Xəbər Lenti
Dünən, 13:46
Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə ÇAĞIRILDI
Dünən, 13:31
Rusiyada OMON-çuların işgəncə verdiyi azərbaycanlı: "Ukrayna müharibəsinə göndərmək istəyirdilər"
Dünən, 10:58
XİN: İranın səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı təhrifəri təəccüb və qəzəb doğurur
27-06-2025, 17:46
Şəhid Kəşfiyyatçı Məsimov Əkbər Yunis oğlu – “Qəhrəman, igid, cəsur şəhidimiz. Ailəsinin qüruru, xalqın fəxri”
27-06-2025, 09:17
Xronika: "Paşinyanın İstanbul səfərinin pərdəarxası – Ermənistan "Turan"a qoşulur"
25-06-2025, 19:20
İş adamı Cəbrayıl Cəbrayılov: “26 İyun – Müstəqil Azərbaycanın Güvənc Yeri. Silahlı Qüvvələr Günü”
25-06-2025, 19:17
Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “26 İyun – Azərbaycan Ordusunun Şərəf və Qürur Günüdür”
25-06-2025, 19:16
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “26 İyun – Silahlı Qüvvələr Günü. Güclü Ordu, Güclü Dövlətin Təminatıdır”
25-06-2025, 19:08
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov: “26 İyun – Silahlı Qüvvələr Günü: Dövlətimizin Qürur Günüdür”
Yaşıllıqdan boylanan təhlükə: Dəmir konstruksiyadan hazırlanan keçid piyadalar üçün problemə çevrilib

Azadlıq prospekti boyunca yolun kənarlarında, yolayrıcında əkilən həmişəyaşıl və dekorativ ağaclar, yaşıllıq zolağının tən ortasında əlavə olaraq dəmir konstruksiyadan hazırlanan keçid – “arko” piyadaların təhlükəsizliyi üçün problemə çevrilib.
Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik.
Bakı şəhəri Binəqədi rayonu ərazisində - Azadlıq prospekti boyunca yolun sağ və sol hissəsində, yol ayrıcında həmişəyaşıl və dekorativ ağaclar əkilib. Yaşıllıq zolağının tən ortasında əlavə olaraq dəmir konstruksiyadan keçid – “arko” düzəldilib, üzəri həmişəyaşıl sarmaşıq bitki ilə örtülüb. Bu “arko”nun girişi və çıxışı birbaşa avtomobil yoluna baxır.
Ani diqqətsizlik qəza və ölümlə nəticələnə bilər
Yaxınlıqdakı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasından çıxan tələbələr, oradakı dayanacaqda avtobusdan düşən sərnişinlər əvvəlcə piyada keçidi və piyada zolağı olmayan, dördzolaqlı, ikitərəfli yolu qarşı tərəfə keçərək bu “arko”ya daxil olur, oradan da çıxıb növbəti birtərəfli, ikizolaqlı yolu keçib yaşayış binalarına doğru, yaxud əksinə hərəkət edirlər. Yolun bu hissəsində hər hansı yol nişanı yoxdur. Azadlıq prospekti ilə M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətində hərəkət edən sürücülər, eləcə də sözügedən “arko”dan istifadə edən piyadalar üçün bu vəziyyət olduqca təhlükəlidir. Çünki axşam saatlarında istər-istəməz görüntü məhdudlaşır. Bununla bərabər, yaşıllıq zolaqlarının içi ilə hərəkət edərək qəfil yolu keçməyə çalışan, yaxud qeyd etdiyimiz “arko”dan istifadə edən piyadalar sürücülər üçün görünməz olurlar. Ani diqqətsizlik qəza və ölümlə nəticələnə bilər.
