Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

28 May 08:08Manşet / Gündəm

Müstəqilliyimiz əbədidir

 

Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu
2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğunu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu nəzərə alaraq qərara alır:
Maddə 1. Mayın 28-i Müstəqillik Günü elan edilsin.
Maddə 2. Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin.
Maddə 3. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram günləri kimi qeyd edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 oktyabr 2021-ci il


1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Şimali Azərbaycan torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasını elan etmişdir. Bu tarixi sənədə görə, Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti qurmalı idi. Müstəqil Azərbaycan dövlətində hakimiyyət xalq cümhuriyyəti oldu. Qanunla Azərbaycan Xalq Cümhuriyyətində millətinə, məzhəbinə, sinif və cins fərqinə baxmadan bütün vətəndaşların siyasi hüquqları təmin edilməli idi. Həqiqətən də, Azərbaycanda demokratik respublika yaradılmış və nəzərdə tutulan bütün mühüm məsələlər həyata keçirilmişdi.
Məlumdur ki, 1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində çar hökuməti devrilmişdi. Bununla da Rusiyada monarxiyaya son qoyulmuşdu. Nəticə olaraq ölkədə çarizmin məzlum vəziyyətə saldığı kiçik xalqların milli hərəkatı başlanmışdı. Həmin dövrdə azadlıq uğrunda, müstəqillik yolunda milli-azadlıq hərəkatına başlayan xalqlardan biri də Azərbaycan oldu. 1918-ci il mayın 28-də M.Ə.Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı (1918–1920). Azərbaycan Xalq Cumhuriyyəti müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət oldu. Bu dövlət Azərbaycan tarixində dövlətçiliyin ilk nümunəsi kimi mühüm əhəmiyyətli bir hadisə idi.
M.Ə. Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi oldu.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı Fətəli xan Xoyski seçilmişdi. O zaman Milli Şura on gün Tiflisdə fəaliyyət göstərdikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə dövlətinin və ordusunun yardımı ilə Bakı daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququnu tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət, o cümlədən milli ordu, milli pul, demokratlaşma, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınmasını, Azərbaycanın bütövlüyünün təmin edilməsini, iqtisadi islahatları və digər əhəmiyyətli məsələləri müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə 4 iyun 1918-ci ildə tanıyan ilk dövlət Türkiyə Osmanlı dövləti olmuşdur. 1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə olmuşdu.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşını tamamlamadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Müstəqillik Günü- Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü kimi qəbul edilmişdir. SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan etmiş və ölkənin müstəqiliyi yenidən bərpa olunmuşdur.
Müstəqillik illərində Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir, irəliləyir. Beynəlxalq müqavilələrə, layihələrə imza atır. Artıq yalnız Qafqazda deyil, Avropada və Bütün dünyada Azərbaycan Demokratik və multikultural dəyərlərə malik bir dövlət kimi tanınır. Qafqaz və Türk dövlətləri ilə bağlı layihələr Azərbaycanın birbaşa iştirakı və razılığı olaraq həyata keçirilir. Dövlətlər arasında dövlətimizin, bayraqlar arasında bayrağımızın öz yeri, öz dəyəri var.
Müstəqillik günün mübarək, Azərbaycan!