Menu
Xəbər Lenti
24 Ara 09:38Mədəniyyət

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti hərbi hissədə

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “N” saylı hərbi hissədə çıxış edib.

Teatrdan AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə hərbi hissənin nümayəndəsi çıxış edərək qonaqları salamlayıb və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə başda olmaqla, layihənin bütün iştirakçılarına hərbi hissə rəhbərliyinin Fəxri fərmanlarını təqdim edib.

Teatrın truppa müdiri Ələsgər Muradxanlı isə belə görüşlərin əhəmiyyətindən danışaraq, hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Teatrın aktyorları milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim M.F.Axundzadənin eyniadlı komediyası əsasında hazırlanmış “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını nümayiş etdiriblər.

Qeyd edək ki, Mirzə Fətəli Axundzadənin bu məşhur komediyası əslində ictimai-sosial şəraitin yaratdığı ciddi insani münasibətlərdən, düşüncə fərqliliyi ilə yaranan anlaşılmazlıq nəticəsində onların qarşı-qarşıya durmasından bəhs edir. Görkəmli dramaturq oyun içində oyun quraraq, ictimai mühitin güzgüsünə çevrilən komik nüanslarla zəngin gözəl bir əsəri töhfə kimi bizə bağışlayıb.

Tamaşada rolları Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Asya Atakişiyeva, Nuranə Hüseynova, Natiq Fərzəliyev və Müşfiq Əliyev ifa ediblər.

Aktyorların çıxışları şəxsi heyət tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.