Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Şağan Reabilitasiya Pansionatına vətəndaş cəmiyyəti institutlarının nümayəndələri üçün infotur təşkil olunub. Tədbirin əsas məqsədi reabilitasiya sahəsində görülən işlər, həyata keçirilən layihələr barədə ictimaiyyətin daha dolğun məlumatlandırılması, eyni zamanda QHT nümayəndələrinin bu sahə ilə bağlı fikir və təkliflərinin öyrənilməsi olub.
İnfoturda iştirak edən Edaletyolu.info saytının rəhbəri, “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəsdək” İctimai Birliyinin sədri Yasəmən Qəyyumlu bildirib ki, bu cür tədbirlər dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin olunması və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Agentliyin həyata keçirdiyi bu açıq kommunikasiyalar sayəsində vətəndaş cəmiyyəti nümayəndələri reabilitasiya sahəsində görülən işlərlə birbaşa tanış olmaq, mövcud şəraitə yerində baxış keçirmək və öz təkliflərini səsləndirmək imkanı əldə edirlər. Bu isə qarşılıqlı etimadın və effektiv əməkdaşlığın formalaşmasına zəmin yaradır.”
Cəsarət Hüseynzadə həmçinin Agentliyin şəffaflıq prinsipinə sadiqliyini yüksək qiymətləndirərək qeyd edib ki, bu yanaşma yalnız infotur formatında deyil, həm də ictimaiyyət üçün açıq məlumatların təqdim olunması ilə özünü göstərir: “Hazırda Agentliyin rəsmi internet səhifəsində reabilitasiya müəssisələrində yerlərin doluluğu barədə real vaxt rejimində məlumatlar ictimaiyyətə təqdim olunur. Bu da vətəndaşlara mövcud imkanlar barədə vaxtında və dəqiq informasiya əldə etməyə şərait yaradır.”
İnfotur çərçivəsində müasir tələblərə uyğun qurulmuş müəssisədə yaradılan şəraitlə, tibbi, sosial-psixoloji və digər reabilitasiya xidmətləri ilə tanışlıq olub. Yeni avadanlıqların tətbiqi, individual yanaşma və xidmət keyfiyyəti iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Reabilitasiya alan şəxslərlə aparılan söhbətlər zamanı onların razılığı və minnətdarlığı da ifadə olunub.
QHT rəhbəri bildirib ki, son illər ərzində bu sahədə aparılan islahatlar öz real nəticələrini verir: “2018-ci ildə reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 11,9 min nəfər idisə, 2024-cü ildə bu göstərici 123,3 min nəfərə çataraq 10,4 dəfə artıb. Xidmət keyfiyyətini təsdiqləyən göstəricilərdən biri də məmnunluq səviyyəsinin 92,7%-ə yüksəlməsidir.” Sonda QHT rəhbəri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə bu təşəbbüsə görə təşəkkürünü bildirərək qeyd edib ki, belə tədbirlər vətəndaş cəmiyyətinin sosial siyasətin həyata keçirilməsində daha fəal iştirakına töhfə verir və şəffaf idarəçiliyin təbliğinə xidmət edir.
Fotolar