Menu
Xəbər Lenti
12 Mart 2025 15:51Manşet / Gündəm / Siyasət

Azərbaycan-Şimali Makedoniya: ikitərəfli münasibətlərdə yeni mərhələ

 

Məşhur Məmmədov
Milli Məclisin deputatı


Prezident İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə görüşündən sonra Azərbaycan-Şimali Makedoniya münasibətləri yeni mərhələyə keçid alır.

25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanımış, iki ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə qurulmuşdur. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

Azərbaycan və Şimali Makedoniya arasında diplomatik münasibətlərin əsası 1995-ci ildə qoyulsa da, son illərdə siyasi dialoq daha da intensivləşib. Prezident İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatında vurğuladığı kimi, dövlət başçılarının qısa müddət ərzində ikinci görüşü tərəflər arasında əlaqələrin dinamik inkişafını təsdiqləyir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29 konfransı çərçivəsində noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.

İki ölkənin siyasi qurumları arasındakı əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin artması, parlamentlərarası əməkdaşlığın inkişafı bu dialoqun dərinləşməsinə xidmət edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Şimali Makedoniya işçi qrupunun fəaliyyət göstərməsi və Şimali Makedoniya parlamentində müvafiq dostluq qrupunun mövcudluğu bu əməkdaşlığın qanunvericilik səviyyəsində dəstəkləndiyini göstərir.

Son illərdə Azərbaycan qlobal enerji bazarında strateji mövqeyini daha da gücləndirib. Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, Azərbaycan artıq 12 ölkəyə qaz ixrac edir və bu ölkələrin 10-u Avropada yerləşir. Şimali Makedoniya Azərbaycanın qaz ixrac xəritəsində yeni tərəfdaşlardan biridir. 2023-cü ilin sonlarında Azərbaycan qazı bu ölkənin bazarına çatdırılıb və 2024-cü ildən etibarən müntəzəm təchizat nəzərdə tutulur.

Bu əməkdaşlıq təkcə iki ölkə arasında deyil, ümumilikdə Avropanın enerji təhlükəsizliyi kontekstində mühüm əhəmiyyət daşıyır. Avropa İttifaqı ilə Azərbaycan arasında 2022-ci ildə imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi Azərbaycanın Avropanın enerji təchizatında mühüm oyunçuya çevrildiyini göstərir. Azərbaycan yeni qaz yataqlarının istismara verilməsi üzərində çalışır ki, bu da gələcək illərdə qaz ixracının həcminin artırılmasına imkan yaradacaq. Şimali Makedoniyanın enerji resurslarına tələbatını nəzərə alaraq, tərəflər bu sahədə əməkdaşlığı daha da genişləndirə bilərlər.

Azərbaycan və Şimali Makedoniya arasında siyasi münasibətlərin intensivləşməsinə baxmayaraq, iqtisadi əməkdaşlıq hələ arzulanan səviyyədə deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi, ticari-iqtisadi sahədə böyük nəticələr əldə edilməyib. Hazırda Azərbaycanda 5 Şimali Makedoniya investisiyalı şirkət qeydiyyatdadır və onların yalnız 3-ü aktiv fəaliyyət göstərir.

Buna baxmayaraq, sərmayə qoyuluşu və ticarət əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Xüsusilə, energetika, kənd təsərrüfatı, nəqliyyat və turizm sahələrində əməkdaşlıq perspektivlidir. Şimali Makedoniya Azərbaycanın tranzit imkanlarından istifadə edərək öz məhsullarını Şərq bazarlarına çıxara bilər, eyni zamanda Azərbaycan bu ölkədəki investisiya imkanlarını araşdıra bilər.

Azərbaycan həmçinin özünün uğurlu nəqliyyat-logistika layihələri vasitəsilə Şimali Makedoniyanın Avropa və Asiya arasında mühüm nəqliyyat dəhlizinə çevrilməsinə dəstək verə bilər. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz layihəsi bu baxımdan yeni əməkdaşlıq formatları üçün geniş imkanlar açır.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət beynəlxalq müstəvidə ölkəmizin nüfuzunu artırmaqla yanaşı, iqtisadi və siyasi əlaqələrin inkişafına böyük töhfə verir. Azərbaycan və Şimali Makedoniya arasındakı münasibətlərin yalnız siyasi və iqtisadi deyil, humanitar aspekti də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, bu sahədə əməkdaşlığın inkişafına böyük ehtiyac var. Şimali Makedoniya Prezidentinin Azərbaycanda mədəni tədbirlərdə iştirak etməsi, eyni zamanda tələbələrlə görüşlər keçirməsi bu sahədə əlaqələrin inkişafına xidmət edir.

Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova XII Qlobal Bakı Forumunda iştirak edəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib.

Bakı Beynəlxalq Humanitar Forumu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi beynəlxalq platformalar humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verə bilər. İki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, tələbə mübadilə proqramlarının həyata keçirilməsi xalqların bir-birini daha yaxından tanımasına və münasibətlərin dərinləşməsinə səbəb olacaq.

Ölkə rəhbərlərinin görüşündən sonra belə qənaətə gəlmək olur ki, Azərbaycan və Şimali Makedoniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur. Enerji əməkdaşlığının genişlənməsi, siyasi dialoqun intensivləşməsi və humanitar sahədə əlaqələrin inkişafı tərəflər üçün yeni perspektivlər açır. İqtisadi əməkdaşlığın dərinləşdirilməsi və ticari əlaqələrin genişləndirilməsi üçün konkret addımlar atılmalıdır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilməsi fonunda Şimali Makedoniya ilə tərəfdaşlıq hər iki ölkəyə qarşılıqlı fayda gətirə bilər. Eyni zamanda, bu əlaqələr Cənubi Qafqaz və Balkan regionları arasında daha sıx əməkdaşlığın formalaşmasına da töhfə verə bilər.



www.AzadMedia.az