Menu
Xəbər Lenti
Jestləri ilə gündəm oldu
18-11-2026, 12:04

Jestləri ilə gündəm oldu

8 aylıq hamilə qadın öldü
17-11-2026, 12:09

8 aylıq hamilə qadın öldü

21 Noyabr 2026 11:36Manşet / Gündəm / Siyasət

Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru

 

Məşhur Məmmədov,
Milli Məclisin deputatı


“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.”
Ulu Öndər Heydər Əliyevin bu tarixi fikri Yeni Azərbaycan Partiyasının yaranma fəlsəfəsini, keçdiyi inkişaf yolunu və gələcəyə baxışını özündə dolğun ifadə edir. Çünki Yeni Azərbaycan Partiyasının tarixini yalnız siyasi təşkilatın yaradılması və fəaliyyət mərhələləri ilə məhdudlaşdırmaq mümkün deyil. Bu tarix, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin formalaşması, siyasi sabitliyin bərqərar olması, milli maraqların qorunması və ölkəmizin inkişaf strategiyasının müəyyənləşdirilməsi tarixidir.

1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtələrindən biri oldu. Həmin gün yaradılan Yeni Azərbaycan Partiyası zaman keçdikcə ölkənin ən böyük siyasi təşkilatına, dövlətçilik ideyalarının və milli maraqların müdafiəsində aparıcı siyasi qüvvəyə çevrildi. Bu gün YAP-ın yaranmasının növbəti ildönümünə nəzər salarkən doğma partiyamızın keçdiyi tarixi yolun mahiyyətini, ölkənin ictimai-siyasi həyatına təsirini və gələcək nəsillər qarşısında daşıdığı məsuliyyəti daha dərindən dərk edirik.

Yeni Azərbaycan Partiyasının yaranması təsadüfi siyasi hadisə deyildi. 1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb və ziddiyyətli proseslərin məngənəsində idi. Dövlət müstəqilliyinin yenidən əldə olunması ilə bağlı tarixi sevinc ölkədə hökm sürən siyasi qeyri-sabitlik, idarəçilik böhranı, iqtisadi çətinliklər, Ermənistanın hərbi təcavüzü və daxili qarşıdurmalar səbəbindən ciddi narahatlıqla müşayiət olunurdu. Dövlətçiliyin qorunması, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin parçalanma təhlükəsindən xilas edilməsi milli miqyaslı zərurətə çevrilmişdi.

Belə bir şəraitdə Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrini təmsil edən ziyalılar, nüfuzlu ictimai-siyasi xadimlər və vətənpərvər insanlar ölkənin gələcəyinə məsuliyyətlə yanaşaraq yeni siyasi təşkilatın yaradılması təşəbbüsünü irəli sürdülər. Onlar hesab edirdilər ki, Azərbaycanın qarşılaşdığı ağır problemlərdən çıxış yolu güclü siyasi liderlik, peşəkar idarəçilik və milli maraqlar ətrafında birləşməkdən keçir.

Bu axtarışların mərkəzində xalqın böyük etimad göstərdiyi, zəngin dövlətçilik təcrübəsinə və siyasi müdrikliyə malik Ulu Öndər Heydər Əliyev dayanırdı. Onun siyasi təcrübəsi, dövlət idarəçiliyində qazandığı uğurlar və xalqla bağlılığı həmin dövrdə Azərbaycanın ehtiyac duyduğu liderlik keyfiyyətlərinin ifadəsi idi.

Yeni Azərbaycan Partiyasının yaradılması siyasi zərurətdən doğan, milli məsuliyyətə əsaslanan və gələcək dövlət quruculuğuna hesablanmış tarixi qərar oldu.

Yeni Azərbaycan Partiyasının yaranma tarixində “91-lər”in müraciəti xüsusi yer tutur. 1992-ci il oktyabrın 16-da Azərbaycanın tanınmış ziyalılarının, elm, mədəniyyət və ictimaiyyət nümayəndələrinin imzaladığı müraciət Ulu Öndər Heydər Əliyevə ünvanlanaraq onu yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməyə dəvət edirdi.

Bu müraciət mahiyyət etibarilə ayrı-ayrı şəxslərin təşəbbüsündən daha geniş məna daşıyırdı. O, cəmiyyətdə formalaşmış siyasi gözləntilərin, sabitlik və güclü dövlətçilik arzusunun, Azərbaycanın gələcəyinə dair ümummilli narahatlığın ifadəsi idi.

