Menu
Xəbər Lenti
Tapdıq Əlibəyli  - 65
23-06-2026, 13:34

Tapdıq Əlibəyli - 65

Tapdıq Əlibəyli - 65
22-06-2026, 17:08

Tapdıq Əlibəyli - 65

25 İyun 2026 13:12Manşet / Gündəm / Sosial

“Ondan yaxşı qardaş yox idi...” Şəhid gizir Vidadi Nizami oğlu Zalovun bacılarının ürək sızladan xatirələri.

"Bu dünya bir igid gördü" sənədli povestindən bir epizod.

Bəzən bir insanın böyüklüyünü onun haqqında yazılan təltiflər, aldığı ordenlər və ya göstərdiyi qəhrəmanlıqlar deyil, doğmalarının göz yaşları və qəlbində yaşatdığı xatirələr daha aydın ifadə edir. Şəhid gizir Vidadi Nizami oğlu Zalov da məhz belə insanlardan idi. O, yalnız Vətən uğrunda döyüşən igid hərbçi deyil, həm də ailəsinin dayağı, bacılarının fəxri, yaxınlarının güvənc yeri idi.


Bu gün onun haqqında danışan bacıları hər dəfə eyni fikri söyləyirlər:


“Ondan yaxşı qardaş yox idi...”


Bu sözlər sadəcə bir qardaşa olan sevginin ifadəsi deyil. Bu sözlər ömür boyu unudulmayan qayğının, mərhəmətin, fədakarlığın və sonsuz məhəbbətin etirafıdır.


Şəhidin bacısı Aidə Zalovanın xatirələri Vidadi Zalovun necə böyük ürəyə sahib insan olduğunu bir daha göstərir:


“Vidadi həqiqətən sözün əsl mənasında qeyrətli, əvəzolunmaz qardaş idi. Kiçik yaşlarımızdan etibarən hər zaman bizim qayğımızı çəkərdi. Nazımızla oynayar, bizi heç vaxt incitməzdi. Onun xoş və mehriban sözləri, diqqətli davranışları bu gün də yaddaşımızdadır. İllər keçsə də, onları unutmaq mümkün deyil.”


Doğrudan da, bəzi insanlar ailədə sadəcə övlad və ya qardaş olmurlar. Onlar evin işığına, ailənin dayağına çevrilirlər. Vidadi də belə insan idi. O, bacılarının sevincinə sevinər, kədərinə kədərlənərdi. Hər zaman onların yanında olmağa çalışardı.


Lakin Vidadinin böyüklüyü yalnız ailəsinə göstərdiyi qayğı ilə məhdudlaşmırdı. O, həm də Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirən qəhrəman döyüşçü idi.


Aidə xanım qardaşının qəhrəmanlığından danışarkən kövrəlir:


“Qardaşımın mərdliyindən, qəhrəmanlığından danışsaq, inan ki, bitməz. Müharibədən qayıdanda bizə yeni həyat bəxş etmiş kimi oldu. O, igid, qorxmaz və əyilməz insan idi. Amma heç vaxt öz qəhrəmanlıqlarından danışmazdı. Biz onun göstərdiyi şücaətləri başqalarından eşidirdik.”


Əsl qəhrəmanlar çox zaman öz qəhrəmanlıqlarını dilə gətirmirlər. Onlar etdiklərini vəzifə hesab edir, bunu adi bir borc kimi qəbul edirlər. Vidadi Zalov da məhz belə oğullardan idi.


Bir gün bacısı ona müharibə haqqında sual verir. Həmin söhbət bu gün də yaddaşlardan silinmir:


“Bacı, mən heç vaxt əsgərlərimi qabağa verməmişəm.”


Bu bir cümlənin arxasında necə böyük məsuliyyət, necə böyük insanlıq dayanır. Əsgərini özündən qabağa verməyən komandir, hər şeydən əvvəl əsl liderdir. O, təhlükəni özü qarşılayır, silahdaşlarını qorumağa çalışırdı.


Döyüş meydanlarında erməni təxribatçılarına qarşı mərdliklə vuruşan Vidadi Zalov ölümün gözünə dik baxırdı. Güllələrin və mərmilərin altında belə ruhdan düşmür, əsgər yoldaşlarına dayaq olurdu. Gözləri önündə neçə-neçə döyüş yoldaşı şəhid olsa da, o, qələbəyə olan inamını itirməmişdi.


Onu ayaqda saxlayan ən böyük güc Vətən sevgisi idi.


Torpaq sevgisi.


Şəhid yoldaşlarının qisasını almaq arzusu.


Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərin cavabını vermək əzmi.


Bacısının sözlərinə görə, Vidadi müharibə zamanı düşmənin texnikasını və hərbi vasitələrini ələ keçirməyi də bacarmışdı. Lakin bütün bunları heç vaxt öyünərək danışmırdı.


O, hətta düşmən evlərinə daxil olanda belə qadınlara və uşaqlara toxunulmasına imkan vermirdi. Çünki onun üçün insanlıq hər şeydən üstün idi.


Bu xüsusiyyətlər əsl Azərbaycan əsgərinin mənəvi simasını göstərirdi.


2023-cü ilin aprel ayı...


Həmin ay ailənin taleyinə qara hərflərlə yazıldı…


Ata, ana, oğul, bacılar qardaş, övladlar ata itirdi. Vətən Azərbaycan isə Qəhrəman qazandı.


Heç kim bilmirdi ki, adi görünən bir vida son görüş olacaq.


