Menu
Xəbər Lenti
Tramp tarixə düşdü
Bugün, 09:29

Tramp tarixə düşdü

Allah rəhmət eləsin!
17-04-2025, 18:07

Allah rəhmət eləsin!

18 Aprel 2025 13:43Manşet / Gündəm / Sosial

DAŞ QARTAL ƏFSANƏSİ - Şəhid Vidadi Nizami oğlu Zalovun əbədi xatirəsinə...

Salam Vətn Oğlu!


Ağlayır yol üstə dilsiz qayalar,
Damlaların yeri göz kimi çuxur,
Çoxdanmı ağlayır, çoxmu ağlayır,
Biləni olmayıb, biləni yoxdur.
Yağan yağışları, selləri udur,
Qayalar ağlayır, ağlayır yenə...


Həsrət yaman uzun çəkdi, olmayan qədər, bəs deyən qədər. Daş qartalın əfsanəsini xatırlayıram, həsrətin uzunluğundan bu dərdə dözməyib dağ zirvəsində daşlaşan ucalıq rəmzi qartal... O əzəməti, qəzəbli baxışı, məğrur duruşu ilə daşa dönən qartal. Elə dartınıb, elə daşlaşıb ki, yan-yörəsindən qoca qartallar da uçmağa qorxur, zəhmindən. Daş qartalın daşa dönmüş zəhmi də möhtəşəmdir. Bir himə bənddi, bircə himə. Silkinib oyansın, dağı da havaya qaldırmağa qüdrəti çatan qartal... Məğrur Qartallardan biri idi o!
Zəruri giriş: Vidadi Zalov 17 iyul 1985-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində vaxtilə orada sovxoz direktoru işləmiş Nizami Zalovun yeganə oğul övladı olaraq anadan olmuşdur. 1992–2003-cü illərdə Azim Müzəffərov adına Abşeron rayon Saray qəsəbə 2 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdur. 2007-ci ildə həmin universitetin Maliyyə fakültəsindən məzun olmuşdur. Ailəli idi, Nizami adlı oğlu, Humay adlı qızı yadigar qaldı.
Vidadi Zalov ali təhsil aldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən 1 il müddətində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. Sonra isə Müdafiə Nazirliyinin "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmış, kursları bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qayıtmışdır. Dörd ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir. Hərbi xidmət zamanı fərqləndiyinə görə hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılmış, 26 iyun 2018-ci ildə Müdafiə naziri Zakir Həsənov tərəfindən "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Vidadi Zalov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vidadi Zalov "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Vətən müharibəsində iştirakına görə Vidadi Zalov baş nazir Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edildi.
Vətən müharibəsi bitdikdən sonra bir neçə medallarla təltif olunan Vidadi Zalov "Gizirlik kursu"na yazılmış, kursu müvəffəqiyyətlə bitirdikdən sonra "kiçik çavuş" rütbəsindən "gizir" rütbəsinə yüksəlmişdi. Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonu istiqamətində yerləşən "N" saylı hərbi hissələrdən birində hərbi xidmətini davam etdirirdi.
11 aprel 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutmuşdur. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olmuş və yaralanmışdır. Baş verən qarşıdurma nəticəsində Vidadi Zalov döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Vidadi Zalovun nəşi evinə gətirilərək 12 aprel 2023-cü ildə doğulduğu Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunmuşdur. Dəfn mərasimində Vidadi Zalovun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak etmişlər.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2023 tarixli sərəncamına əsasın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vidadi Zalov “Vətən uğrunda” medalı ilə təltif edilib.


Daşlaşmış qartalın əfsanəsi – Vidadinin hekayəsi belə başladı. O, qartal əzəməti ilə, qartal məğrurluğu ilə, qartal misalında, qartal nümunəsində öz ucalığına qovuşdu. Vidadi Zalov vətən Azərbaycanın 3080 qartalından biri. “Mən bu həyata çoxunun gücü çatmayanı çatan etmək missiyası ilə gəldim” deyənlərdən oldu. Siz, Allahın üzümüzə açdığı qapısınız, sayənizdə qələbə havasını oynadıq və bu bizim havamızdı dedik. Göylər bu gün bizim havamızı çalır. Təmizləndik, silkindik, çıxdıq aydınlıqlara, götürdük üstümüzdən məğlub damğasını. Sizsiniz bu havanın – bu qələbənin müəllifləri! İlahi məğlub qalma qorxusunu, İlahi qalib fəxarətinə bizi çatdıranlardan biri. Haqqın qələbəsinə, İlahi ədalətin bərqərar olmasının səbəbkarlardan biri olan şərəfli qardaşlarımız. Siz bir də bunu sübuta yetirdiniz ki, qələbə haqqını özündə saxlamaq hər bir ləyaqətli kişinin borcudur. Bu borc hissi idi səni böyük yolun yolçusuna çevirdi. Uzun, ucadan da uca mavi rəngə bürünmüş əbədiyyət və əbədiyaşarlıq ucalığı.
Sənin bir özəlliyin də bu idi ki, sən 44 günlük Vətən müharibəsinin qəhrəmanı idin. Qalib vətənin, qalib qəhrəmanı. Göylər üçün yaranmışların Yerdə nə işi, sən göylər üçün yaranmışdın. Yolun bu yol idi, çox uzun, keşməkeşli, çətin, daşlı-kəsəkli, azadlıq sevdası ilə yanan bir Simurq quşu. Vətən üçün yaranmışdın, bu yolda da ən əziz olanını, canını fəda etməyə şərəf andı içmişdin. 44 günlük Vətən müharibəsi sənin üçün hələ davam edirdi. Nə qədər ki, mənfur düşmən öz xain əməllərindədi sənin kimi qəhrəmanlar rahat yaşaya bilməzdi. Azadlıq andı içən qəhrəman qaraşımız – Vidadi Nizami oğlu Zalov.

