Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinə verdiyi töhfələr
“Mən müəllim adından yüksək ad tanımıram”.
Ulu Öndər Heydər Əliyev
1960-cı illərin sonlarından başlayaraq elmimizin və təhsilimizin təşəkkülü və inkişafı milli və dövlətçilik tariximizin ən görkəmli siması, müasir müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev ulu öndərin məqsədyönlü milli dövlətçilik, müstəqillik, elm, təhsil, mədəniyyət və iqtisadi siyasətini uğurla davam etdirir, elm adamlarına daim həssaslıqla yanaşır. Prezident İlham Əliyev elm, təhsil və mədəniyyətin, alim və müəllimlərin böyük himayədarı olmuş ulu öndərin Azərbaycanda elmin inkişafının dəstəklənməsi ilə bağlı uzaqgörənliklə verdiyi tövsiyələrini də bütün digər vəsiyyətləri kimi ardıcıl şəkildə həyata keçirməkdə israrlıdır.
Bugünkü inkişaf edən müstəqil Azərbaycan dövlətinin elm siyasətinin əsasını Ulu Öndər illər bundan öncə ölkəyə rəhbərlik etməyə başlayarkən qoymuş, respublikada elmin bütün sahələrinin inkişaf etdirilməsini öz fəaliyyətinin əsas istiqamətlərindən biri elan etmişdi.
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi Azərbaycanlı, ulu öndər Heydər Əliyevin 99 illik yubileyi günlərində müasir tariximizin parlaq və silinməz səhifələrini təşkil edən Vətən, xalq qarşısında misilsiz xidmətləri bütün dünya azərbaycanlılarının yüksək ehtiramı ilə ölkəmizin hər yerində və onun hüdudlarından kənarda geniş qeyd olunur.
Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir.
Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.
Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.
Azərbaycan təhsilinin mühüm inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin təhsil sahəsinə diqqət və qayğısı əvəzsiz olub.
Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu Öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi.
“Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Xeyli sayda məktəb binaları tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb və şagirdlərə pulsuz verilib. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib.
Dahi rəhbər Heydər Əliyev təhsil sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalayıb və bu sahənin inkişafında həmin sənədlərin xüsusi rolu olub.
Bu da danılmaz faktdır ki, ulu öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən ali məktəblərimizin əksəriyyətində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün, demək olar ki, lazımi şərait yaradılmışdır. Son dövrlər hər il tələbələrin müxtəlif fənlər üzrə respublika olimpiadaları, konfranslar, aspirantların və gənc tədqiqatçıların respublika simpoziumları, müsabiqələr keçirilir ki, bu da elmə, elmi tədqiqatlara olan marağı daha da artırır. Eyni zamanda, araşdırmalardan aydın olur ki, 1998-ci ildən bu günə qədər elmi-tədqiqat müəssisələrinin və ali məktəblərin 1500-dən artıq əməkdaşı müxtəlif ölkələrdə - ABŞ, Böyük Britaniya, Polşa, Rusiya, Türkiyə, Almaniya, Yunanıstan və başqa ölkələrdə yaradıcı ezamiyyətlərdə olmuş, Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişlər. Nəzərə alsaq ki, istənilən sahədə, o cümlədən elmdə sürətli inkişafın başlıca amillərindən biri də çevik inteqrasiya və beynəlxalq əməkdaşlıqdır, onda yuxarıda qeyd edilənlər də Azərbaycan elminin inkişafı istiqamətində atılmış mühüm addım kimi qəbul edilə bilər.
Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin də inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbii ki, yuxarıda qeyd edildiyi kimi, keyfiyyətli orta təhsili olmayan, yəni baza təhsilinə malik olmayan insanların ciddi elmi araşdırmalar aparması qeyri-mümkündür. Bu baxımdan da, elmin və elmi tədqiqatların inkişafından söhbət gedirsə, ilk növbədə orta ümumtəhsil sisteminə diqqət yetirilməsi zəruridir. Təbii olaraq, elm və təhsilə göstərilən diqqətin nəticəsidir ki, ümummilli lider Heydər Əliyev özünün milli dövlət quruculuğu strategiyasında təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşmış, bu sahəyə diqqət və qayğısını həmişə önə çəkmişdir. Ulu öndər təhsilin dünya standartlarına uyğun inkişafı, müəllimlərin, elm adamlarının əməkhaqlarının artırılması, məktəb şəbəkəsinin genişləndirilməsi ilə bağlı onlarla tarixi əhəmiyyətli fərman və sərəncamlar, islahat və dövlət proqramlarını təsdiq edən sənədlər imzalamışdır ki, bunlar da birbaşa elmdə və təhsildə problemlərin həllinə yönəlmişdir.
Bu gün Azərbaycanda təhsil sahəsi ilə yanaşı, iqtisadiyyat, elm, mədəniyyət və digər sahələr də çox sürətlə inkişaf edir. Azərbaycan öz inkişafına görə dünyanın öndə gedən ölkələrindən biridir. Bütün bu nailiyyətlər isə yalnız və yalnız ümummilli lider, qüdrətli şəxsiyyət Heydər Əliyev siyasətinin bəhrələridir.
Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi, Heydər Əliyev bütün həyatı boyu öz xeyirxah əməlləri və ədalətli mövqeyi ilə xalqımızın güvənc yerinə çevrilmişdir. İstər müasir tələbata uyğun elmi kadrların hazırlanmasında, istər Azərbaycan Respublikasının beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində, istərsə də ölkənin sosial-iqtisadi istiqamətlərdə ciddi uğurlar qazanmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşan tədbir və islahatların rolu danılmazdır. Heydər Əliyevin bir dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması bu gün əldə edilən ciddi uğurların əsas təkanvericisidir. Məhz bu yanaşmanın nəticəsidir ki, sosial-iqtisadi və siyasi istiqamətlərdə qazanılmış müvəffəqiyyətlər biri-birinə təkan verməklə, vahid bir prosesə çevrilir. Eyni zamanda, əsas uğurlardan biri də ondan ibarətdir ki, həyata keçirilən islahatlar içərisində elmin inkişafı prioritet kimi qəbul edilir və həyata keçirilən bütün islahatlar elmi cəhətdən əsaslandırılır. Bu baxımdan qanunların və digər normativ sənədlərin qəbul edilməsində, dövlət proqramlarının hazırlanmasında və s. elm adamlarının yaxından iştirak etməsi, müvafiq mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılması xüsusi qeyd olunmalıdır.
Günümüzün reallıqları sübut edir ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. Eyni zamanda, bütün bunlar elm adamlarının daha da fəallaşmasını, ölkədə həyata keçirilən islahatların elmi əsaslarının işlənib hazırlanmasında xüsusi fəallıq göstərilməsini tələb edir. Məlumdur ki, ən əhəmiyyətli nəticə nəzəri və praktiki biliklərin birləşməsindən əldə edilir. Başqa sözlə desək, praktiki əhəmiyyəti olmayan nəzəri düşüncələr bazar iqtisadiyyatının hökmran olduğu müasir dövrümüzdə tədricən sıradan çıxır. Bu baxımdan da, elm adamlarının praktiki cəhətdən əhəmiyyətli olan təklif və tövsiyələrlə çıxış etməsi ölkənin davamlı sosial-iqtisadi inkişafının başlıca amillərindən biri kimi qəbul edilməlidir. Yalnız bu halda əldə edilmiş dinamik inkişafı davamlı inkişafa çevirmək mümkündür.
Ləman Ruhibəxş
Qlobus Erkən İnkişaf Tədris
Mərkəzinin təsisçi və direktoru