Menu
Xəbər Lenti
Generala ağır itki
8-09-2026, 10:09

Generala ağır itki

Faktiki hava açıqlandı
6-09-2026, 12:06

Faktiki hava açıqlandı

10 Sentyabr 2026 21:13Manşet / Gündəm / Sosial

SÖZÜN İŞIĞINDA KEÇƏN 63 İL: ŞAMİL CƏFƏRLİ ÖMRÜNÜN MÜDRİKLİK ZİRVƏSİNDƏ

 

İllər təqvimlərdən sakitcə süzülüb keçir, amma bəzi ömürlər var ki, zamanın axarında sadəcə qocalmır, daha da saflaşır, müdrikləşir. Bu gün mətbuatımızın yetkin və prinsipial simalarından biri — Azərbaycan Respublikasının Jurnalistlər və Yazarlar birliklərinin üzvü, ULUSESTV mətbuat portalının təsisçisi və baş redaktoru Şamil Cəfərli ömrünün 63- çü dayanacağına çatır.


​Jurnalistika sadəcə peşə deyil; o, çiyinlərdə daşınan böyük bir məsuliyyət, vicdanın və həqiqətin səsidir. Şamil müəllim zəngin yaradıcılıq yolu boyunca məhz bu amala sadıq qaldı. O, qələmini heç vaxt ötəri maraqların, anlıq həvəslərin xidmətində saxlamadı; hər cümləsində, hər yazısında cəmiyyətin döyünən nəbzini, xalqın qayğılarını, həqiqətin işığını əks etdirməyə çalışdı. Ona görə də onun sözü hər zaman kəsərli, mövqeyi isə sarsılmaz oldu.


​Biz Şamil müəllimi təkcə ustad bir mətbuat xadimi kimi tanımırıq. O, həm də səmimiyyəti ilə hörmət qazanan, gənclərə dayaq duran, xeyirxahlığı ilə seçilən mənəvi bir məktəbdir. Çiyin-çiyinə çalışdığı həmkarları, ondan öyrənən gənc qələm sahibləri onun müdrik tövsiyələrindən, təmkinli xarakterindən hər zaman bəhrələniblər. Ağsaqqal duası, ustad öyüdü necə dəyərlidirsə, Şamil Cəfərlinin də mətbuat mühitindəki varlığı bir o qədər güvənvericidir.


​Böyük Nizami deyirdi ki, “Sözün də su kimi lətafəti var...” Şamil müəllim də illərdir o lətafətli sözün arxasınca gedərək, ULUSESTV platformasında sağlam media nümunəsi ortaya qoyur. Qərəzsiz, obyektiv, ən əsası isə insanpərvər yanaşması ilə mətbuatımızın sıralarında öz silinməz izini həkk edir.


​Bu gün 63 illik ömür zirvəsindən geriyə boylanarkən qürur duyulacaq böyük bir yol görünür: ləkəsiz ad, qazanılmış uca nüfuz və minlərlə insanın qəlbində taxt qurmuş insani səmimiyyət...


​Hörmətli Şamil müəllim! Yubileyininz mübarək olsun! Qələminiz hər zaman iti, sözünüz kəsərli, canınız sağ, ömrünüz bərəkətli olsun. Sözün işığı heç vaxt üzərinizdən əskik olmasın!


Zahid Həbiboğlu (Səmədov)Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı