Menu
Xəbər Lenti
21 İyul 2025 20:30Manşet / Gündəm

İş adamı Cəbrayıl Cəbrayılov: 150 ilə yaxın yaşı olan Azərbaycan milli mətbuatı

 

Bu il Azərbaycan xalqı üçün əlamətdar və qürurverici bir hadisənin – milli mətbuatımızın 150 illik yubileyinin qeyd olunduğu bir dövrdür. 1875-ci ilin 22 iyulunda Həsən bəy Zərdabinin böyük maarifçilik və ictimai düşüncə nümunəsi kimi ərsəyə gətirdiyi “Əkinçi” qəzeti təkcə bir nəşr deyildi – o, bir ideya idi, bir maarif hərəkatı, bir xalqın mədəni və milli dirçəliş çağırışı idi. Məhz bu qəzetlə milli mətbuatımızın təməli qoyuldu və bu gün artıq 150 illik zəngin bir yolun arxada qalmasına şahidlik edirik.

Bu əlamətdar tarix münasibətilə tanınmış iş adamı, və xeyriyyəçi Cəbrayıl Cəbrayılov Azərbaycan mətbuatını, bütün media işçilərini, redaktorları və jurnalistləri ürəkdən təbrik edir, onların xalq üçün gördüyü şərəfli və məsuliyyətli fəaliyyətini yüksək dəyərləndirdiyini bildirir.

Cəbrayıl Cəbrayılov vurğulayır ki, milli mətbuatımız ötən 150 ildə müxtəlif ictimai-siyasi rejimlərin, savaşların, senzura dövrlərinin, azadlıq hərəkatlarının, sovet imperiyasının və nəhayət, müstəqilliyin müxtəlif mərhələlərindən keçərək bu günkü inkişaf mərhələsinə gəlib çıxmışdır. Bu yol asan və düz xətt üzrə olmamışdır, lakin xalqın sözə, gerçəyə, doğru xəbərə olan ehtiyacı mətbuatın yaşamasına və inkişaf etməsinə zəmin yaratmışdır.

Cəbrayıl müəllim qeyd edir ki, “Əkinçi” qəzetinin nəşri Azərbaycan xalqının informasiya məkanında öz sözünü deməyə başladığı ilk gündür. Həsən bəy Zərdabi bu qəzet vasitəsilə xalqı maarifləndirmək, savadlandırmaq, milli şüuru oyatmaq kimi müqəddəs bir missiyanı həyata keçirdi. Bugünkü media orqanlarının qarşısında da eyni ali məqsədlər dayanır – doğru və dürüst informasiyanı operativ şəkildə çatdırmaq, cəmiyyətin maarifləndirilməsində və vətəndaşların fəallığının artırılmasında mühüm rol oynamaq.

İş adamı Cəbrayıl Cəbrayılov hesab edir ki, güclü və məsuliyyətli mətbuat cəmiyyətin inkişafında, sosial ədalətin bərqərar olmasında, ictimai nəzarətin güclənməsində əsas rol oynayan institutlardan biridir. “Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmlənməsi, insanların hüquq və azadlıqları uğrunda sivil mübarizənin dəstəklənməsi, şəffaflığın və hesabatlılığın təmin olunması baxımından medianın rolu əvəzsizdir,” – deyə Cəbrayıl müəllim bildirir.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə mətbuatın inkişafı və media mühitinin liberallaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar da bu sahəyə göstərilən yüksək diqqət və qayğının göstəricisidir. Media Agentliyinin yaradılması, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, peşəkar medianın təşviqi istiqamətində atılan addımlar Cəbrayıl müəllimin fikrincə, Azərbaycanın informasiya məkanını daha da gücləndirməkdədir.

Cəbrayıl Cəbrayılov xüsusilə vurğulayır ki, iş adamı olaraq daim mətbuatla əməkdaşlığa önəm verir, obyektiv və məsuliyyətli jurnalistikanın inkişafını dəstəkləyir. Onun sözlərinə görə, media biznes və cəmiyyət arasında körpü rolunu oynayır, ictimai maraqları ifadə etməklə yanaşı, sosial məsuliyyətə də təkan verir. “Biznes qurumları da jurnalistika ilə tərəfdaş olmalıdır. Çünki şəffaflıq, sosial məsuliyyət və ictimai dəyərlərin qorunması bu iki sahənin ortaq marağındadır,” – deyə o bildirir.

Bununla yanaşı, Cəbrayıl müəllim media nümayəndələrinin sosial məsələlərə, xüsusilə şəhid ailələrinə, qazilərə, aztəminatlı təbəqələrə və regionlardakı problemlərə göstərdiyi diqqəti yüksək qiymətləndirir. O, hesab edir ki, mətbuat sadəcə informasiya ötürücüsü deyil, həm də ictimai vicdandır.

Azərbaycan mətbuatı ötən əsrin sonlarından başlayaraq, xüsusilə müstəqillik illərində öz funksiyalarını daha da genişləndirərək informasiya cəmiyyətinin formalaşmasında aparıcı qüvvəyə çevrilmişdir. 44 günlük Vətən müharibəsi dövründə də jurnalistlər öz peşəkarlıqları və vətənpərvərlikləri ilə cəbhədə və informasiya müstəvisində əsl qəhrəmanlıq göstərdilər. Bu, həm də mətbuatımızın dövlətçiliyə və xalqa bağlı olduğunun bariz nümunəsi idi.

Cəbrayıl Cəbrayılov qeyd edir ki, bu gün Azərbaycan jurnalistikasının qarşısında yeni çağırışlar durur. Qloballaşan dünyada informasiya sürəti, süni intellektin informasiya məkanına təsiri və sosial medianın güclənməsi kontekstində peşəkar jurnalistikanın rolu daha da əhəmiyyətli olur. Ona görə də jurnalistlər daha hazırlıqlı, araşdırıcı və ictimai maraqlara sadiq olmalıdırlar.

Cəbrayıl Cəbrayılov Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edir, onlara cansağlığı, uğurlar, cəmiyyət və dövlət üçün faydalı fəaliyyət arzulayır. O, əminliklə bildirir ki, Həsən bəy Zərdabinin işıqlandırdığı yol, bu gün daha da genişlənərək, öz müasir davamçıları ilə Azərbaycanın inkişafına, milli dəyərlərin təbliğinə və cəmiyyətin maariflənməsinə xidmət etməkdə davam edir.

Azərbaycan milli mətbuatının 150 illik yubileyi mübarək! Sözün gücü daim xalqın və dövlətin xidmətində olsun!