Aidə xanım həmin günü belə xatırlayır:


“Getməzdən əvvəl hər kəsin istəyini yerinə yetirdi. Hamı ilə görüşdü. Mənimlə görüşə bilmədi. Məni çağırmaq istədilər. Dedi ki, 'Bacı, mən getdim, iki günə qayıdacağam.' Mən arxasınca qaçdım, amma çata bilmədim.”


Bəzən insan taleyin yazdığı son səhnədən xəbərsiz olur. Həmin anlar sonradan ömür boyu xatirələrdə yaşayır.


Vidadi həmin gün fərqli idi.


Sanki tələsirdi.


Sanki onu böyük bir missiya gözləyirdi.


Sanki şəhidlik zirvəsinə doğru addımlayırdı.


Şəhid olmasından cəmi iki saat əvvəl Aidə xanımla görüntülü danışmışdı.


Bu, onların son söhbəti oldu.


Qardaşının üzündə qəribə bir sevinc vardı.


O, yeni mövqe tutduqları torpağı göstərərək dedi:


“Bax, bu torpağı yeni almışıq.”


Aidə xanım təəccüblə soruşmuşdu:


“Bu qədər torpaq üçün niyə belə sevinirsən?”


Vidadinin cavabı isə hərbçi ömrünün, Vətən sevgisinin ən böyük ifadəsi idi:


“Biz bir qarış torpaq üçün nə qədər əziyyət çəkirik...”


Bu sözlər onun həyat fəlsəfəsini əks etdirirdi.


Çünki o bilirdi ki, torpaq sadəcə ərazi deyil.


Torpaq Vətəndir.


Torpaq şəhid qanıdır.


Torpaq gələcək nəsillərin taleyidir.


Həmin görüntülü danışıq zamanı o, qarşı tərəfdə görünən erməniləri də göstərmişdi.


Bacısı narahatlıqla ona ehtiyatlı olmağı tövsiyə etmişdi.


Lakin Vidadi özünəməxsus əminliklə cavab vermişdi:


“Onların nəyindən qorxacağam? Tülkünün biridirlər. Bizə heç nə edə bilməzlər.”


Bu, qorxmaz Azərbaycan əsgərinin səsi idi.


Həmin gün axşam televiziyada sərhəd bölgəsində təxribat baş verdiyi xəbəri yayıldı.


Aidə xanım göstərilən məkanı görəndə ürəyinin sancıldığını deyir.


Sanki qəlbi ona nəyinsə baş verdiyini xəbər vermişdi.


Telefon zəngləri cavabsız qalırdı.


Gözləmə isə getdikcə ağırlaşırdı.


Sonra insanlar gəlməyə başladı...


Hamı bir həqiqəti bilirdi.


Təkcə bacı inanmaq istəmirdi.


Çünki onun qardaşı dağ kimi möhkəm idi.


Çünki o, müharibədən sağ çıxmışdı.


Çünki vaxtilə onun haqqında da şəhid xəbəri yayılmışdı və sonra məlum olmuşdu ki, bu xəbər doğru deyil.


Bu dəfə isə hər şey başqa cür idi.


Bu dəfə Vidadi Zalov şəhidlik zirvəsinə yüksəlmişdi.


Bu dəfə onun ruhu özündən qabaq gəlmişdi.


Aidə xanım həmin anları belə təsvir edir:


“Onun tabutu dalğa kimi gəldi. Çiyinlər üzərində dalğalandı. Sonra onu bizdən alıb torpağa tapşırdılar.”


Ən ağır ayrılıq budur.


Bir insanın cismi torpağa qovuşur, amma ruhu xalqın yaddaşında yaşayır.


Şəhidlər ölmürlər.


Onlar sadəcə görünməyən həyata köçürlər.


Aidə xanımın xatirələrində xüsusi yer tutan başqa bir hadisə də var…


“Ruhun evimizə qonaq gəlmişdi qardaş!”


Qardaşının dəfnindən sonra yorğun halda onun yatağında yuxuya gedir.


Birdən başında bir əl hiss edir.


Gözlərini açanda qardaşını görür.


Vidadi ona qəmli baxışlarla baxır.


Bu, bəlkə də bir yuxu idi.


Bəlkə də qardaş həsrətinin yaratdığı bir görüntü.


Amma Aidə xanım üçün bu, son vida idi.


Çünki o artıq ruhdan qorxmurdu.


Çünki qarşısındakı adi bir ruh deyildi.


O, Vətən uğrunda canını fəda etmiş bir şəhid idi.


Əbədiyyətin simvolu idi.


Bu gün Vidadi Zalovun adı Azərbaycanın qəhrəman oğulları sırasında hörmətlə çəkilir. Onun döyüş yolu, mərdliyi, əsgərlərinə olan qayğısı və Vətən sevgisi gənc nəsillər üçün örnəkdir.


Amma bütün qəhrəmanlıqlarından daha böyük bir həqiqət var.


O, bacılarının yaddaşında hər şeydən əvvəl qayğıkeş qardaş olaraq yaşayır.


Məhz buna görə də illər keçsə də, bacılarının dilindən eyni söz səslənir:


“Ondan yaxşı qardaş yox idi...”


Bu sözlər bir ömrün xülasəsidir.


Bu sözlər bir qəhrəmanın ən böyük mükafatıdır.


Bu sözlər Vidadi Zalovun ailəsinin qəlbində yaşayan əbədiyyət xatirəsidir.


Və… Bu xatirə yaşadıqca, şəhid gizir Vidadi Nizami oğlu Zalov da yaşayacaq. Çünki Vətən uğrunda canından keçənlər heç vaxt unudulmurlar. Onlar xalqın yaddaşında, doğmalarının dualarında və Azərbaycanın şanlı tarixində əbədi yaşamaqdadırlar!