Tüklə kəndində Zəfər Gününə həsr olunmuş möhtəşəm tədbir – Şəhidlər Parkı və Abidə Kompleksinin açılışı baş tutdu
Xəbər saytlarının alınmasından qazanılan pullar - Adnan Əhmədzadə işində adı keçən Elnur Abdullayev kimdir?
Yolların abadlığı, xidmətin keyfiyyəti – “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin fədakar əməyi
“Dövlətin yaratdığı imkanlardan bəhrələnib sərvət yığanları görəndə insanı dəhşət bürüyür”
34 nömrəli tam orta ümumtəhsil orta məktəbin direktoru Nəcibə Axundova “Şəhid ailələrinə və qazilərə diqqət göstərən fədakar təhsil rəhbəri”
Bakı şəhəri 248 nömrəli tam orta məktəbin direktoru Fərəcov Xəyyam - "TƏHSİL FƏDAİSİ, ƏSL PEDAQOQ"
"Art Weekend"nçərçivəsində "Nəfəs-söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı keçirildi
Tüklə kəndində Zəfər Gününə həsr olunmuş möhtəşəm tədbir – Şəhidlər Parkı və Abidə Kompleksinin açılışı baş tutdu
8 noyabr – Zəfər Günü münasibətilə Masallı rayonunun Tüklə kəndində təntənəli tədbir keçirilib. Bu münasibətlə yenidən qurulan Şəhidlər Parkı və Abidə Kompleksinin açılışı kənd ictimaiyyətinin böyük iştirakı ilə baş tutub.
Tədbir Tüklə Ərazi nümayəndəliyinin, Ə. İbadov adına Tüklə kənd tam orta məktəbinin, bələdiyyənin və xeyriyyəçilərin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərimizin ruhuna ehtiram, vətənpərvərlik nümunəsi
Çıxış edənlər qeyd ediblər ki, 8 Noyabr xalqımızın tarixində şərəf, qürur və qəhrəmanlıq səhifəsidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni darmadağın edərək ərazi bütövlüyümüzü bərpa edib. Bu Zəfər həm ordumuzun qüdrətinin, həm də xalqımızın birliyinin təntənəsidir.
Tədbirdə kəndin ağsaqqalları, ziyalılar, müəllimlər və məktəblilər şəhidlərimizin qəhrəmanlığından, onların göstərdiyi igidlik və vətənpərvərlik nümunələrindən danışaraq qeyd ediblər ki, bu gün hər bir azərbaycanlı şəhidlərimizin sayəsində azad, müstəqil və qalib ölkədə yaşayır.
Hacı Elşad Şəfəqqətovun çıxışı – “Şəhidlərimizin ruhu qarşısında baş əyirəm”
Tədbirdə çıxış edən xeyriyyəçi Hacı Elşad Şəfəqqətov bildirib ki, bu gün Tüklə kəndi üçün böyük və unudulmaz gündür.
“Biz bu torpaqlarda rahat gəzib-dolaşırıqsa, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanılmış bu azadlıq sayəsindədir. Onların qarşısında borcumuz sonsuzdur. Mən bir kənd sakini, bir azərbaycanlı kimi şəhid ailələrinin yanında olmaqdan, onların xatirəsini əbədiləşdirməkdən qürur duyuram,” – deyə Hacı Elşad müəllim çıxışında qeyd edib.
O bildirib ki, Tüklə kəndində şəhidlərin adını yaşatmaq, gələcək nəsillərə vətən sevgisini aşılamaq məqsədilə Şəhidlər Parkı və Abidə Kompleksinin tikintisi, yolların yenilənməsi və park ərazisinin abadlaşdırılması xeyriyyəçi Hacı Elşad Şəfəqqətovun, onun xeyriyyəçi dostlarının və kənd camaatının birgə təşəbbüsü ilə həyata keçirilib.
“Bu abidə təkcə bir daş, bir tikili deyil – bu, bir rəmzdir. Şəhidlərimizin əziz xatirəsinə, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq niyyətinə ucaldılmış bir simvoldur. Bu parkda gəzən hər bir uşaq biləcək ki, bu torpaqlar kimlərin qanı ilə azad olub,” – deyə Hacı Elşad Şəfəqqətov vurğulayıb.
Hacı Elşad müəllim həmçinin qeyd edib ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq və inkişaf siyasəti nəticəsində bölgələrdə, o cümlədən Masallıda mühüm sosial layihələr reallaşır.
“Biz vətəndaş olaraq bu işlərə öz töhfəmizi verməliyik. Mən inanıram ki, birlikdə, həmrəyliklə kəndimizi, rayonumuzu, ölkəmizi daha da gözəlləşdirəcəyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, dövlətimizi daim uca eləsin,” – deyə xeyriyyəçi çıxışını tamamlayıb.
Tədbir vətənpərvərlik ruhunda davam etdi
Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik ruhunda şeirlər və musiqi kompozisiyaları səsləndirilib. Şəhid ailələri və qazilər çıxış edərək onlara göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını ifadə ediblər.
Bu möhtəşəm gün Tüklə kəndində həm birliyin, həm vətən sevgisinin, həm də minnətdarlığın təntənəsinə çevrilib.
Cənubünsəsi
Mərhəmət Lələyev
Məlumatdan istifadə etdikdə istinad mütləqdir





































































