Ulu Öndər Heydər Əliyev müraciətə cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən irəli gəldiyini vurğulayaraq yazırdı:

“Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Bu cavab həm də Ulu Öndərin siyasi dünyagörüşünün mühüm xüsusiyyətini nümayiş etdirirdi. O, siyasi partiyaların mövcudluğunu demokratik cəmiyyətin vacib elementi hesab edir, siyasi plüralizmi müstəqil dövlətin inkişafının əsas şərtlərindən biri kimi dəyərləndirirdi.

“91-lər”in təşəbbüsü Azərbaycan tarixində siyasi uzaqgörənliyin, cəsarətin və vətəndaş məsuliyyətinin nümunəsi kimi yadda qaldı.

Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. Ölkənin müxtəlif bölgələrini təmsil edən 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə baş tutan konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi.

Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Eyni zamanda, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədr müavinləri müəyyənləşdirildi.

Bu qərarlar Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsasını qoydu. YAP ilk gündən etibarən müstəqil dövlətçiliyin qorunmasını, milli birliyin möhkəmləndirilməsini, demokratik institutların inkişafını və ölkənin hərtərəfli tərəqqisini özünün başlıca siyasi vəzifələri kimi müəyyənləşdirdi.

Partiyanın yaranması cəmiyyətin müxtəlif təbəqələrində böyük ümidlər yaratdı. Çünki insanlar ölkəni böhrandan çıxara biləcək siyasi iradənin, təcrübəli liderliyin və ardıcıl dövlətçilik strategiyasının mövcudluğunu görmək istəyirdilər.

Yeni Azərbaycan Partiyasının sonrakı inkişafı bilavasitə Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti və dövlətçilik fəlsəfəsi ilə bağlıdır. Onun rəhbərliyi altında partiya qısa müddətdə ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyə yüksəldi.

Ulu öndər Heydər Əliyevin siyasi liderliyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi ilə səciyyələndi.

1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər ölkəni dərin böhrandan çıxarmaq üçün qətiyyətli addımlar atdı. Dövlətçiliyin qorunması, qanunun aliliyinin təmin edilməsi, silahlı qarşıdurmaların dayandırılması, iqtisadi islahatların başlanması və Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması istiqamətində mühüm işlər görüldü.

Bu prosesdə Yeni Azərbaycan Partiyası mühüm siyasi dayaq rolunu oynadı. Partiya ilə dövlətçilik strategiyası arasında formalaşan ideya və məqsəd birliyi Azərbaycanın inkişaf modelinin əsas xüsusiyyətlərindən birinə çevrildi.

Ulu Öndərin yaratdığı siyasi məktəbin başlıca məğzi güclü dövlət, milli birlik, xalqla hakimiyyət arasında etimad və uzunmüddətli inkişaf strategiyası idi. Bu dəyərlər bu gün də YAP-ın siyasi fəaliyyətinin ideoloji əsasını təşkil edir.

2003-cü ildən etibarən Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirildi və zənginləşdirildi.

2005-ci il martın 26-da keçirilən YAP-ın III qurultayında İlham Əliyevin partiyanın sədri seçilməsi təşkilatın siyasi həyatında mühüm mərhələ oldu. Bununla da Heydər Əliyev siyasi irsinin ardıcıl davam etdirilməsi partiyanın təşkilati və siyasi inkişafında yeni istiqamət qazandı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi inkişaf, infrastruktur quruculuğu, sosial rifah, müdafiə qabiliyyəti və beynəlxalq nüfuz baxımından mühüm nailiyyətlər əldə etdi. Ölkənin iqtisadi potensialı gücləndi, enerji və nəqliyyat layihələri həyata keçirildi, regionların sosial-iqtisadi inkişafı sürətləndi, ordunun maddi-texniki bazası və döyüş qabiliyyəti yüksəldildi.

Bu inkişafın ən mühüm tarixi nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi oldu.

2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin bütün ərazilərində təmin olunması Azərbaycan tarixində yeni səhifə açdı. Bu hadisələr dövlətçilik tariximizin ən mühüm nailiyyətlərindən biri kimi yadda qaldı.

Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışında vurğuladığı kimi, partiyanın qurultayı ilk dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonrakı yeni ictimai-siyasi və geosiyasi şəraitdə keçirilir.

Bu reallıq YAP qarşısında da yeni vəzifələr müəyyən edir. Artıq əsas hədəf yalnız əldə edilmiş nailiyyətləri qorumaq deyil, həm də suverenliyin yaratdığı yeni imkanlardan səmərəli istifadə etməklə güclü, rəqabətqabiliyyətli və müasir Azərbaycan quruculuğunu davam etdirməkdir.

Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolun mühüm xüsusiyyətlərindən biri onun geniş sosial dayağa malik siyasi təşkilata çevrilməsidir. Partiyanın sıralarında müxtəlif peşə və sosial qrupları, yaş kateqoriyalarını, regionları təmsil edən vətəndaşlar birləşir.

