Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir
Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir, Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Bu baxımdan Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur.
Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcu dolub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. Ötən dövr ərzində bu iki dost və qardaş dövlət və onların təmsilçiləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO, Şanxay təşkilatı çərçivəsində həmişə bir-birini dəstəkləyib. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddətinin uzadılmasında Qırğızıstanın bir mənalı olaraq açıq dəstək verməsi də məhz bu məntiqə əsaslanır.
Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.
Qeyd etmək lazımdır ki, 2022-ci ilin oktyabrında Prezident İlham Əliyev Qırğızıstana ilk dövlət səfərini etdi. Səfər zamanı iki ölkə arasında bir sıra sənədlər, o cümlədən Müştərək İnkişaf Fondunun yaradılması ilə bağlı Saziş imzalandı. Dövlətimizin başçısı, həmçinin Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı “Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksi” ümumtəhsil müəssisəsinin, Nizami Gəncəvi adına 103 saylı orta təhsil məktəbinin açılış mərasimlərində iştirak etdi.
Aprelin 24-25-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri əlaqələrin daha da inkişafına öz təsirini göstərəcəkdir. Səfər çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət üzrə bir çox məsələləri müzakirə edilib. İnvestisiya sahəsində əməkdaşlığın perspektiv məsələləri – müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Həmin gün hər iki dövlət başçılarının tətbətək görüşü, sonra iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib. İclasdan sonra Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub və dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyasının mövcud olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik: "Hələ ki, mütləq rəqəmlər çox böyük olmasa da, amma potensialın artması tendensiyası mövcuddur". Dövlət başçısının sözlərinə görə, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb. "Bu gün, həmçinin Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalanıb. Biz Nizamnamə fondunu 4 dəfə - 25 milyondan 100 milyon dollaradək artırdıq. Bunun əsas səbəbi müraciətlərin həddən artıq olmasıdır. Bizə Qırğızıstanda investisiya layihələrinin icrası üçün 40-dan çox müraciətin daxil olması barədə məruzə edilib", - deyən dövlət başçısı əlavə edib ki, 100 milyon da son hədd deyil.
44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq quruculuq işlərinə qardaş dost ölkələri də öz töhfələrini verirlər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.Bugünümüzün qürurverici hadisələrindən biri də işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin aparılmasına qardaş dəstəyinin göstərilməsidir. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə bu qardaş ölkə öz vəsaiti hesabına Ağdam rayonunda orta məktəbin tikintisini həyata keçirəcək. Aprelin 25-də Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli və Ağdam rayonlarında olublar və Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.Ağdam rayonunda məktəbin tikintisi Qırğızıstanın münaqişələrdən zərər çəkmiş regionlarda sülhün bərpa olunmasına töhfəsidir.
Aprelin 24-dəisə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər. Prezident İlham Əliyev açılışda bildirdi ki, “bu gün Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gündür. Bu gün qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır. Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq”.
İki ölkə arasında münasibətlərin dünəninə və bugününə qısa baxış bu ümumiləşdirməyə əsas verir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana yenidən səfəri iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün mühüm addımların atılmasına şərait yaradacaq. İmzalanan sənədlər, Azərbaycan və Qırğızıstan prezidentlərinin mətbuata bəyanatlarında səsləndirilən çağırışlar hər iki tərəfin əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyir.
İkitərəfli Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişaf dinamikası müxtəlif sahələri əhatə edir ki, bu da əlaqələrinin daha da dərinləşməsinə və siyasi münasibətlərin gücləndirilməsinə öz töhfəsini verir.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü