DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Aranın tək saatsazı
Yol keçirdim, qarşısında çoxlu sayda insan gördükdə obyektin nə olması maraq yaratdı. Yuxarı nəzər salanda iri hərflərlə "Saatsaz" sözü yazılmışdı. Bəli, unudulmaqda olan el sənətlərini yaşadanlar regionlarda az sayda olsa da qalıb və onların sənətinə hələ də maraq var. Vaxtilə Göyçay rayonunda ona yaxın etnik millətləri yaşayıb ki, onların əsas məşğuliyyəti müxtəlif qədim el sənətləri olub. Onlardan biri də yəhudilərin məşğul olduğu saatsazlıq sənətidir. Rayonun beş fərqli guşəsində fəaliyət göstərən saatsazlardan dördü yəhudi olub. Biri isə yerli sənətkar Ənvər usta və onun gənc oğlu - Vüqar usta. Ata artıq altı ildir təqaüddədir.
Vüqar bəy rayonda tək saatsaz kimi 25 ildir fəaliyyət göstərir. Sənəti atasından zaman-zaman öyrənən saatsaz iyirmi yaşından etibarən peşəsi ilə qürur duyur. Vüqar usta saatsazlığın çətin və məsuliyyətli peşə olduğunu deyir, üstəlik səbrli olmağı, sənəti öyrənmək naminə oğurlamaq istedadına malik olmağı əsas sayır.
" Atam 50 il fəaliyyət göstərib. Son altı ildə dayandırıb fəaliyyətini. Əllərinə baxaraq öyrənmişəm, irsi bacarıqla yanaşı, illərdir atamdan öyrəndiklərim,, əlini izləmələrim kömək oldu. İlk dəfə saatsaz alətlərinin funksiyasını və necə istifadə edilir onu öyrəndim, sonra, saatı söküb yığdım. Çətin və məsuliyyətlidir peşə olaraq. İlk növbədə səbrli, diqqətcil olmaq, xırdalıqları bilmək lazımdır. Saat mexanizmi qəlizdir, onun detallarını işləmək, iş mexanizminə bələd olmaq, sökərkən, yığarkən düzgün yerinə yetirmək lazım. Hətta elə detallar var ki, ancaq böyüdücü ilə görünür, gün ərzində 5-6 saatı söküb yığarkən beyin yorulur. Sənətkar insanlarla ünsiyyət qurmağı bacarmalı, müştəri ilə xoşrəftar olmalı, işində düzgün olmalıdır. Əllər işə necə öyrəndisə sonadək elə davam edir. İşdən qorxmaq lazım deyil, qorxdunsa yaxın getmə. Saatı da söküb yığanda qorxdunsa alındırmaq olmur"
Saatsaz deyir ki, rayonda yəhudilərin rəqib həmkarları olduğundan daim aralarında sağlam rəqabət olub. Yaxşı və tələb olunan sənətkar adına mübarizə onlara güc verib. 90-cu illərə qədər tələbat çox olsa da sonrakı illər zəifləyib. Son dövrlər isə gənclərin saata, aksesuar kimi marağından dolayı saatsazın dükanına üz tutanların sayı artıb. Saatsaz həm təmir edir, həm də köhnə saatlardan yeni saatlar düzəldərək satır.