YAP-ın əsas ideoloji prinsipləri vətənə sədaqət, dövlətçilik maraqlarına bağlılıq, milli həmrəylik, Azərbaycançılıq və ölkənin davamlı inkişafına töhfə vermək məsuliyyətidir.

Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında səsləndirdiyi fikirlər də partiyanın siyasi çəkisini və ictimai əhəmiyyətini göstərir:

“Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir”.

Təqdim olunan statistik məlumata görə, partiyanın üzvlərinin sayı 769 811 nəfərdir. Bu göstərici YAP-ın geniş təşkilati potensialını və ölkənin ictimai-siyasi həyatındakı mövqeyini əks etdirir.

Lakin siyasi təşkilatın gücü yalnız üzvlərinin sayı ilə ölçülmür. Əsl güc onun cəmiyyət qarşısında daşıdığı məsuliyyət, ictimai etimadı qorumaq bacarığı, dövlətin strateji məqsədlərinə töhfə verməsi və yeni dövrün çağırışlarına çevik uyğunlaşması ilə müəyyən edilir.

Bu baxımdan YAP üçün əsas vəzifələrdən biri üzvlərinin intellektual və siyasi potensialının artırılması, gənclərin təşəbbüskarlığının dəstəklənməsi, qadınların ictimai-siyasi fəallığının genişləndirilməsi və partiya fəaliyyətində müasir idarəetmə mexanizmlərinin tətbiqidir.
2021-ci il martın 5-də keçirilən YAP-ın VII qurultayı partiyanın təşkilati strukturunun və fəaliyyət mexanizmlərinin yenilənməsi baxımından mühüm əhəmiyyət daşıdı.

Qurultayda partiyanın yeni Nizamnaməsi qəbul edildi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və 35 nəfərlik Veteranlar Şurası təsdiqləndi.

Həmin gün Prezident İlham Əliyevin müvafiq qərarı ilə Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi də təşkilatın siyasi və institusional inkişafında əlamətdar hadisə oldu.

Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti, humanitar təşəbbüsləri, mədəni irsin qorunması və beynəlxalq humanitar əməkdaşlığa verdiyi töhfələr onun ölkənin ictimai həyatındakı rolunu müəyyənləşdirən əsas istiqamətlərdəndir.

VII qurultayda həyata keçirilən struktur dəyişiklikləri partiyanın müasir siyasi proseslərdə iştirak imkanlarının genişləndirilməsinə, təşkilati fəaliyyətin səmərəliliyinin artırılmasına və yeni çağırışlara uyğunlaşmasına xidmət etdi.

Müasir siyasi sistemin inkişafında iqtidar və müxalifət arasında konstruktiv münasibətlərin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin siyasi kursunda milli maraqlar ətrafında birliyin və sağlam siyasi dialoqun təşviqi mühüm yer tutur.

Dövlət başçısının “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri bu yanaşmanın mahiyyətini ifadə edir.

Siyasi dialoq fərqli mövqelərin mövcudluğunu inkar etmək deyil, həmin mövqelərin ölkənin inkişafı, dövlətçilik maraqları və ictimai sabitlik naminə sivil müzakirə müstəvisində uzlaşdırılmasıdır.

Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrdən biri də bu dialoq mühitinin genişləndirilməsinə, siyasi mədəniyyətin inkişafına, ictimai etimadın möhkəmləndirilməsinə və vətəndaş cəmiyyətinin fəallığının artırılmasına töhfə verməkdir.

Çünki güclü dövlət yalnız iqtisadi və hərbi potensialla deyil, eyni zamanda sağlam ictimai münasibətlər, hüquqi institutlar və vətəndaş həmrəyliyi ilə xarakterizə olunur.
Yeni Azərbaycan Partiyasının seçkilərdə əldə etdiyi nəticələr onun ölkənin siyasi sistemindəki mövqeyinin mühüm göstəricilərindən biridir.

2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev seçicilərin 92,12 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

2024-cü il sentyabrın 1-də keçirilən Milli Məclisə seçkilərin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyası parlamentdə 68 mandat qazandı.

2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində isə partiyanın 5855 namizədi bələdiyyə üzvü seçildi.

Bu nəticələr partiyanın seçki və təşkilati potensialını nümayiş etdirməklə yanaşı, onun üzərinə düşən ictimai məsuliyyəti də artırır. Seçkilərdə qazanılan etimad vətəndaşların problemlərinin həlli, onların müraciətlərinə həssas yanaşılması, seçkiqabağı vədlərin məsuliyyətlə yerinə yetirilməsi və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi ilə davamlı şəkildə təsdiqlənməlidir.

