Menu
Xəbər Lenti
13 Ekm 11:24Manşet / Gündəm / Cəmiyyət

Xilaskar insan - Ulu Öndər Heydər Əliyevin siyasi irsi bu gün də davam edir

 
 

Heydər Əliyev hər xalqa qismət olmayan, hər xalqın taleyinə yazılmayan bir dahi, xalqın böyük bir lideri, yolgöstərəni,  xalqın qurtuluşuna imza atan, ölkəsini parçalanmaq, dünya xəritəsindən yox olmaq təhlükəsindən qurtaran xilaskar insan,  xalqının israrlı təkidi ilə bir Simurq quşu kimi Vətənin səmasında qanad açan, xalqının köməyinə tələsən böyük dövlət adamı, nəhəng bir siyasi xadimidir.

Ümummilli Lider Heydər Əliyev belə demişdir:

“Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan”.

Təəssüflər olsun ki, Azərbaycan xalqı səriştəsiz, təcrübəsiz və biliksiz insanların ölkəyə rəhbərlik etmələrinin hansı acı nəticələrə gətirib çıxardığını öz təcrübəsindən yaxşı bilir. Müstəqilliyin ilk illərində məhz belələrinin “səyləri” nəticəsində Azərbaycan özünün xarici siyasətində tam iflasa uğramış, beynəlxalq aləmdən təcrid vəziyyətinə düşmüşdü. Əgər 1993-cü ildə Ulu Öndər xalqın səsinə səs verib ölkədə siyasi hakimiyyətə qayıtmasaydı, bütün baş verənlər Azərbaycanın bir dövlət olaraq süqutu ilə nəticələnəcəkdi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri heç bir tarixi şəxsiyyətlə müqayisəolunmaz dərəcədə böyükdür, çoxşaxəlidir və qiymətlidir. Heydər Əliyev təkcə bir tarixi şəxsiyyət, yaxud böyük dövlət xadimi kimi deyil, eyni zamanda müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının müstəqil dövlətçilik rəmzi və milli iftixarıdır. Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının ali məqsədi Azərbaycan xalqına sədaqətlə xidmət etməkdən və müstəqil dövlət qurmağa nail olmaqdan ibarət olmuşdur.

1969-1982-ci illər ərzində Azərbaycan Sovet Respublikasını keçmiş SSRİ-də bütün istiqamətlər üzrə inkişaf etmiş bir ölkə səviyyəsinə çatdırmaq Heydər Əliyevin yorulmaz fəaliyyətinin və böyük iradəsinin nəticəsi idi. Bu dövr Azərbaycanın intibah dövrüdür.

Heydər Əliyevin Azərbaycan Respublikasında həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı ilə o zaman rəhbərlik edənlərin diqqətini cəlb etdi. Zaman-zaman maneələrlə qarşılaşaraq, məqsədli bir şəkildə rəhbərlikdən uzaqlaşdırılmasına baxmayaraq, heç bir qüvvə onu xalqından uzaqlaşdıra bilmədi.

1993-cü ildə Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşəndə Ulu Öndər öz tarixi missiyasını davam etdirərək ölkəni, xalqı böyük bir fəlakətdən-müstəqilliyini itirməkdən xilas etdi. Bu dövr Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış səhifəsinə çevrildi. Əgər 1969-cu ildə onun birinci gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirdisə, 1993-cü ildə ikinci dəfə gəlişi Milli Qurtuluşu oldu. 1992-1993-cü illərdə xalqımızın başına gəlmiş erməni və havadarlarının zülmü, Dağlıq Qarabağın işğal olunması ilə nəticələndi. Xalqımızın tələbi ilə Ulu Öndərimiz hakimiyyətə gəldi. Bu gəlişi ilə o, atəşkəsin elan olunmasına nail oldu. Ermənistan tərəfindən işğal olunan Qarabağ torpağını dünya səviyyəsində ən mötəbər məclislərində müzakirəyə çağırdı.