" Əsl sənətkarlar idi yəhudilər, daim sağlam rəqabətdə idik. Atamla məni də yəhudi sanırdılar. Sual da verirdilər ki, siz yəhudisiz? Ancaq 90-cu illərin müharibə və çətin şəraitindən sonra yəhudilər köçüb getdilər İsrailə. Qaldıq atamla, mən. Darıxıram o günlər üçün. 15-20 il zəif oldu sonra. Son 2-3 ildə gənclər, xüsusilə məktəblilər, gənclərin aksesuarlara, saatı bəzək kimi istifadə etməsindən dolayı artıb sifarişlər. Telefon saatı ilə deyil, qol saatı ilə hərəkət edirlər. Gün ərzində ən yaxşı 20-25, ən az 5-6 sifariş olur. Həftənin bütün günü çalışıram, günün birinci yarısınadək. Sonra balıq ovunu da xoşlayıram, vaxtım olanda gedirəm. Nəinki Göyçaydan, ətraf Ucar, Ağdaş, Ağsu, Zərdab rayonlarından sifarişlər gəlir, çünki saatsaz yoxdur. 5-6 rayonun tək saatsazıyam. Yaşlı nəsil mexaniki, gənclər isə elektron saatlara üstünlük verir. Bir manatdan beş manata qədər təmir xərci olur. Hətta olur ki, saat köhnə, ucuz, təmiri baha olur. Deyirəm get təzəsini al. Almırlar, həmin saatın xatirəsinin dəyərli olduğunu deyirlər, xüsusilə yaşlı nəsil öz saatlarına sadiqdir. Vəfalı insan üçün dəyərin qiyməti olmur. "
Saatsazın iş otağında köhnə, ancaq işlək divar, qol saatları nəzərə çarpırdı. Usta deyir ki, iş otağında 30-dan çox qol, 20-dən çox divar saat var. Çoxu da ötən əsrin 60-70-ci illərinə aid. Bəziləri satış üçün hazırlanan, bəziləri təmirə verilənlərdir. Ən ucuz saatı üç manata, ən baha saatını isə 100 manata satan sənətkar özünə aid saatının olmadığını deyir. Bütün təmir etdiyi və hazırladığı saatları qoluna taxaraq yoxlayan saatsaz deyir ki, qolunda saat görəndə alıcısı tez çıxır. Tələbatın çox olduğu saatlar isə yapon istehsalı olan "arient" markalı saatlardır. Həm möhkəm, həm davamlı. Müasir saatların mexanizmi isə ona çətin gəlməsə də yoxlamasa təmirə almadığını bildirir. Təmiri isə 10-15 dəqiqə çəkir.
"Müasir sensor saatların mexanizmi yoxdur, sadəcə telefon kimi çalışır, onların mexanizminə bələd olmaq üçün söküb baxıram bir dəfə. Əslində saatsaz kimi demək olar bütün saatların işləmə mexanizminə bələdəm. Yenilərində isə mexanizm qəliz deyil, ancaq xırda detallarına varmalıyam, açıb baxmasam bilmərəm mexanizmi necə işləyir. Atam həmişə deyərdi ki, mexanizmə bələdəm, yenilərin iş funksiyasına bələd deyiləm, açıb baxmalıyam. Kimsə saatı gətirir ki, saatı işləmir, gör nədəndir. Bir dəqiqə kifayət edir ki, açıb baxıb dərdini bilim. Bəzən insanlar təəccüblənir ki, nə bildin o səbəbdən telefon işləmir?"
Ardıcıl gələn sifarişləri xoş üzlə qarşılayıb yola salan saatsaz bir kimsəni əliboş, acı dillə geri qaytarmır. Hamını işindən razı, xoş rəftarla yola salır. Elə orda olduğum müddətdə yol ötüb keçənlər saatsazın halını sorur, işinə avand olsun deyirlər. Saatsazın tələbəsi yoxdur və sənətin gələcəyi naminə narahatdır. Deyir ki, gənclər bu qədim el sənətinə maraqlı olmur, daha çox ali təhsilə və digər gəlirli peşələrə yönəlirlər. Elə üç övladı da sənətdən uzaqdır. Ancaq sənətkar sənəti kiməsə yadigar qoyub getmək istəyir, özü də sevgi ilə.
"İki nəfər gənc gəldi iş yerimə. Biri əyləşən kimi baxdı stolun üstünə ağladı ki, bu mexanizmləri nə edəcəm. Durub getdi. Digəri isə hələ əlini heç nəyə atmadan "usta gündə qazancım nə qədər olacaq? " deyə sual verdi. Dedim xeyr, səndən sənət adamı olmaz. Sənəti öyrənən pula deyil, öncə işinə maraqlı olmalı. Sənət axtaranın həmişə qazancı olacaq, pul axtarandan isə sənətkar olmaz. Sual verirlər ki, səndən sonra kim olacaq saatsaz, kim davam etdirəcək? Özümə də maraqlıdır. Mən təkəm rayonda, insanıq ölüm haqdır. Deyirəm nə qədər sağam xidmət edəcəm sizə, məndən sonra mən də bilmirəm. Məcburi heç kimə sənət öyrətmək olmur. Sənət minnətsiz qazanc və baş ucalığıdır. Yəqin ki, sənətimi davam etdirən çıxar gələcəkdə. Ancaq sənəti öyrənməyin milləti olmur, gərək sənəti oğurlayasan. Usta əlindən tutub nəyi necə etməyi öyrətməyəcək, gərək ustanın əlinə baxıb öyrənəsən. Buna da sevgi, səbr və maraq olmalı"
Günel Sabirqızı Azad Tv-nin xüsusi muxbiri