənmək üçün dəvət etmişəm. Necə fikirləşirsən, Aşot bizim nazirlikdə işləyə bilər?

-Minas Davidoviç, deyəsən, sizdə yeni xəbər var.

-Bəli, Anna xanım, yeni xəbər var.

-Minas Davidoviç, sizdən xahiş edirəm, ürəyimi üzməyin, əgər hərbi sirr deyilsə nə baş verdiyini mən də bilmək istəyirəm. Aşota bizim idarədə iş təklif etmək istəyirsiniz?

-Anna, cənab Nazir mənim Nazir müavini təyin olunmağım barədə Baş nazirə müvafiq təqdimat göndərmişdir.  Tapşırıq verib ki, öz yerimə kadr tapım.

-Minas Davidoviç, Aşotu öz yerinizə idarə rəisi təyin etdirmək istəyirsiniz?

-Anna, mən istəsəmdə bu mümkün deyil. İstəyirəm hazırkı müavinim idarə rəisi, Aşot isə rəis müavini təyin edilsin.

-Minas Davidoviç, sizcə Nazir Aşotun rəis müavini təyin olunmasına razılıq verər?

-Əlbəttə. Nazir «Baron»la düşmən həddinə çatıb daha doğrusu onlar mehriban düşməndirlər. Aşot Balayan «Baron»a məxsus narkotik vasitələri müsadirə etdikdən sonra Nazirin ondan xoşu gəlir, Aşotu təriflədiyini qulaqlarımla eşitmişəm. Dünən deyirdi ki, Aşot Balayan kimi prinsipal kadrın bizim nazirlikdə çalışması yaxşı olardı.

Anna sevincini gizlədə bilmir, az qala atılıb düşmək istəyirdi. Yəqin allah onun dualarını eşidib qapılarını yavaş-yavaş açmaq istəyirdi.

-Minas Davidoviç, Aşotun bu məsələlərdən xəbəri var? Bəlkə heç bizim idarədə işləmək istəmədi?

-Aşotun bu işlərdən xəbəri yoxdur, amma cənab Nazirdən onun müvafiq vəzifəyə təyin olunması barədə razılıq almışam. Nəzərinə çatdırım ki, Aşot dəfələrlə bizim nazirlikdə işləmək arzusunda olduğunu bildirib. Anna, xahiş edirəm, hələlik bu barədə Aşota bir söz demə. Bilmək olmaz, ortaya başqa variant çıxa bilər, onda Aşotun yanında pis vəziyyətdə qala bilərik.

Anna çox sevinir, ürəyi partlayırdı. Minas Davidoviçin xəbərdarlığına məhəl qoymayaraq, eşitdiyi xəbərləri bölüşmək üçün adam axtarırdı. Eşitdiyi xəbər Annanı çox sevindirmişdi. Şirin xəyallar onu çox uzaqlara aparırdı. Anna qəfil telefon zənginə diksinib, dəstəyi qaldırdı. Dəs­təkdən Aşotun səsini eşidib, sevincək dilləndi:

-Eşidirəm, Aşot can.

-Anna, işdən sonra saat yeddidə sizinlə görüşmək istəyirəm. Vaxtınız var?

-Bəli, Aşot can. Mən hara gəlməliyəm?

-Anna, xahiş edirəm xidmətçidən mənzilin açarını götürün və məni evdə gözləyin. -Telefonun dəstəyindən qudok səsləri gəlirdi, Mübariz artıq dəstəyi asmışdı.

