Menu
Xəbər Lenti
COP-29
Dün, 16:08

COP-29

COP-29
19-11-2024, 08:04

COP-29

30 Eyl 08:54Manşet / Gündəm

Azərbaycan Prokurorluğu Orqanları Ümumdünya Prokurorluq orqanları arasında ilk sıralardadır. Azərbaycan Prokurorluq Orqanları yeni uğur və nailiyyətlərlə qeyd edir

 

“...Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olaraq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir...”.


Heydər Əliyev


Ümummilli Lider


 

“...Əminəm ki, Azərbaycan Prokurorluğunun əməkdaşları bundan sonra da qanunçuluğun, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin edəcək, cinayətkarlığa qarşı mübarizədə əzmkarlıq nümayiş etdirəcək və onların üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəklər...”.


İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı


 

Azərbaycan Prokurorluğu Orqanları Ümumdünya Prokurorluq orqanları arasında ilk sıralardadır. Azərbaycan Prokurorluq Orqanları yeni uğur və nailiyyətlərlə qeyd edir


Prokurorluq orqanlarının fəaliyyəti müasir tələblər səviyyəsində təkmilləşdirilir


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və zamanı önləyən siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək erudisiyası, mükəmməl siyasi strategiyası, sarsılmaz iradəsi, yorulmaz fəaliyyəti və xalqla iqtidar arasında olan sıx birliyin sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür, iqtisadiyyat güclənir, müxtəlif sahələrdə mütəmadi olaraq səmərəli islahatlar həyata keçirilir, regionların tərəqqisinin davamlılığı təmin olunur, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir. Bütün bunların nəticəsində dövlətimiz sürətlə inkişaf edərək daha da qüdrətlənir vətənimiz Azərbaycan dünya ölkələri sırasında tutduğu layiqli mövqeyini möhkəmləndirir.


Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə nəhəng layihələr reallaşdırılır, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür, dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin daha da sağlamlaşdırılması, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilir.


Dövlətimizin qüdrətlənməsində və əldə olunan uğurlarda, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında zəngin biliklərə, dərin düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. Onun respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafında xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü böyük işlər dövlətimizin tərəqqisinə və xalqın rifahının yaxşılaşdırılmasına töhfələr verməkdədir. Mehriban xanımın sadəliyi, təvazökarlığı, səmimiliyi, bütün məsələlərdə ədalətli mövqeyi, vətəninə və xalqına bağlılığı, insanlığın təntənəsinə xidmət edən təşəbbüsləri və saysız-hesabsız xeyirxah əməlləri ona sonsuz xalq məhəbbətini qazandırmışdır. Mehriban xanımın bəşər mədəniyyətinin inkişafı istiqamətindəki səriştəli fəaliyyəti, sivilizasiyalararası dialoq prosesinə verdiyi töhfələr və dünyanın müxtəlif yerlərində həyata keçirdiyi humanitar tədbirlər isə ona Azərbaycan xalqının sevgisi ilə bərabər, bir sıra xarici ölkə vətəndaşlarının da rəğbətini qazandırmışdır. Mehriban xanım Əliyevanın gördüyü nəhəng işlərin sədası dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrindən gəlir.


Ölkədə aparılan hərtərəfli islahatlara, görülən böyük işlərə və insanların rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısı cənab İlham Əliyevə ünvanlanan vətəndaşların minnətdarlıq məktublarının ardı-arasının kəsilməməsi, Mehriban xanımın saysız-hesabsız xeyirxah təşəbbüslərinə görə insanların məmnunluq hissləri ilə dolu təşşəkkürlərini ifadə edən müraciətlərinin səngiməməsi həyata keçirilən mükəmməl siyasətin qədirbilən xalq tərəfindən dəyərləndirilməsinin və dəstəklənməsinin parlaq təzahürüdür.