Mən öləndə məni basdırarsınız,
Yüksək bir təpədə, bir dağ başında,
Elə bir yerdə ki, görünsün yalnız,
Bu gözəl vətənim, onun başından...


O ucalıqdan Vətən necə də gözəl görünür. Deyilənə görə o dünyanın qatı yeddidir. Yeddi qatın ucalığı Tanrınındı. Tanrı isə bu ucalığı o kəslərlə bölüşür, onun adına şəhid deyilir. Kimdir şəhid? “Ayrılarmı könül candan, Azərbaycan...” deyəndir şəhid. Ən böyük nemət olan şirin canından “uf” demədən keçəndir şəhid. “Məni şəhadətə yüksəlt, Allahım” yalvarandı şəhid. Kimdir şəhid? Candır şəhid. Qeyrət ağacıdır şəhid. Böyük bir Turandır şəhid. Kimdir şəhid? Etnosumuz Qurd oğlu qurddur şəhid. Kimdir şəhid? Böyük bir bəlağətdir şəhid. Hz. Əlinin (ə) xeyir-duasını alandır şəhid!

Qanadı altından keçir boz duman,
Qanadının ucuna ilişir bulud.
Diksinir ötəndə onun yanından,
Qaralıb ağlayır gümüşü bulud...


Qartaldır şəhid. Məğrur duruşu ilə dağları belə qeyzləndirmək gücünə malik olandır şəhid. Daşlardan qartal düzəltmək isə dağlara xoşdur, çünki qartaldı kiçildən dağı... Qartal dağa, dağ qartala yaraşır. Qartal dağsız, dağ qartalsız heçdir-heç. Ona görə də babaların narahat ruhunu oyadandır şəhid. Qartalın mücadiləsi özü kimi uca, özü kimi möhtəşəm, özü kimi qorxmaz olur. İgid oğlumuz Vidadi Zalovu o daşlaşmış qartalın simvolu olaraq təsəvvür edirik.
Onların – bu qəhrəmanların hərəsinə Tanrı ayrı-ayrılıqda çox fərqli özəlliklər bəxş eləmişdi, ancaq onların hamısını bir məqam birləşdirmişdi, vətənsevərlik. Əslində onların hamısı bu məqam üçün dünyaya bəxş olunmuşlardı. Cihad etmək, Əli ucalığına yüksəlmək (şəhadətin ən parlaq nümunəsi Həzrəti Əli, onların hər birindən muğayat ol, fədan olaq). Onların hamısı bir statusu bölüşmək üçün gəlmişdi bu dünyaya – Şəhidlik! Vidadi bilirdi hara gedir, nə üçün gedir, nəyi fəda etmək üçün gedir. Bu isə özünüdərkin aliliyi idi. Qəlbində həsrət yuva qurmuş, heç bir hislə əvəzi olmayan yurd sevgisi, təəssübkeşliyi və kişilik qeyrəti idi onu çağıran. Bu çağırışdı, bu ləyaqətli, şərəfli mərd oğlanın içindəki donmuş və heykəlləşmiş Qartalı əridən və hərəkətə gətirən. Vətən çağırır, çılğın, qisas hissi ilə partlayan qartalın sanki caynaqları ilə dağı da havaya qaldırmaq qüdrəti yaranmışdı. Sevirdi yurdunu. “Vətəni sevərlər” deyəcəksiniz. O, isə ölümünə sevirdi, canından keçəcək qədər... Bunu da etdi. Sübut etdi ki, “vətən üçün ölərlər”. Allahın xoşladığı ən böyük sevgi – ruhun sevgisi idi bu. Heç bir təmənna ummadan ishar olunan sevgi. O ucalıqda ki, Həzrəti Əli dayanır, şəhadətin ən ali nümunəsi, Vidadi də bunu bacardı, digər məslək və əqidə qardaşları kimi. Onlar hamısı vətən daşlarına azadlıq nəğməsini oxudanlar idi. Azərbaycanın igid oullarından biri Vidadi Zalov olmaqla Azərbaycan ordusunun igid Giziri.
Bu ucalıqdan danışmaq, bu igidliyin şəninə ürəkdən tikan çıxaran elə sözlər yazmaq istəyirsən ürəkdə olan o düyünü, qəhəri əritmək iqtidarında olasan. Yüz dəfə, min dəfə, hər birimizin onların bu dünyada yoxluğundan sonra yaşadığı hissi misraların, sözlərin poetik axarına salıb o ucalığın müqəddəsliyini o sözlərlə vermək gücü istəyirsən Tanrıdan. Vidadi ana yurdunun hər daşına üz qoyan, azadlıq həsrəti ilə yaşayan vətənsevər idi. O, bilirdi yurd həsrəti nədir. Bu həsrətdən ölənləri görmüşdü. Qübar bağlayan ürəklər görmüşdü, yol çəkən gözlər görmüşdü. Vidadi daşları, o zirvələri, o qayaları xiffətdən qurtarmaq eşqini qəlbində, ruhunda cücərdib, göyərdib böyüyürdü. Bir gün gələcək “Salam a zirvələr” arzusunu yaşadırdı ruhunda. Yaşın sambalı onun azlığı və ya çoxluğu ilə ölçülməz. Onlar öz varlıqları ilə sübut etdilər ki, özünüdərk və kamillik nədir. Onlar qəlblərinin səsi ilə yaşayanlar idi. Onlar ruhlarının təmizliyi ilə nümunə olanlar idi. Vidadi Zalov öz şəhadəti ilə bir də onu sübut etdi ki, qalibiyyətin məğrurluğunu yaşamaq üçün ölməyə dəyər. Onun şücaətində Vətən anlamı, torpaq anlamı sonsuz idi. Bir Qeyrət ağacı idi Vidadi!

