General-mayor Vurğun Süleymanovun adı keçən dələduzluq iddiası: qarşı tərəf susur, zərərçəkən danışır
İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir
Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu
TAİB-in aydınları- Tapdıq Əlibəyli
Tapdıq Abış oğlu Əlibəyli 1 iyul 1961-ci ildə Yardımlı rayonunun Bürzünbül kəndində anadan olub. Azərbaycanın dilbər guşələrindən olan, qədim “Yardəm” şəhərinin adı ilə bağlı olan Yardımlı kiçik bir yer olmasına baxmayaraq, yüzlərlə görkəmli insanlar yetişdirmişdir. Yardımlıda ilk dəfə olanda qartallar diyarı olaraq yaddaşıma həkk oldu. Həm insanların məğrurluğu, həm də qartal qıylarından qaynaqlanan duyğularım "Süən qartallar diyarı" adlı bir hekayə toxudu. Qəhrəmanımın doğulduğu Bürzünbül kəndi dağların yamacında məğrur duruşuyla ilan kimi qıvrılan yollara boylanır. Kəndin tozlu yollarında qarğı atını minən, qayalara dırmanaraq qartal səsinə səs verən balaca Tapdıq bilmirdi ki, bir gün bu yurdun dəyərli, hörmətli şəxsiyyətinə çevirələcək.
Hamarkənd kənd orta məktəbini tərifnamə ilə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universitetində ali təhsil alan Tapdıq Əlibəyli uşaqlıqdan ədəbiyyat vurğunu idi. Gözəl mənzərəli, axarlı-baxarlı yurdunun ekzotik görüntüsü, gecə quşlarının səsi, kiçik pəncərədən görünən göy üzünün nağıl naxışı qəlbində şeriyyətə çevrilirdi. Günəş, ay, ulduzlar, hava, su, torpaq, daş, qaya onun üçün cansız deyildi. Gözəl qəlbinin qaynayan duyğuları ilə onlarla söhbətləşməyə başlamışdı. İnsan üçün yaşamın vacib şərtindən biri ədəbdir. Dindar yurdun əxlaq nizamı onun da xarakterinin formalaşmasında böyük rol oynayırdı. Ümumiyyətlə, bu yurdda örnək bir missiya formalaşmışdır. Hər ailə öz övladını şəxsiyyət kimi yetişdirirdi. Tapdıq Əlibəyli də klassik ailənin əxlaq kodeksinə fokuslanmışdı. Bakıda məskunlaşan şair artıq yavaş-yavaş tanınmağa başlamışdı. Onun şeirləri kitablara salınır, dövrü mətbuatda davamlı olaraq dərc olunurdu.
Məşhur rus tarixçisi Klüçevski deyir ki, xarakter insanın öz üzərində, istedad isə – başqaları üzərində hakim olmasıdır. Hər iki nüansı özündə formalaşdıran, ağır oturub batman gələn, gənc yaşından el içində sayılıb-seçilən Tapdıq Əlibəyli işlədiyi kollektivdə, olduğu hər yerdə davranış mədəniyyəti, sadəliyi və təvazökarlığı ilə sevilir. Vətənpərvər şeirləri ilə daha çox tanınan şairin 44 günlük Vətən müharibəsinə həsr olunmuş 08 yanvar 2021-ci il tarixdə işıq üzü görmüş "Payız çöhrəsində yazdı 44 Gün" kitabı ilə ilkə imza atmış şair-publisistdir. Tapdıq Əlibəyli bu gün də ictimai fəallığı ilə seçilənlərdəndir. 20-dən çox kitabın müəllifi olan şair, publisist yazıları ilə də gündəmdən düşmür. Ədəbi və ictimai fəaliyyətinə görə "Qızıl qələm" media mükafatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Fəxri diplom" və "Hərbi vətənpərvərlik — 80" Yubiley medalı, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının, Alimlər Evinin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Təşəkkürnamə" və diplomlarına layiq görülmüşdür. Dəyərli agsaqqalımız Prezident təqaüdçüsüdür. Dövlət mustəqilliyimizin bərpa edilməsinin 20 illiyinə ithaf olunmuş "Azərbaycan" adlı diski kütləvi tirajla işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Türk Ağsaqqalları Birliyi (TAİB) İdarə Heyətinin üzvü, "Heyrət" dərgisi və "Konstitusiya" qəzetinin təsisçisidir. Xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub. Vətənini, dövlətini ürəkdən sevən hər bir kəs son nəfəsinə kimi yararlı olmağa çalışır, gücü çatan qədər cəmiyyətə töhfə verməyə, gənclərə yol göstərməyə çalışır.
Tapdıq Əlibəyli Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin ilk üzvlərindəndir. Təşkilat ilk yarandığı gündən fəallığı və məsuliyyəti ilə birliyin bütün işlərində ön sırada addımlayır gözəl şairimiz. Mərkəzi ofisin aydınlarından, nurlarından biri olan dəyərli ağsaqqalımızdan nə qədər yazsam, cümlələr bitməz. Yazımın sonunu Tapdıq Əlibəylinin öz düşüncələri ilə bitirirəm:
“Düşüncələrimə müqəddimə olaraq təbiət-cəmiyyət müvaziliyində bir müqayisə aparmaq istərdim. İlahi qüdrətlə günəş hər sabah sökülən dan yerindən səhərin şəfəqləri ilə boy göstərir və zamanın axarında, vaxt-vədəsində isə üfüqlərdə qürub edir... Dünyanın bu əzəli-əbədi mənzərəsi yaranışdan beləcə sərgilənib dövr etməkdədir. Günəş doğur və qürüb edir... Düşünürəm ki, işıqlı insanlar da belədir. Həyata vida desələr də, yaddaşlara köçən əməlləri ilə yenidən doğulurlar. Belələri sanki günəştək qürüb edib... Unudulmaz aydınlarımız...”.
Aqillər deyirlər ki, müdriklər təkcə işıqlı düşüncələri gəzdirən deyil, elə-obaya mayak olaraq, davranışları ilə nümunə olan, gələcək nəsillərə lokomotiv olanlardır. Bizim agsaqqal dəyərimiz Tapdıq Əlibəyli kimi.....
Şərafət Şəfa,
Agsaqqallar.com





















