Sirr deyil ki, cənab İlham Əliyevin prezidentlik dövrü hərtərəfli köklü islahatların aparılması, ölkə üçün mühüm strateji əhəmiyyət kəsb edən müxtəlif inkişaf proqramlarının hazırlanaraq müvəffəqiyyətlə icra edilməsi, dövlət idarəçilik strukturlarının təkmilləşdirilməsi, uğurlu kadr təyinatlarının həyata keçirilməsi, bir sözlə bütün sahələrdə tərəqqi prosesinin vüsət alması ilə səciyyələnmişdir. Son dövrlər ali icra orqanı olan Prezident Administrasiyası da daxil olmaqla bir neçə dövlət qurumlarında cəmiyyətdə yüksək qiymətləndirilən mütərəqqi struktur və kadr islahatları aparılmış, o cümlədən müxtəlif dövlət orqanlarının strukturlarının müasir tələblərə uyğunlaşdırılması, müvafiq qurumların yaradılması, bəzilərinin birləşdirilməsi və ya ləğvi ilə nəticələnən əhəmiyyətli işlər görülmüş və yeni kadr təyinatları olmuşdur.


İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatsız mümkün deyil. Ona görə hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq...”.


Bundan sonra, cənab Prezidentin müdrik kəlamları rəhbər tutulmaqla prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatları həyata keçirilərək ədalətli meyarlara və şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin reallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.


Bundan başqa, Baş prokuror cənab Kamran Əliyevin rəhbərliyi və təşəbbüsü ilə prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də xeyli işlər görülmüş, o cümlədən Baş Prokurorluğun “İşin Təşkili Qaydaları” hazırlanmışdır. Belə ki, idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkili, həmçinin struktur qurumlarla rayon (şəhər), eləcə də ərazi hərbi prokurorluqları arasında münasibətlərin nizamlanması kimi ayrı-ayrı sferaların tənzimlənməsini müasir tələblər səviyyəsində təmin etmək məqsədi ilə Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın layihəsi ərsəyə gətirilmiş və quruluş etibari ilə mükəmməl, müasir tələblərə uyğun, asan başa düşülən və tez qavranılan, eləcə də praktik cəhətdən səmərəli olan hüquqi akt Baş Prokurorluğun 30 iyul 2020-ci il tarixli Kollegiya iclasında təsdiq olunaraq 1 avqust 2020-ci il tarixdən etibarən bütün prokurorluq orqanlarında qüvvəyə minmişdir.


 Hərbi Prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə də ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilir, vətəndaşların müraciət etmək, pandemiya ilə əlaqədar onlayn müraciət imkanlarının genişləndirilməsi və asanlaşdırılması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Cənab Prezidentin örnək davranışlarından daim ibrət götürən və dövlət başçısının məmurla vətəndaş arasındakı münasibətlərlə bağlı dəyərli tövsiyələrini fəaliyyətlərində hər zaman rəhbər tutan Hərbi Prokurorluq əməkdaşları vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla, özlərinə isə nəzakətlə yanaşır, işçilər, o cümlədən rəhbər vəzifəli şəxslər tərəfindən mütəmadi olaraq onların qəbulu həyata keçirilir, istər müraciətlərinə cavab verilərkən, istərsə də qəbullar zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə onları maraqlandıran suallara müfəssəl cavablar verilir, hüquqları izah edilir və həyata keçirilməsi üçün hər cür şərait yaradılır.


Dərin minnətdarlıq hissi ilə qeyd olunmalıdır ki, əsası müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulan prokurorluğa hərtərəfli diqqət ənənəsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də davam etdirilir. Vurğulanmalıdır ki, Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində möhtərəm Prezidentimizin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" mühüm əhəmiyyətə malik olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.


Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində prokurorluğa dövlət büdcəsindən zəruri maliyyə vəsaiti ayrılmışdır ki, bu da maddi təminatın, eləcə də işçilərin sosial müdafiəsinin daha da güclənməsini şərtləndirmişdir. Ötən illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun da maddi-texniki bazası gücləndirilmiş, Hərbi Prokurorluğun mərkəzi aparatı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu, Şəmkir, Zaqatala və Gəncə hərbi prokurorluqları ən müasir standartlara uyğun tikilməklə bütün zəruri avadanlıqla təchiz edilmiş inzibati binalarla təmin olunmuş, bir neçə hərbi prokurorluğun inzibati binası əsaslı təmir edilmişdir. Əzəli torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdə Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin effektivliyini və operativliyini artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2021-ci il tarixli Sərəncamı ilə Qubadlı, Kəlbəcər hərbi prokurorluqları və Qarabağ hərbi prokurorluğunun əsasında Ağdam hərbi prokurorluğu yaradılmış və hazırda adları çəkilən prokurorluqlar, o cümlədən rəhbərlik etdiyim prokurorluq qısa zamanda formalaşdırılmış münbit şəraitdə uğurla fəaliyyət göstərirlər.