Hesab edirəm ki, xalqın etimadını qorumağın ən mühüm yolu vətəndaşla daim ünsiyyətdə olmaq, onun gündəlik qayğılarını dinləmək, problemlərin həlli istiqamətində real təşəbbüslər göstərməkdir. Siyasi fəaliyyətin nəticəsi insanların həyatında müsbət dəyişikliklər yaratdığı zaman öz həqiqi mahiyyətini tapır.

2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkənin yeni ictimai-siyasi və geosiyasi reallıqları fonunda mühüm siyasi hadisə kimi diqqət çəkdi.

Prezident İlham Əliyev qurultayda proqram xarakterli çıxış edərək partiyanın qarşısında duran əsas vəzifələri, ölkənin gələcək inkişaf istiqamətlərini və yeni dövrün strateji prioritetlərini müəyyənləşdirdi.

Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər təsdiqləndi, İdarə Heyətinin və Təftiş Komissiyasının say tərkibləri müəyyən edildi və onların üzvləri seçildi.

VIII qurultayın tarixi əhəmiyyəti, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır.

Artıq Azərbaycan qarşısında postmünaqişə dövrünün yeni reallıqlarına uyğun siyasi, iqtisadi, sosial və institusional vəzifələr dayanır. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın təmin olunması, milli iqtisadiyyatın şaxələndirilməsi, regional nəqliyyat və kommunikasiya imkanlarının genişləndirilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi bu vəzifələrin əsas istiqamətləridir.

Bu baxımdan VIII qurultay yalnız partiyanın təşkilati həyatında növbəti mərhələ deyil, həm də suveren Azərbaycanın yeni inkişaf gündəliyinin siyasi müstəvidə ifadəsidir.

Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri bu gün xüsusi aktuallıq kəsb edir.

Dünən – mürəkkəb tarixi şəraitdə müstəqilliyin və dövlətçiliyin qorunması uğrunda mübarizə aparan siyasi iradədir.

Bu gün – güclü, müstəqil, suveren Azərbaycanın inkişafına, milli maraqlarının müdafiəsinə və sosial rifahın yüksəldilməsinə xidmət edən siyasi fəaliyyətdir.

Gələcək isə yeni nəsillərin yetişdirilməsi, innovativ düşüncənin təşviqi, müasir idarəçilik, insan kapitalının inkişafı, rəqəmsal transformasiya və ölkənin qlobal rəqabət qabiliyyətinin artırılması deməkdir.

Müasir dövrdə siyasi partiyanın nüfuzu onun yalnız keçmiş nailiyyətləri ilə deyil, gələcəyin çağırışlarına hansı cavabları verməsi ilə də ölçülür. Bu mənada YAP-ın qarşısında duran əsas vəzifə zəngin tarixi irsi qorumaqla yanaşı, yeni dövrün tələblərinə uyğunlaşmaq, gənc nəslin enerjisini və intellektual potensialını dövlət quruculuğu prosesinə cəlb etməkdir.

Partiyanın hər bir üzvü üçün vətənə sədaqət yalnız siyasi şüar deyil, konkret əməl və məsuliyyət olmalıdır. Dövlətçilik maraqlarına xidmət, milli həmrəyliyin qorunması, ictimai problemlərə həssas münasibət, peşəkarlıq və dürüstlük bu fəaliyyətin əsas meyarlarına çevrilməlidir.

Yeni Azərbaycan Partiyasının 34 illik tarixi Azərbaycanın müstəqillik və dövlətçilik salnaməsinin mühüm hissəsidir. 1992-ci ildə ağır tarixi şəraitdə yaranan partiya Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin siyasi həyatında aparıcı qüvvəyə çevrilmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, regionda və beynəlxalq aləmdə mövqelərini gücləndirmiş, gələcəyə daha böyük hədəflərlə irəliləyən dövlətdir. Belə bir mərhələdə Yeni Azərbaycan Partiyasının tarixi missiyası da yeni məzmun qazanır.

Əsas məsələ əldə edilmiş nailiyyətləri qorumaq, dövlətçilik ənənələrini möhkəmləndirmək, cəmiyyətdə milli həmrəyliyi gücləndirmək və gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaqdır.

İnanıram ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi və ideoloji xəttə sadiqlik, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasına dəstək, xalqla davamlı ünsiyyət və müasir çağırışlara uyğun fəaliyyət Yeni Azərbaycan Partiyasının gələcək uğurlarının əsasını təşkil edəcək.

Çünki Yeni Azərbaycan Partiyasının tarixi yalnız dünənin xatirəsi deyil. O, bu günün məsuliyyəti və sabahın böyük hədəfləri ilə yaşayan siyasi tarixdir.


www.AzadMedia.az