Annanın sevinci iki qat artdı. Sevdiyi insanın onu evinə görüşə dəvət etməsi, təsvir olunmaz bir vəziyyət yaratmışdı. O, icazə almadan iş yerini tərk edib xidmətçidən açarı götürüb evə yollandı. Anna evə daxil olarkən səliqə səhmanın şahidi olmuş, şam yeməyi bişirilmişdi. Əlavə olaraq bəzi şeylər almaq üçün, təkrar marketə yollandı. Anna görüş vaxtına çox qaldığını nəzərə alıb paltarlarını dəyişmək üçün evlərinə getmək qərarına gəldi. Əvvəlcə duş qəbul edib sonra Avropadan gətirdiyi kosmetik vasitələrlə makiaj etdi. Bəyəndiyi donlarından birini geyinib Mübarizin hədiyyə etdiyi saatı biləyinə bağladı. Güzgünün qarşısında dayanıb cəlbedici qamətinə tamaşa edib, poza verdi. Özünü görüşə hazır hesab edib Mübariz yaşayan evə yollandı.

Vədələşdikləri vaxtdan xeyli ötməsinə baxmayaraq Aşot hələ də görsənmirdi. Anna Aşotun çox intizamlı bir insan olduğunu bildiyindən nəsə baş verdiyini anlayır, fikirləşdikcə daha çox narahat olurdu. Gözlədikcə əhvalı pisləşir, masanın üzərinə düzdüyü yemək, salat və içkilər gözlərinə əcayib bir formada görsənirdi. Gözləməkdən bezib səbri tükəndiyi üçün öz evlərinə yollandı.

Anna evə çatıb qapını açarkən telefonun zəng çaldığını eşitdi. O, telefonun yanına qaçıb sevincək dəstəyi qaldırdı. Minas Davidoviçin kobud səsi eşidildi.

-Anna, Aşota sui-qəsd ediblər. O, mərkəzi xəstəxanadadır. -Dəstəkdən qudok səsləri gəlirdi.

***

Mərkəzdə qızğın iş gedirdi. Polkovnik Əzimov və mayor Abdullayev seyfdən götürülmüş sənədləri nəzərdən keçirir, digər zabitlər isə şifrələnmiş materialları deşifrə etməklə məşğul idilər. Əldə olunmuş kəşfiyyat materiallarının içərisində mühüm sənədlər və texniki vasitələr yer almışdı. Hərbi birləşmələrin dislokasiya planını özündə əks etdirən yeddi ədəd xəritə, iyirmi iki vərəqdən ibarət minalanmış sahələrin sxemi, on beş vərəqdən ibarət S-300 FAVORİT ZRK sistemlərinin dislokasiya planı, hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini təmin edən proqram təminatı yazılmış iki ədəd CD disk, hava hücumundan müdafiə sistemlərini işə salmaq və bloklamaq üçün dörd ədəd xüsusi açar, üç vərəqdən ibarət hava hücumundan müdafiə sistemlərini işə salmaq və bloklamaq üçün istifadə edilən xüsusi kodlar və on iki vərəqdən ibarət bir sıra digər hərbi məlumatları özündə əks etdirən sənədlər mövcud idi. Xəritələr istisna olmaqla digər sənədlər səliqə ilə cilidlənmiş, kitabça halına salınmışdı. CD disk və açarlar xüsusi qablarda saxlanırdı.

Polkovnik Əzimov müvafiq mütəxəssislərlə məsləhətləşdikdən sonra ilk olaraq S-300 FAVORİT ZRK sistemlərinin neytirallaşdırılması istiqamətində tədbirlər görməyə başladı. Bunun üçün əldə olunmuş kodlar, CD disk və açarların köməyi ilə düşməni qabaqlayaraq sistemin mövcud alqoritmini dəyişmək və yeni kodlar yazmaq lazım idi. Kodlar dəyişdikdən sonra sistemlər idarəedilməz hala düşər, düşmən üçün metal yığımına çevrilərdi. Daha doğrusu lazım gəldikdə sistemlərdən öz maraqlarımıza uyğun istifadə etmək imkanı yaranardı. Hava hücumundan müdafiə sistemləri işlək vəziyyətdə olduğu halda planlaşdırılan əməliyyatın həyata keçirilməsi, yəni mövcud kodların dəyişdirilib yenisi ilə əvəzlənməsi üçün «Bayraktar» və «Zərbə» dronlarının köməyindən istifadə etmək olardı. Lakin son kəşfiyyat tədbirləri sistemlərin of-line rejimində olduğunu təsdiqləmiş, ona görədə sistemə birbaşa yerində müdaxilə etmək lazım gəlirdi. Bu o qədərdə asan bir iş deyildi. Əldə olunmuş sxemlərdən göründüyü kimi, sistemlər yerləşdirilmiş ərazilər və yollar tam minalanmışdı. Deməli, sistemə fiziki müdaxilədən əvvəl, ona yaxınlaşmaq üçün minalardan təmizlənmiş dəhliz yaratmaq lazım gəlirdi. İlkin olaraq təklif olunmuşdu ki, hava hücumundan müdafiə sistemlərinin işlək rejimə keçməsi gözlənilsin və əməliyyat məsafədən həyata keçirilsin. Lakin gözləmənin nə qədər zaman aparacağı bəlli deyildi. Ona görədə düşmən duyuq düşməmiş və əməliyyatı əngəlləməmiş tədbir görmək lazım idi.