Qətiyyəti, prinsipial mövqeyi və dəmir iradəsi sayəsində ölkəni dağılmaq təhlükəsindən xilas edən dahi liderin dövlət quruculuğu prosesində də  bilavasitə rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasında prokurorluq orqanlarına konstitusion statusun verilməsi müdrik dövlət xadiminin quruma olan böyük inamının təzahürü kimi qiymətləndirilmişdir. Sonrakı mərhələdə prokurorluğun hüquq sistemindəki yerinin və rolunun daha da gücləndirilməsində “Prokurorluq haqqında” Qanunun qəbulu, yeni Cinayət-Prosessual Məcəllənin qüvvəyə minməsi və 2002-ci ildə keçirilmiş referendumla prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi də müstəsna əhəmiyyətə malik olmuşdur


Cinayətkarlığa qarşı mübarizədə əsrimizin sosial bəlası hesab edilən korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni müstəvidə aparılması məqsədilə ixtisaslaşmış cinayət təqibi orqanının – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaradılması və həmin orqana korrupsiya hüquqpozmaları ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin də həyata keçirilməsi ilə əlaqədar əlavə səlahiyyətlərin verilməsi prokurorluğa ölkə başçısının inam və etimadı, qurumun cəmiyyətdəki roluna verilən əhəmiyyətin təzahürü kimi xüsusi vurğulanmalıdır.


Cinayətkarlığın yeni formalarının qarşısının dövlətlərin birgə səyi nəticəsində alınması istiqamətində beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişafına mühüm əhəmiyyət verilərək ekstradisiya, hüquqi yardım və digər sahələr üzrə əməkdaşlıq diqqətdə saxlanılmış, qarşılıqlı münasibətlərin qurulması və inkişafı prokurorluğun insan hüquqlarının müdafiəsi və müstəqil dövlətimizin hüquqi əlaqələrinin möhkəmlənməsinə xidmət edən fəaliyyətinin əsasını təşkil etmişdir. Dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri Azərbaycanda həyata keçirilməkdə olan sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter almışdır. Ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri konkret əməli-praktiki addımlarla müşayiət olunmuşdur.


Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında əldə olunan misilsiz nailiyyətlərin qorunmaqla davamlı uğurların əldə edilməsi prokurorluq orqanları tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq yeni neqativ tendensiyalarla, mütəşəkkil, transmilli cinayətkarlıqla səmərəli mübarizə aparılmasını tələb edir. Prokurorluğun istintaq qurumları tərəfindən cinayətlərin müəyyən edilməsi, qarşısının alınması, onu törədənlərə qarşı qanunla müəyyən edilmiş təsir tədbirlərinin tətbiq edilməsi üzrə effektiv fəaliyyətin təşkili qarşıda duran əsas vəzifələrdən biri hesab edilmişdir.


Günümüzün prokurorluq orqanları qarşımızda duran mühüm vəzifələrin əhəmiyyətini anlayaraq “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş əsas fəaliyyət istiqamətləri üzrə səmərəliliyə və operativliyə nail olunmasını, müasir və mütərəqqi standartların tələblərinə əməl edilməklə şəffaflığın ən yüksək səviyyədə təminini diqqət mərkəzində saxlamaqla işin keyfiyyətcə yeni mərhələyə qalxmasını və daha çevik yerinə yetirilməsini əsas tələblər kimi müəyyənləşdirmişdir. Prokurorluğun üzərinə qoyulan vəzifələrin icrası istiqamətində insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cəzanın labüdlüyü prinsipinin təmin olunması, vətəndaşların pozulmuş hüquqların təxirəsalınmadan bərpası üçün effektiv fəaliyyət mexanizminin qurulması üçün zəruri tədbirlər həyata keçirilməkdədir.


Prokurorluq işçiləri bundan sonra da ölkəmizdə həyata keçirilən hüquqi dövlət quruculuğu prosesində, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində fəal iştirak edərək, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunması, qanunçuluğun və təhlükəsizliyin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi naminə tam gücləri ilə işləyərək dövlətimizin daha da inkişafına xidmət göstərəcəklər.


 


 


ZALOV İMZA TV ALYANS TƏSİSÇİSİ


BEYNƏLXALQ HÜQUQ EKSPERTİ


İSMAYIL ZALOV