Menu
Xəbər Lenti
02 Fevral 2026 10:00Manşet / Gündəm

Gəncliyə dəyər, vətənə devgi: Zərniyar Kərimovadan Azərbaycan gənclərinə səmimi təbrik

 

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə xeyriyyəçi və vətənpərvər xanım Zərniyar Kərimova ölkəmizin gənclərini səmimi-qəlbdən təbrik edərək, onlara öz xoş arzularını çatdırıb. Bu əlamətdar gün münasibətilə səsləndirilən təbrik gəncliyə verilən yüksək dəyərin, onların cəmiyyətimizdə tutduğu mühüm yerin bariz ifadəsidir. Zərniyar Kərimova gəncləri Azərbaycanın bu günü və sabahı, dövlətimizin ən böyük strateji gücü adlandıraraq, onların bilik və bacarıqlarına, vətənpərvərlik ruhuna daim güvəndiyini vurğulayıb.


Azərbaycan gəncləri tarix boyu milli-mənəvi dəyərlərə sadiqliyi, vətənə sevgisi və fədakarlığı ilə seçilib. Müstəqil dövlətimizin möhkəmlənməsində, cəmiyyətin inkişafında və ölkəmizin beynəlxalq arenada tanınmasında gənclərin rolu danılmazdır. Zərniyar Kərimova öz təbrikində məhz bu məqama xüsusi diqqət yetirərək bildirib ki, gənclərimizin qazandığı hər bir uğur Azərbaycanın uğurudur. Onların elm, təhsil, mədəniyyət, idman və ictimai fəaliyyət sahələrində əldə etdikləri nailiyyətlər gələcəyə olan inamı daha da gücləndirir.


Xeyriyyəçilik fəaliyyəti ilə tanınan Zərniyar Kərimova uzun illərdir ki, gənclərə, xüsusilə də sosial həssas təbəqədən olan ailələrin övladlarına diqqət və qayğı ilə yanaşır. Onun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən sosial layihələr, yardım aksiyaları və mənəvi dəstək nümunələri gənclərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Zərniyar xanım gənclərin yalnız maddi deyil, eyni zamanda mənəvi baxımdan da dəstəklənməsinin vacibliyini hər zaman ön plana çəkir.


Zərniyar Kərimova qeyd edib ki, Azərbaycan gəncliyi bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin real bəhrəsini görür. Bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclər üçün geniş imkanlar yaradılır. Dövlətin gənclərə göstərdiyi diqqət və qayğı, onların hərtərəfli inkişafı üçün atılan addımlar cəmiyyətin gələcəyinə hesablanmış strateji yanaşmadır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin təhsili, sağlamlığı və mədəni inkişafı istiqamətində gördüyü işlər də gənclər üçün nümunəvi dəstəkdir.


Xanım Zərniyar Kərimova xüsusilə vurğulayıb ki, Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıq, şücaət və birlik ruhu Azərbaycan gəncliyinin nə qədər güclü və vətənpərvər olduğunu bütün dünyaya sübut etdi. Şəhid və qazilərimizin timsalında gənclərimizin fədakarlığı, dövlətə və xalqa sədaqəti hər bir azərbaycanlı üçün qürur mənbəyidir.


Sonda Zərniyar Kərimova bütün Azərbaycan gənclərinə möhkəm cansağlığı, uğurlar, aydın məqsədlər və parlaq gələcək arzulayıb. O, gəncləri daim öz üzərində çalışmağa, biliklərini artırmağa, milli dəyərlərə sadiq qalmağa və Vətənə layiqli xidmət etməyə çağırıb. Zərniyar Kərimovanın bu səmimi təbriki bir daha göstərir ki, gəncliyə inam və dəstək cəmiyyətimizin ən güclü dayaqlarından biridir.


2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi təbrik edirik!


 

Hazırladı: Fərid Faiqoğlu