Qısa müddət ərzində əlaqəli strukturların birgə iştirakı ilə «FAVORİT» şifrələnmiş ad altında əməliyyat planı işlənib hazırlandı. Əməliyyat planında, əsasən, birinci etapda minalardan təmizlənmiş dəhliz yaratmaq və sistemlərə giriş əldə etmək nəzərdə tutulurdu. İkinci etapda isə sistemə fiziki müdaxilənin təmin edilməsi və kodların dəyişdirilməsi planlaşdırılırdı. Dəyişdirilmiş yeni kodlar vasitəsilə sistemin idarə edilməsi barədə qərarın verilməsi sonraya saxlanmışdı. Artıq müvafiq mütəxəssis və istehkamçı seçilmiş və hazırlıq işləri tamamlanmışdı. Sistemlər yerləşən əraziyə istehkamçı və mütəxəssisin girişini təmin etmək üçün buraxılış vəsiqəsinin əldə edilməsi Mübarizə tapşırılmışdı. İstehkamçıi zenit raket komplekslərinə yaxınlaşmaq üçün minalardan təmizlənmiş dəhliz yaratmalı, mütəxəssis isə kodları dəyişərək sistemi neytrallaşdırmalı idi.

***

Kafedən çölə çıxan insanlar dəhşətli bir mənzərənin şahidi oldular. Partlayışın dalğası parçalanmış insan əzalarını ətrafa səpələmiş, Mübarizin avtomobili yararsız vəziyyətə düşmüşdü. Avtomobilin sağ tərəf qapıları yerindən çıxıb səkiyə düşmüş, sol tərəf qapılar isə yanda dayanmış avtomobilə dəymişdi. Baqajın qapısı açılıb asılı vəziyyətdə qalmışdı. Alın və qapıların şüşələri çilik-çilik olmuşdu. Benzin çəni partladığı üçün avtomobil və ətraf alova bürünmüşdü. Yaxınlıqdakı avtomobillərə ciddi ziyan dəymiş, kafenin pəncərələri sınmışdı. Kafedən çıxan insanları vahimə bürümüş, təlaş içində nə edəcəklərini kəsdirə bilmirdilər. Kimsə imkan tapıb təcili yardım çağırmışdı. Təcili yardım və yanğın söndürən avtomobillər hadisə yerinə eyni zamanda çatdılar. Yanğın söndürənlərin köməyilə alova bürünmüş avtomobil və ətraf ərazilər söndürüldü. Yanmış plastik kütlənin iyi və ondan ayrılan qara tastü ətrafa yayılırdı. Həkimlər hadisə yerini müayinə edir, parçalanmış insan əzalarını xüsusi paketə yığırdılar. Həkimlər toplanmış əzaların eyni adama məxsus olduğu qənaətinə gəlmişdilər. Tanınmaz hala düşmüş əzalardan ölənin kimliyini müəyyən etmək qeyri mümkün idi. 

Vahiməli bir səs eşidildi.

-Görəsən, ölən kimdir?

