Menu
Xəbər Lenti
21 Ağu 11:33Manşet / Gündəm / Səhiyyə

Heydər Əliyevin çağdaş səhiyyəmizin inkişafında müstəsna rolu olmuşdur

“HEYDƏR ƏLİYEV -100"

Bu il xalqımızın ulu öndəri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd edilir. Bunu nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin respublikamızda "Heydər Əliyev İli" elan edilməsi ulu öndərin əziz xatirəsinə xalqımızın ehtiramının ifadəsidir.

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın bütöv bir inkişaf epoxasının müəllifidir. 1969-cu ilin iyul ayından başlanan bu şərəfli epoxa özündə müasir tariximizin qürur doğuran səhifələrini cəmləşdirmişdir. Sovetlər dövrü Azərbaycanın iqtisadi baxımdan geridə olduğu bir vaxtda respublikamıza rəhbərliyə başlayan ulu öndər xalqımızı aydın gələcəyə, yüksək sosial rifaha aparan və eyni zamanda gələcək müstəqilliyimizin iqtisadi bazasını təşkil edəcək tərəqqi yolunun əsasını qoymuşdur.

Eyni missiyanı Heydər Əliyev müstəqilliyimizin ilk illərində də layiqincə yerinə yetirmişdir. Lakin bu dəfə ulu öndər həm də müstəqilliyimizi qorudu, dövlətçiliyimizi parçalanmaqdan xilas etdi. Bu gün müstəqil respublikamızda bütün sahələrdə əldə olunan inkişafın təməli də Heydər Əliyevin ikinci dəfə respublikamıza rəhbərliyə başladıqdan sonra qoyulmuşdur. Ulu öndər həm də Azərbaycan səhiyyəsinin yüksəlişinin banisidir.

Ümumiyyətlə, XX əsrin ikinci yarısında Azərbaycanda səhiyyə sahəsində əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet hakimiyyəti illərində ulu öndərin sayəsində respublikamızda səhiyyənin hərtərəfli inkişafı üçün bütün mümkün tədbirlər həyata keçirilmiş, vətəndaşlara göstərilən tibbi xidmətlərin səviyyəsində mühüm keyfiyyət dəyişiklikləri baş vermişdi. Ulu öndər Heydər Əliyev bu dövrkü fəaliyyəti barədə demişdir: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt sovetlər ittifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım".

Tarixdən də bəlli olduğu kimi, Azərbaycanın müstəqilliyinin ilk illərində yaranmış dərin böhran səhiyyədən də yan ötməmişdi. Həmin dövrə qədər böyük nailiyyətləri olan tibb sahəsi ölkədəki yarıtmaz idarəçiliyin nəticəsi kimi iflic vəziyyətinə düşmüş, vətəndaşlara tibbi xidmətlə bağlı formalaşmış dəyərlər sistemi demək olar ki, tamamilə dağılmışdı.

Yalnız Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra həyata keçirilən sosial islahatlar səhiyyəni də əhatə etmiş, bu sahədəki tənəzzülə son qoyulmuş və tibbi xidmətin müasir standartlar müstəvisinə keçirilməsi üçün əlverişli şərait yaranmışdır. Xüsusilə qeyd etməliyik ki, Heydər Əliyev insan amilini müəyyən edən məsələlər sırasında ölkə əhalisinin sağlamlığının qorunmasını və bu çərçivədə tibbi xidmətlərə əlçatanlığın təmin edilməsini xüsusi diqqət mərkəzində saxlayırdı. Ona görə bərbad vəziyyətə düşmüş səhiyyə sisteminin məhz bundan sonra sahmana salınmasına başlanılmışdır. Həmin dövrdən yeni, müasir standartlara uyğun səhiyyə obyektlərinin inşası start götürmüş, mövcud tibb müəssisələrinin yenidənqurulmasına başlanılmış, ambulator-poliklinika şəbəkələri genişləndirilmiş, ixtisaslaşmış müasir səhiyyə mərkəzləri istifadəyə verilmiş və tibb müəssisələrinin maddi-texniki bazası da möhkəmləndirilmişdir.

Bunlar əhalinin sağlamlığının qorunması istiqamətində ulu öndərimizin xalqımıza əvəzsiz töhfələri idi. Bunun da nəticəsində respublikamızda əhaliyə göstərilən tibbi xidmətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, sağlamlıq və səhiyyə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmış, hər hansı təhlükəli epidemiya və ya xəstəliklərin statistikasında artım baş verməmiş, həssas tibbi məsələlərlə bağlı vəziyyət qənaətbəxş olmuşdur.

Ulu öndər Heydər Əliyev tərəfindən səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyasının yaradılması da bu sahədəki addımların səmərəliliyinə xidmət etmişdir. Bu islahatlar həm də Azərbaycanın sosial dövlətə çevrilməsi yolunda ilk mütərəqqi addımlar idi.

Məmnunluq hissi ilə qeyd etməliyik ki, Heydər Əliyevin sosial siyasəti ötən 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilmişdir. Bu siyasətin ən böyük uğurlarından biri səhiyyəmizin keçdiyi sürətli inkişaf yoludur. Bu dövrdəki uğurlar o qədər əhatəlidir ki, onları bir məqalədə ətraflı ifadə etmək mümkün deyil.

Səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin ixtisas səviyyəsinin artması nəticəsində indi əhalinin dövlət tibb müəssisələrinə etibarı daha da artmışdır. Məhz belə tədbirlərin nəticəsidir ki, ölkəmizdə müalicəsi mümkün olmayan bir çox mürəkkəb xəstəliklər bu gün dövlət klinikalarında müalicə edilir.

Əsas uğurlarımızdan biri də artıq iki ildir ki, icbari tibbi sığortanın tam tətbiqidir. Əhalinin sağlamlığının qorunmasına xidmət edən icbari tibbi sığorta sisteminin yaradılması bir daha təsdiq edir ki, dövlətin sosial siyasətinin mərkəzində ilk növbədə insan amili dayanır.

Bu gün Azərbaycan səhiyyəsi dinamik inkişaf yolundadır. Bu inkişaf isə təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də təqdir olunur, Azərbaycanın iqtisadi qüdrətinin və sosial-siyasi nüfuzunun göstəricisi kimi qəbul edilir. Vətəndaşların sağlamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır. Bu sahədə görülən işlər və uğurlar həm də ondan xəbər verir ki, Heydər Əliyevin müəyyən etdiyi sosial siyasət və bütövlükdə ulu öndərin ideyaları layiqincə davam etdirilir.

 

Arif  Behbudov

“Tural” aptekin təhsisçisi və rəhbəri.

44 günlük Vətən müharibəsində cəbhəyə etdiyi xüsüsi köməkliyi ilə seçilən eyni zamanda şəhid ailələri və qazilərimizlə daimi maraqlanan onlara verdiyi dəstəyilə həmişə vətənsevgisi ilə seçilən YAP fəallarından biri