On illik prezidentliyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar apardı və iqtisadiyyatı çökmüş ölkəni dirçəltdiyi və inkişaf etdirdiyi qüdrətli dövlət kimi millətinə bəxş etdi. Bununla da o, Azərbaycan xalqının mövcudluğunu qorumağa nail oldu. Ümummilli lider Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirdi, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqımızn rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin etdi. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin ən bariz nümunəsi oldu. Bugünkü Azərbaycanı, onun böyük potensialını həmin müqaviləsiz təsəvvür etmək mümkün deyil.

Böyük rəhbər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan həm milli iftixar duyğusu, həm də bugünümüzün və sabahımızın mahiyyətidir. Heydər Əliyev ideologiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. 2003-cü ildən sonra inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanın ötən 18 illik şanlı və zəngin tarixi bizim üçün qürur mənbəyidir.

Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərini və dövlətimizin xarici siyasətini prioritet istiqamət kimi hər zaman önə çəkib.

O, Azərbaycan-Türkiyə münasibətlərinə hər zaman xüsusi önəm vermiş, qardaş ölkə ilə əlaqələrin inkişafını xarici siyasətin prioritet istiqaməti kimi müəyyən etmişdir. 1998-ci ildə Türkiyə Cümhuriyyəti yaradılmasının 75-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda söylədiyi nitqində Ulu Öndər bu münasibətlərin tarixi köklər əsasında formalaşdığını vurğulayaraq demişdir:

“Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıb, bu gün də dostluğumuzun, əməkdaşlığımızın əsasını təşkil edir.” Bu gün də Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bütün Türk dünyasına bir örnəkdir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il qardaş ölkədə keçirilmiş prezident seçkilərindən az müddət sonra, iyun ayının 12-13-də Azərbaycana səfər etməsi də ölkələrimiz arasında olan birlik və qardaşlığın bütün regionda sabitlik, inkişaf və sülhə xidmət edən çox mühüm beynəlxalq amil olduğunu və bu amilin mahiyyətini bir daha qabarıq şəkildə bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə, iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bu mühüm tarixi əhəmiyyət kəsb edən sənəd ölkələrimiz arasındakı müttəfiqlik əlaqələrini yeni səviyyəyə qaldırmaqla regionda sülhə və inteqrasiyaya yol açmış oldu". Dünyada hegemonluğa can atan, öz məqsədləri naminə daha zəif ölkələrə təzyiq göstərməyə çalışan böyük dövlətlərin ikili standartlar siyasətinin hər zaman Heydər Əliyev tərəfindən qətiyyətlə pislənib.

"Heydər Əliyev bütün həyat fəaliyyətini xalqa həsr etmiş tarixi şəxsiyyətdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə ölkəni tərəqqiyə və inkişafa aparıb. Bu gün qürurla yaşadığımız müstəqil Azərbaycan dövləti Heydər Əliyevin ideyaları üzərində qurulub və inkişaf edir. Heydər Əliyevin Azərbaycanla bağlı ən böyük arzusu torpaqların işğaldan azad olunması və köçkünlərin öz yurdlarına qayıtması idi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ulu Öndər Heydər Əliyevin siyasi-iqtisadi kursu uğurla davam etdirilərək Azərbaycanı qalib ölkəyə çevirib. Bu gün təbii ki, Heydər Əliyevin görmək istədiyi müstəqil, güclü və qalib Azərbaycan dövləti ərsəyə gəlib.Heydər Əliyevin çox şaxəli  irsi xalqımızın milli sərvətidir".

Ulu Öndərin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Qarabağı işğaldan azad etdi. Şuşanın işğaldan azad olunması Ulu Öndərin arzusu idi.

Bu böyük nailiyyətdir. Azərbaycan üçün yeni tarixi bir dövr başlayır. Ulu Öndərimiz indi yanımızda deyil, lakin Azərbaycan durduqca, Ulu Öndər də əbədi yaşayacaq!

Ümummilli lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir. Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!

 

Yasəmən Qəyyumova

Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyin sədri