Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Fransa nəşri: “Azərbaycan və Ermənistan arasında sülhün yaranması mümkündür”
“Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür”.
“Report” xəbər verir ki, bu barədə Fransanın “l’Opinion” qəzetində dərc olunan “Azərbaycan-Ermənistan: Sülh mümkündür?” başlıqlı məqalədə bildirilib.
Nəşrdə noyabrın 8-də Xankəndidə keçirilən hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər qeyd olunub:
“Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq... Düşmən bizim qabağımızda diz çökdü”.
Məqalədə vurğulanıb ki, Cənubi Qafqazın iki dövləti arasında münaqişə indi qlobal, daha mürəkkəb geosiyasi mənzərəyə uyğundur: Ermənistan Qərblə yaxınlaşır, Rusiyanın təsir dairəsindən uzaqlaşır:
“Bu mənada Qərblə Rusiya arasındakı geosiyasi oyun Ukraynadakı müharibə nəticəsində alovlanan yeni soyuq müharibənin elementidir. Qərb xal toplayır, amma vəziyyət kövrəkdir. Belə ki, Azərbaycan Qərbin Ermənistanda apardığı oyundan narahatlığını, hətta qıcıqlandığını gizlətmir”.
Nəşr Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdən sitat gətirib:
“Ermənistanın ukraynalaşma riski var, bu bizim üçün yaxşı deyil. Ermənistanın təhlükəsizliyi nə Moskva, nə Brüssel, nə Paris, nə də Vaşinqtondadır”.
“Biz problemlərimizi ikitərəfli əsasda həll etməliyik”, - bunu isə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Məqalədə bildirilib ki, ənənəvi olaraq Rusiya ilə bağlı olan Ermənistan bu gün özünü keçmiş himayədarı tərəfindən tərk edilmiş hiss edir:
“Geosiyasi baxımdan bu dəyişikliyə siyasi fikir ayrılığı da əlavə olunur: Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildə “məxməri inqilab” zamanı Vladimir Putinin dostlarına qarşı hakimiyyətə gələn liberal demokratdır”.
Müəllifin fikrincə, daxili siyasi oriyentasiya ilə geosiyasi məhdudiyyətlər arasındakı bu ziddiyyətə Azərbaycanla böyük güc fərqi də əlavə olunur:
“Azərbaycan Ermənistandan demək olar ki, dörd dəfə zəngindir və əhalisi daha çoxdur. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, Türkiyə və İsrailə yaxın olan Azərbaycan Avropaya, xüsusən də İtaliyaya təbii qaz ixrac edir və bu da onu Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevirir. Azərbaycan suveren və müstəqil siyasət yürüdür. Azərbaycan birmənalı olaraq güclü mövqedədir”.
“Ermənistanla sülhə alternativ yoxdur, amma proses “havada qalıb”. Hətta bu prosesin dondurulduğunu söyləyə bilərik”, - deyə E.Əmirbəyov vurğulayıb.
“Biz sülh sazişi üzrə razılaşmanın yarısındayıq, lakin hər şey Fransanın dəstəyi ilə BMT və Avropa İttifaqında bizə qarşı diplomatik müharibə aparan Ermənistanın ikiüzlülüyünə görə dalana dirənib”, - deyə o qeyd edib.
“Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ermənistanla dialoqda mümkün vasitəçilər barədə suala Aİ, Vaşinqton və ya Moskvanın adını çəkir:
“Emmanuel Makron? Xeyr! Bu, tamamilə qeyri-konstruktivdir”, - deyə məqalədə XİN rəsminin fikirləri əks olunub.
Nəşrdə əlavə edilib ki, oktyabrın əvvəlində Qranadada keçirilən Avropa Siyasi Birliyinin sammitinin iflasa uğraması bu vasitəçilikdən imtina olunmasının gücünü nümayiş etdirdi.
Məqalə müəllifinin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında iki çətin məsələ var:
“Söhbət sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizindən gedir”.
“Biz delimitasiya üzrə işin həyata keçirilməsi üçün təməl məsələləri razılaşdırmalıyıq. Ermənistan 1975-ci ilə aid hansısa sovet xəritəsindən danışır. Amma söhbət bir xəritədən deyil, 1974-1983-cü illərdə çap olunmuş iyirmiyə yaxın xəritədən gedir”, - deyə E.Əmirbəyov bildirib.
O, bu məsələnin mürəkkəbliyindən danışarkən xatırladıb ki, Rusiya ilə dəqiq sərhəd xəttini müəyyən etmək üçün düz 15 il vaxt lazım olub, çox yaxşı münasibətlərin olduğu Gürcüstanla isə bu istiqamətdə işlər hələ də tamamlanmayıb.
Məqalədə bildirilib ki, Zəngəzur dəhlizi daha həssas məsələdir:
“Azərbaycanın Naxçıvan regionu ölkənin qalan hissəsindən Ermənistan ərazisi ilə ayrılır. Ermənilər qonşularının ölkənin bu hissəsini zəbt etmək məqsədilə yeni hərbi hücumundan qorxurlar. Amma Azərbaycan bu iddiaları rədd edir və Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını deyir”.