Bu sual kafedən bayıra atılmış insanları elektrik cərəyanı kimi vurdu. Onlar sanki yuxudan ayıldılar. Doğrudan, görəsən ölən kimdir? Hamı ətrafa baxır, sıralarında kimin çatışmadığını aydınlaşdırmaq istəyirdilər.

Mübariz otaqdan çıxıb tənbəl addımlarla sanitar qovşağa yollandı. O, əllərini yuyub kağız dəsmalla quruladı. Növbəti atacağı addımları planlaşdırmaq istəyirdi. O, fikirli halda astanadan çölə ayaq basarkən partlayışın güclü dalğası onu dəhlizin divarına çırpdı. Mübariz huşunu itirib dəhlizin küncündə ağzıüstə qaldı. Partlayış səsinə mətbəxdən dəhlizə çıxan ofisiant bir nəfərin huşsuz vəziyyətdə küncdə uzandığını görüb çölə qaçaraq qışqırdı.

-Həkim! Xahiş edirəm, bura gəlin. İçəri kafeyə keçin, dəhlizdə yaralı var.

Ofisiant çöldə gördüklərindən dəhşətə gəlmişdi. Boğazı quruduğu üçün çağrışını təkrarlaya bilmirdi. O, əl-qol hərəkətlərilə həkimlərin diqqətini cəlb etmək istəyirdi.

Həkim briqadası ofisiantın həyəcanlı çağırışına diqqət yetirərək tələsik kafeyə daxil oldular. Həkim Mübarizin nəbzini yoxlayıb, ilk tibbi yardım göstərməyə başladı. Vurulmuş iynə öz təsirini göstərirdi. O, yavaş-yavaş özünə gəlirdi. Mübariz gözlərini açıb nə baş verdiyini anlamağa çalışırdı. Onu yeni gəlmiş təcili yardım avtomobilinə yerləşdirib mərkəzi xəstəxanaya yolladılar.

***

Anna xəstəxanaya çatıb içəri daxil oldu. Yeni gətirilmiş xəstənin yerini öyrənib ikinci mərtəbəyə qalxdı. Palatanın qarşısına xeyli insan toplaşmışdı. Anna dəhlizə toplaşmış insanların arasından keçərək palataya daxil oldu. Palatada gömrük xidmətinin rəisi, Minas Davidoviç Qriqoryan və tanımadığı bir neçə şəxs Aşotun başının üstündə dayanmışdılar. Minas Davidoviç Mübarizin Annanı görməsi üçün bir qədər kənara çəkildi. Anna Mübarizə yaxınlaşıb onun əlidən tutub ağlayaraq soruşdu:

-Aşot can, necəsən?

Mübariz başını tərpədərək yaxşı olduğuna işarə etdi. Baş və çənə nahiyəsi sarıqlı olduğu üçün ağzını aça bilmirdi. Həkimlər beyin silkələnməsindən şübhələndiklərinə görə ona danışmağa icazə vermirdilər. İçəridəki insanların xaotik hərəkətləri xəstə üçün əlavə stres yaradırdı. Həkimlərin təkidilə artıq insanlar çölə çıxarıldılar. Palatada Mübariz, Anna və Minas Davidoviç qalmışdılar. Anna Minas Davidoviçin yeni iş təklifini Mübarizlə bölüşəcəyi anı gözləyirdi. Minas Davidoviç isə öz növbəsində susur, hər şeyi son ana saxlayırdı. Anna bu vəziyyətə dözməyib dedi:

- Minas Davidoviç, bəlkə yeni xəbərləri Aşotla bölüşəsiniz. Mən başa düşmürəm, axı siz nəyi gözləyirsiniz?

General-mayor Qriqoryan nəhayət sükutu pozub dedi:

-Aşot can, sən narahat olma ən yaxın dostların yanındadır. Vəziyyətin normallaşsın, səni sürprizlər gözləyir.

Mübarizin sual dolu baxışları Minas Davidoviçin üzünə dikildi. O, fikrini cəmləşdirməyə və diqqətlə qulaq asmağa çalışırdı.

-Minas Davidoviç, görürsünüz Aşot xəstədir, nə üçün onu həyəcanlandırırsınız? Xahiş edirəm, oxu atıb yayı gizlətməyin. -Anna dözməyib dilləndi.

-Düz deyirsən, Anna. Aşotu sevindirməyin vaxtı çatmışdır. –O, əlini cibinə salıb Nazir müavini təyin edilməsinə dair əmrin surətini çıxartdı. İki yerə qatlanmış vərəqi açıb uzaqdan Mübarizə göstərdi. Anna dayana bilməyib dilləndi.

-Minas Davidoviç, zarafat etməyin vaxtı deyil.

Mübariz dillənmir, diqqətlə Minas Davidoviç göstərən sənədə baxırdı. O, önəmli bir məlumat veriləcəyini gözləyirdi. Minas Davidoviç isə onun ürəyini üzməkdə davam edirdi. Nəhayət, Minas Davidoviç insafa gəlib dedi:

-Aşot can, sağal, səni öz yanıma idarə rəisinin müavini vəzifəsinə gətirirəm. Mən artıq sabahdan Nazir müavini kimi fəaliyyətimə davam edəcəm. Anna xanım isə rəsmi qayda da sənin köməkçin olacaq.

Mübariz sevincini gizlədə bilməyib bintlə bağlanmış əllərini dostlarına uzatdı. Anna Mübarizin sarınmış əllərini öz əlləri içinə aldı. Minas Davidoviç onlarla sağollaşıb işlərinin dalınca yollandı. Anna isə yeni xəbərləri bölüşmək və müzakirə etmək məqsədilə Mübarizin yanında palatada qaldı.

Mübariz on gündən sonra xəstəxanadan çıxıb birbaşa yeni iş yerinə yollandı. Yaralar tam sağalmadığına görə əlindəki sarğı açılmamışdı. Dəfələrlə Minas Davidoviçin kabinetində olmasına baxmayaraq yeni iş yeri heç vaxt bu günkü qədər maraqlı olmamışdı. O, Minas Davidoviçin kabinetlə uzbəüz yerləşən otaqda otururdu. Hər iki kabinetin arasında yerləşən kiçik otaqda isə Anna əyləşirdi. Hər üç otağın qapısı beş, altı kvadrat metrlik bir dəhlizə açılırdı. Minas Davidoviçin kabinetində isə yeni rəis oturmuşdu. Minas Davidoviç bir mərtəbə yuxarıya qalxmış, Nazirin kabineti ilə üzbəüz kabinetdə əyləşmişdı. Mübarizin yeni iş yeri məsuliyyəti, görkəmi və samballı olması ilə əvvəlkilərdən tam fərqlənirdi. Bəli, mərkəzin əsas tapşırıqlarından birini yerinə yetirmişdi. O, qarşıya qoyulan əsas hədəfə çatmış, fəaliyyətinin genişlənməsi və istənilən yerə getməsi üçün yaxşı imkan əldə etmişdi.

***

Mübariz gizli konteynerdən götürdüyü məlumatı deşifrə edib onunla tanış oldu. Mərkəzin tapşırığına əsasən istehkamçı və mütəxəssisin işğal olunmuş ərazilərə girişini təmin etmək üçün o, rəsmi buraxılış vərəqəsi təşkil etməli idi. Əlaqə üçün parol «Cənab, qocadan sizə salam var», cavab isə «Çox sağ olun, qoca necədir?» sözlərindən ibarət idi. Mübariz mərkəzin mühüm bir əməliyyat hazırladığına əmin olmuşdu. O, növbəti gün mərkəzi parkda fəvvarənin ətrafında əyləşib əlindəki çörək parçası ilə göyərçinləri yemləyirdi. Bir nəfər ona yaxınlaşıb yanındakı boş yerdə oturmaq üçün izin istədi.

-Oturmaq olar? 

Mübariz dillənmədən başı ilə ona oturması üçün yanında yer göstərdi. 