Bu gün kənd yolları tüstülü, odlu,
Təpələr fikirli adam kimiydi.
Mürgülü torpaqlar gözləri dolu,
Dindirsən kövrələn adam kimiydi...


O gün, 11 aprel 2023... 2020-ci ilin böyük qəhrəmanlıq şücaətindən sonra ikinci böyük qəhrəmanlıq. Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tuturdular. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçuları yenə də olduğu kimi şücaətlə döyüşmüş şəhid olanlar və yaralanlar vardı. Baş verən qarşıdurma nəticəsində döyüş tapşırığını yerinə yetirərkən Azərbaycanın igid oğullarından bir Vidadi Zalov şəhadət zirvəsinə ucalır. Doğurdan da əsl qəhrəmanlıq salnaməsi, məhz torpaqla, yurdla, vətən sevgisi ilə bağlı olan cəsarət. Bizim mental dəyərlərimiz var. Babalardan qalan ocaqların dəyəri, mənəvi əxlaqımızın türk soyumuzun, genetik kodumuzun dəyəridir, qeyrətimizdi, namusumuzdu, torpaq, yurd anlamı. Babalardan bizə qanla hopan qeyrət anlamımızdı. Ləyaqətsiz düşmənlə mücadilənin ağırlığı birdə ondadır ki, xain düşmən mürgüləmir, o yatmır. O, hər an arxadan vurmağa hazırdı. Kimdir Vidadi? Vidadi dünyanı ürəklə görə bilməyi, vətəni qəlbən sevmək qüdrətində olan vətən oğlu. Bu isə bir qəhrəman üçün xoşbəxtlik, arxada qalan doğmalar üçün isə əzab və dərddir. Ancaq əsl qəhrəmanın, igidin ömrü, böyüklüyü bu andadır. O, bir qeyrət sahibi kimi vətəni seçdi. O, belə etməsəydi, dünyanı belə ürəklə görə bilməzdi. Vidadi Zalovun qəhərmanlıq yolu vətəninə, millətinə vətəndaşlıq dərsi oldu. Şəhadət həm də yerdə qalanlara vətəndaşlıq borcunun təbliğidir. Bu cür sarsılmaz əqidə sahiblərinə baxıb öyrənir gələcək nəsillər. Çünki, Vidadi kimi igidlərin qanı gələcək nəsilləri yetişdirmək üçündür. Onlar bu dünyaya mərdlik toxumu səpmək üçün gəlmişdilər.

Vətən mənə oğul desə nə dərdim,
Qayasında mamır olub bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdi,
Xəzanımdı, xəzanımdı, xəzanım.


Bəli, vətənin sənə oğul dedi, qardaşım. Sən yolunu əvvəldən tutmuşdun, şərəf andını da lap əvvəldən içmişdin.
Sonun başlanğıcı...
Bir ana dilində uğurlamalı nə qədər gözəl sözlər vardısa Ədilə ana balasını əzizləyə-əzizləyə yola saldı. Gözünün ağı-qarası bircə oğlunu vətən üçün mücadiləyə uğurladı. “Vətəninə göz dikəni əz oğlum, tarixini şərəfinlə yaz oğlum” söylədi. Bunu ancaq türk kişisini dünyaya gətirən qadın edə bilərdi. Böyük Qadın. İçindəki həsrəti, qorxunu dəyanəti ilə dəf edən türk oğluun anası – Ədilə ana və qəhrəman anası.


Hürü Hacızadə
Yazıçı-publisist
“Qızıl Qələm” mükafatı
Laureatı


Fərid Faiqoğlu
AJB-nin üzvü