Ağac və kollar görüntünü məhdudlaşdırır
Nəqliyyat eksperti, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov da hesab edir ki, ağacların və kolların yol kənarında, ayrıca zolaqlarda standartlara riayət olunmadan, gələcəkdə yarada biləcəyi maneələr düşünülmədən əkilməsi həm piyadalar, həm də nəqliyyat vasitələrini idarə edən sürücülər üçün təhlükəlidir: “Məsələ ondadır ki, piyadaların əksəriyyəti yolu ancaq keçidlərdən, xüsusi zolaqlardan deyil, ən qısa məsafədən, yəni istədiyi yerdən keçirlər. Bəzi piyadalar ağac və kolların arxasından qəfil çıxır, yolu keçməyə çalışırlar. Bu zaman fərqinə varmırlar ki, sürücü onları görmür. Yol kənarındakı ağac və kollar görüntünü məhdudlaşdırır. Belə şəraitdə piyadalar qəfil yola çıxır, öz həyatları üçün təhlükəli vəziyyət yaradırlar. Piyadanı qəfil qarşısında görən sürücü idarə etdiyi avtomobilin sürətini tənzimləyə bilmir. Düzdür, sürücü dərhal əyləci sıxır ki, piyadanı vurmasın. Amma nəzərə alaq ki, əyləc sıxıldıqdan sonra avtomobilin sürüşmə-əyləc məsafəsi var”.
Özünü nəqliyyat vasitəsinin altına atan piyadalar
Ekspert qəzetimizə açıqlamasında deyib ki, avtomobil 50 kilometr/saat sürətlə hərəkət edəndə belə, sürücü qaranlıq vaxtlarda kolun və ya ağacın arxasından qəfil yola çıxan, bilməyərəkdən özünü nəqliyyat vasitəsinin altına atan piyadanı vurmaqdan yayına bilmir: “Nəticə etibarilə həm piyada xəsarət alır, həm də sürücü məsuliyyətə cəlb olunur. Ona görə də yol kənarlarında, ayırıcı zolaqlarda yaşıllaşdırma tədbirləri həyata keçirilərkən mütləq bu məqamlar nəzərə alınmalı, standartlara uyğun şəkildə iş aparılmalıdır. Yol hərəkətinin təşkili zamanı elə edilməlidir ki, yol nişanları hərəkət iştirakçıları üçün aydın görünsün, yollar piyadalar və sürücülər üçün təhlükəsiz olsun. Bu kimi səbəblərə görə, yol kənarlarında, yol ayrıclarında görüntünü məhdudlaşdıran dekorativ, həmişəyaşıl ağac və kolların əkilməsinin əleyhinəyəm. Çünki baş vermiş qəzaların müəyyən hissəsi məhz bundan qaynaqlanır”.
Yolda hərəkətin təhlükəsizliyi vacib məqamdır
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, avtomobillərin intensiv hərəkətinin müşahidə olunduğu Azadlıq prospekti boyunca piyadaların hərəkət təhlükəsizliyi üçün zəruri olan tədbirlər görülüb. Onun sözlərinə görə, bu çərçivədə zəruri olan yerlərdə həm müxtəlif səviyyəli, həm də eyni səviyyəli piyada keçidləri təşkil edilib: “Bu yoldan istifadə edən piyadalara da məhz yol hərəkəti təhlükəsizliyi qaydalarını nəzərə almaqla, piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik. Səkinin üzərində yaşıllığın bu formada dizayn edilməsi hərəkətin təhlükəsizliyi baxımından risk yaradır. Çünki bu cür vasitələrin mövcudluğu bir növ çaşdırıcı rol oynayır və piyadaları normalara uyğun təşkil edilən keçidlərdən istifadə etməkdən yayındırır. Digər tərəfdən, burada yaşıllıq elə dizayn edilib ki, sürücü hərəkətdə olan zaman piyadaların yola yaxınlaşdığını ümumiyyətlə görə bilmir. Əlbəttə ki, yol boyunca yaşıllıqların olması, ağac və bitki kollarından gözoxşayan müxtəlif dekorasiyaların quraşdırılması yaxşı haldır. Biz bunu təqdir edirik. Amma mütləqdir ki, bu cür vasitələr düzəldilərkən yolda hərəkət təhlükəsizliyi kimi vacib məqamlar da nəzərə alınsın. Əks halda, xoş niyyətlə atılan bir addım insan faciəsinə səbəb ola bilər”.