Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 10:05

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 09:55

Şəhid atası vəfat etdi

05 Noyabr 2026 12:32Manşet / Gündəm / Sosial

Dövlət Su Ehtiyatları Agentliyində maaş kartları ilə bağlı şok iddialar: İdarə rəislərinə ikinci kartla 5 min manatdan artıq pul ödənilir?

Zaur Mikayılov Dövlət Su Ehtiyatları Agentliyinin sədri vəzifəsinə təyin edildikdən sonra qurumda struktur dəyişiklikləri və islahatlar həyata keçirilib. Lakin aparılan dəyişikliklərin real nəticələri və yeni idarəetmə sisteminin şəffaflığı ilə bağlı bir sıra suallar hələ də gündəmdədir.

Belə ki, yenidən formalaşdırılan idarə və müəssisələrdə rəhbər vəzifələrinə əvvəlki dövrlərdə də rəhbərlik etmiş şəxslərin təyin olunması birmənalı qarşılanmayıb. İslahatların mahiyyəti və kadr siyasətinin hansı prinsiplər əsasında həyata keçirilməsi ilə bağlı müzakirələr davam edir.

Bununla yanaşı, sosial şəbəkələrdə Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki bəzi idarə rəislərinin əməkhaqqı ödənişləri ilə bağlı ciddi iddialar yayılıb.

İddialara görə, bəzi idarə rəislərinin iki əməkhaqqı kartı mövcuddur. Bildirilir ki, kartlardan birinə rəsmi əməkhaqqı köçürülür, digər karta isə bundan təxminən üç dəfə artıq məbləğdə vəsait göndərilir.

Yayılan məlumatlarda ikinci kart vasitəsilə idarə rəislərinin hər ay 5 min manatdan artıq əlavə vəsait əldə etdiyi iddia olunur.

Əgər bu iddialar həqiqəti əks etdirirsə, söhbət dövlət vəsaitlərinin istifadəsi, əməkhaqqı ödənişlərinin şəffaflığı və mümkün qanun pozuntuları ilə bağlı ciddi araşdırma tələb edən məsələdən gedir.

Digər tərəfdən, aparılan islahatların korrupsiya risklərini aradan qaldırmaq əvəzinə, maliyyə axınlarının başqa formada təşkilinə xidmət etdiyi barədə səsləndirilən iddialar da cavabsız qalmamalıdır.

Maraqlıdır, Dövlət Su Ehtiyatları Agentliyində həqiqətən də ikinci əməkhaqqı kartları mövcuddurmu? İdarə rəislərinə rəsmi əməkhaqqından əlavə vəsait hansı əsaslarla ödənilir?

Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyinin mövqeyini öyrənməyə və ictimaiyyətə təqdim etməyə hazırıq. Qurumdan iddialara aydınlıq gətirilməsi, zərurət yaranarsa, müvafiq maliyyə yoxlamalarının aparılması gözlənilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Serhedaz.az