-Təşşəkkür edirəm. -Dəvət olunmamış qonaq Mübarizin yanında əyləşib əlindəki jurnalı oturacağa qoydu. 

O, bir qədər fasilə verib jurnalı yenidən əlinə götürdü. Onu vərəqləyərək sağa-sola baxdıqdan sonra dedi:

-Cənab, qocadan sizə salam var. 

Mübariz çevrilib ona diqqətlə baxdı. Yanında mavi gözlü, sarışın saçlı, slavyan görkəmli və təqribən qırx yaşlarında bir şəxs əyləşmişdi. O, dəvət olunmamış qonağı bir qədər süzüb parolu cavablandırdı.

-Çox sağ olun, qoca necədir? 

Bir-birini anladıqları üçün hər ikisi susurdu. Mübariz bir qədər fikirləşdikdən sonra gizli mənzilin ünvanını qonağa bildirib axşam saat səkkizdə görüşəcəyini bəyan edib parkı tərk etdi. Mübariz axşam saat səkkizdə özünü Gena kimi təqdim edən şəxslə birlikdə gizli mənzildə oturmuşdu­lar. Onlar mərkəzin tapşırığını icra etmək üçün mümkün variantları müzakirə edirdilər. Mübarizdən əsasən işğal altında olan ərazilərə girişi təmin etmək üçün buraxılış vərəqəsi təşkil etmək tələb olunurdu. O, Genanın sənədləri və foto şəkilini götürüb iki gündən sonra onu gizli mənzildə gözləyəcəyini bildirdi. Buraxılış vərəqəsi təşkil etmək göründüyü qədər asan deyildi. Buraxılış vərəqələri üçün nəzərdə tutulmuş möhür rəisin kabinetində masanın daxılında saxlanırdı. Mübariz rəisin yanında olarkən dəfələrlə onun daxılı açıb sənədləri möhürlədiyini görmüşdü.

Mübariz növbəti iş günü Genanın sənədləri əsasında buraxılış vərəqəsi hazırlayıb möhür vurmaq üçün məqam gözləyirdi. O, rəisin Minas Davidoviçin qəbulunda olduğunu bildiyi üçün Annadan kofe dəmləməsini xahiş edib onun mətbəxə yollanmasını gözlədi. Anna mətbəxə getdikdən sonra buraxılış vərəqəsini götürüb dərhal rəisin kabinetinə daxil oldu. Cəld bir hərəkətlə möhürü daxıldan götürüb buraxılış vərəqəsini möhürlədikdən sonra yerinə qoydu. Diqqətlə qulaq asıb dəhlizin boş olduğuna əmin olduqdan sonra rəisin kabinetini tərk etdi. Mübariz qarşıya qoyduğu hədəfə tez və manesiz çatdığı üçün çox sevinirdi. Son zamanlar şansın onun tərəfində olduğunun fərqinə varmışdı. Hadisələrin bu cür gedişatı «güclünün bəxti həmişə gətirir» deyimini bir daha ona xatırlatdı.

Vədələşdikləri kimi iki gün sonra Mübariz buraxılış vərəqəsini Genaya təqdim edib axşam üstü onunla birlikdə öz kəndlərinə yola düşdü. Dumanlı hava şəraiti sürət həddini olduqca aşağı salmışdı. İki saat yol getmələrinə baxmayaraq, məsafə baxımından çox irəliləmək mümkün olmamışdı. Qaranlığın tez düşməsi əlavə maneələr yaradırdı. Nəhayət, bir neçə saatdan sonra kəndə çatıb Şakir müəllimi tapdılar. Qazmada əyləşib fənərin işığında əməliyyatın detallarını, yəni hava hücumundan müdafiə sistemlərinə giriş əldə etmək üçün təhlükəsiz dəhliz yaratmağın mümkün variantlarını müzakirə edirdilər. Mübariz müzakirələr başa çatdıqdan sonra tapşırığı yerinə yetirməkdə Genaya kömək etməsini Şakir müəllimdən xahiş edib geriyə yollandı. Şakir müəllimdən əsasən hədəfə tez çatmasında Genaya yardım göstərmək tələb olunurdu. O, yerli şəraitə yaxşı bələd olduğundan Genanın təhlükəsiz irəliləməsinə kömək etməli idi.

