Menu
Xəbər Lenti
21 Avqust 2026 11:00Manşet / Gündəm / Dünya

“USS Abraham Lincoln” ABŞ-yə qayıdır

 

İranla bağlı hərbi əməliyyatlar çərçivəsində Yaxın Şərqdə xidmət edən ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi uzadılmış missiyasını başa vuraraq ABŞ-yə qayıtmaq üçün yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, “Nimitz” sinfinə aid gəmidə təxminən 5 min dənizçi və dəniz piyadası xidmət edir.

Gəminin San-Dieqodakı əsas bazasına qayıtması gözlənilir.

Əvvəlcə 6-7 ay davam etməsi planlaşdırılan missiya İranla bağlı fevralın sonunda başlayan əməliyyatlar səbəbindən uzadılıb və ümumilikdə təxminən 9 aya çatıb. Gəmi missiyası müddətində 250 gündən çox fasiləsiz olaraq dənizdə qalıb.

Uzunmüddətli missiya zamanı heyətin yaşayış şəraiti ilə bağlı müəyyən problemlərin olduğu barədə məlumatlar yayılıb. Gəmidə xidmət edən hərbçilərin yaxınları ərzaq təminatında məhdudiyyətlər, isti su çatışmazlığı və poçt göndərişlərinin aylarla gecikməsi ilə bağlı narahatlıqlarını bildiriblər. Bununla yanaşı, heyətin mənəvi-psixoloji vəziyyətinin də pisləşdiyi iddia olunub.

“USS Abraham Lincoln” dekabr ayından etibarən heç bir limana daxil olmadan 200 gündən çox dənizdə qalıb.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper gəmini ziyarət edərək heyətə onun geri qayıdacağı barədə məlumat verib. Kuper və ABŞ-nin müdafiə naziri Pit Heqset gəmidəki vəziyyətlə bağlı bəzi məlumatların şişirdildiyini bildirərək, yaranmış problemlərin aradan qaldırılması üçün tədbirlər görüldüyünü qeyd ediblər.

“USS Abraham Lincoln”un bölgədən ayrılmasından sonra “USS George Washington” təyyarədaşıyan gəmisinin ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasındakı missiyanı öz üzərinə götürəcəyi bildirilib.