Bir neçə gündən sonra digər mütəxəssis Mübarizə yaxınlaşıb parolu söyləmiş və onun sənədləri əsasında ikinci buraxılış vərəqəsi hazırlanmışdı. Birinci dəfəyə nisbətən bu əməliyyatın icrası bir qədər çətinliklə müşayiət olunmuşdu. Ötən dəfə olduğu kimi Anna kofe dəmləməyə getmişdi. Mübariz buraxılış vərəqəsi içərisində olan qovluq əlində dəhlizə çıxdı. Əlini cəftəyə atıb kabinetə daxil olmaq istəyərkən qapı açıldı və Mübariz rəislə üz-üzə gəldi. O, özünü itirməyib dedi:

-Cənab polkovnik-leytenant, bir məsələ barəsində sizinlə məsləhət etmək istəyirdim. Olar?

-Aşot can, təcili deyilsə Minas Davidoviçin yanına qayıtmalıyam, sənəd üçün gəlmişdim. Geri döndükdən sonra ətraflı söhbət edərik. Xahiş edirəm, inciməyin.

-Buyurun, cənab polkovnik-leytenant. Təcili deyil, sizə sonra məlumat verərəm.

Rəis təkrar Minas Davidoviçin yanına yollandı. Mübariz fürsətdən istifadə edib vərəqi möhürləmək üçün kabinetə daxil oldu. O, vərəqəyə möhür vurub kabineti tərk etmək istəyərkən dəhlizdən gələn ayaq səsləri onu dayanmağa məcbur etdi. Döşəmənin səslənməsindən bunun Annanın ayaq səsləri olduğu bilinirdi. Mübariz qapının cəftəsinə əl atıldığını görüb küncə çəkildi. Qapı açılan zaman o, dərhal pərdənin arxasında gizləndi. Anna astanada dayanıb kabinetə göz gəzdirdi. O, dolabdan kofe bankasını götürüb kabineti tərk etdi. Ayaq səsləri kəsilən kimi Mübariz rəisin kabinetini tərk edib öz otağına daxil oldu. Həyəcandan sifəti qızarmış, alınını soyuq tər basmışdı. O, həyəcanı boğmaq üçün şkafdakı sənədləri eşələyir, özünü məşğul kimi göstərirdi. Qrafindən su süzüb içərkən Anna kabinetə daxil oldu. O, gətirdiyi kofeni stolun üstünə qoyub dedi:

-Aşot can, sizin qəribə xasiyətiniz var.

-Nə olub? –Mübariz Annaın sözünü yarımçıq kəsdi.

-Məndən kofe dəmləməyi xahiş edirsiniz, özünüz isə əvvəl su içirsiniz. Bu təzadlı hərəkəti necə izah edirsiniz?

-Başa düşmədim, kofedən əvvəl su içmək yasaqdır? Yoxsa qanunla qadağandır?

-Aşot can, sizə söz demək olmur, dərhal inciyirsiniz.

-Yox incimirəm, məntiqi anlamağa çalışıram.

-Aşot can, məndə kofe qurtardığı üçün istədim sizdən götürüm, gördüm yoxsunuz rəisin otağından götürdüm. Bilmək olar, siz hara getmişdiniz? -Anna qaş-göz edərək gülür, söhbəti dəyişmək istəyirdi.

-Anna xanım, burada tualetdən başqa hara getmək olar? –Mübariz ümumi cavab verib özünü məşğul göstərir, əlindəki sənədləri vərəqləməkdə davam edirdi. 

Anna ona çəpəki nəzər salıb dedi:

-Bəs nə əcəb biz dəhlizdə qarşılaşmadıq? O, Mübarizin susduğunu görüb otağı tərk etdi.

Mübariz mərkəzin tapşırığına əsasən ikinci əməliyyatı mütəxəssislə birlikdə həyata keçirməli idi. Mərkəz göndərdiyi mütəxəssisə inansada əməliyyatın dəqiq yerinə yetirilməsinə əmin olmaq istəyirdi. Ona görə də Mübariz mütəxəssislə birlikdə bir neçə gün əvvəl piyada əlehinə minalardan təmizlənmiş dəhlizdən keçərək tapşırığı yerinə yetirməli idi. Əslində Mübarizin vəzifəsi tapşırığın yerinə yetirilməsinə nəzarət etməkdən ibarət idi. Yerdə qalan problemlərin həll edilməsi mütəxəssisin öhdəsinə düşürdü. Mübariz və mütəxəssis minalanmış sahələrə çatana qədər iki dəfə patrul tərəfindən saxlanmış, sənədləri qaydasında olduğu üçün yollarına davam etmişdilər. Mürəkkəb hava şəraitinə və çətinliklərə baxmayaraq axtardıqları ərazini tapmışdılar. Onlar xəritə üzərində qeyd olunmuş minalardan təmizlənmiş dəhlizi axtarırdılar. Kənarlarına çör-çöp basdırılmış dəhlizi tapıb irəliləməyə başladılar. Şübhə doğurmaması üçün hədəfə yaxınlaşdıqca dəhlizin kənarına basdırılmış çöplər seyrəkləşirdi.

Yenədə sınaqdan çıxmış metoddan istifadə edilərək «Bayraktar» və «Zərbə»lərin səmada manevr etməsini gözləyirdilər. Artıq gözlənilən proses başlamışdı. Səmada dronların peyda olması düşmən düşərgəsinə vəlvələ salmışdı. Düşmən hərbiçiləri tez bir zamanda öz postlarını tərk edib yeraltı qazmalara dolmuşdular. Mübariz komanda idarəetmə məntəqəsinin boşaldığına əmin olub mütəxəssislə birgə içəri daxil oldular. Mütəxəssis cəld hərəkətlə açarları yerinə taxıb fırlatdı və yaşıl düyməni basıb sistemi işə saldı. Təqribən beş dəqiqədən sonra özü ilə gətirdyi CD diskləri müəyyən olunmuş yerlərə taxıb gözləməyə başladı. Monitorda yazı ilə dolu sətirlər sayrışaraq sürətlə üzüyuxarı qaçırdılar. Mübariz mütəxəssisin hərəkətlərinə heyranlıqla tamaşa edir, baxışları ilə əl hərəkətlərini izləməyə çalışsa da buna nail ola bilmirdi. İyirmi dəqiqədən sonra sanki hər şey sakitləşdi. Monitorda durğunluq yaranmışdı. Mütəxəssis CD diskləri və xüsusi açarları yerindən çıxarıb cibinə qoyaraq dedi:

-Gedə bilərik.

Mübariz sistemin sönmədiyini görüb soruşdu:

-Sistemi söndürmək lazım deyil?

-Siz narahat olmayın. Yenidən yüklənmə başa çatdıqdan sonra sistem özü sönəcək.

Onlar komanda idarəetmə məntəqəsindən aralanıb Mübarizin təkidi ilə dayanıb gözləməyə başladılar. Bir qədər keçdikdən sonra mütəxəssis saata baxıb dedi:

-Artıq sistem sönmüşdür, arxayın gedə bilərik.

Mübariz dillənmədən komanda idarəetmə məntəqəsinə doğru qaçdı. O, qapını açıb baxdı. Monitor qaralmış, indiqatorlar sönmüş, posessorun səsi isə gəlmirdi. O, sistemin söndüyünə əmin olduqdan sonra dərhal geri qayıtdı. Mütəxəssis onun üzünə baxıb məmnun halda qımışdı. Əməliyyatın gedişatı Mübarizi qane etdiyi üçün əhvalı yüksəlmişdi. O, mütəxəssisin təbbəssümünə özünə məxsus gülüşlə cavab verib yollarına davam etdilər.


Davamı var...