Menu
Xəbər Lenti
Süni intellekt oğruları
3-08-2026, 12:24

Süni intellekt oğruları

İkram Kərimov vəfat etdi
2-08-2026, 12:02

İkram Kərimov vəfat etdi

06 Avqust 2026 13:13Manşet / Gündəm

Professor Dilqəm Quliyev - 76

 

İllərin dostu, pedaqogika üzrə elmlər doktoru, professor, yazıçı-publisist, sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, "İdmançı" qəzetinin baş redaktoru, Milli Olimpiya Komitəsi, Milli Olimpiya Akademiyası, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurası,  Azərbaycan İdman Jurnalistləri Assiosiasiyası və Türk Ağsaqqalları İctimai Birliyinin (#TAİB) üzvü, Prezidentin fərdi təqaüdçüsü Dilqəm Qasım oğlu Quliyevi (Dilqəm Quliyev)  dünyaya gəldiyi gün (6 avqust), ömür təqviminin 76 illiyi münasibətilə təbrik edir və qayəsi, əməl aynası işıqlı azman alim- aydınımıza 26 il öncə yazdığım  ithaf şeirimi bu günün ovqatı ilə süsləməklə könül ziyarəti olaraq ünvanlayıram.


 

Min illiyin həsrəti var gözündə,


Əsrlərin şöləsi var üzündə,


Qərinələr təpəri var dizində,


Zəkan iti, həyat qayən xoş dilək,


Ulu yaddaş, yetmiş altın  mübarək!


 

Məsləyinin təməlində - ədalət,


İnancının mayasında - həqiqət,


Umacağın olmayıbdır şan-şöhrət.


İllər ilə yaşatmısan saf ürək,


Alim yurddaş, yetmiş altın mübarək!


 

Muğam, sazdan bələnibdir heyrətin


Xürrəmidən boy alıbdır qeyrətin,


Tapındığın Dədə Qorqud - hörmətin,


Keçdiyin yol əməlinlə bir örnək.


Ünlü yoldaş, yetmiş  altın mübarək


 

Aylar, illər ömrümüzə bir izdir,


Ötən günlər xatirətək əzizdir,


Qəlbdə arzu nə gecikmiş, nə tezdir...


Ömür bağın açsın hər vaxt gül-çiçək,


Əziz  soydaş, yetmiş altın mübarək!


 

El güvənir yetirdiyi mərdinə,


Şərik olur sevincinə, dərdinə.


Arzu  sığmır yaşantılar həddinə...


İnnən belə yenə səni şux görək,


Azman sirdaş, yetmiş altın  mübarək!


 

İnam, ümid ruhumuza məlhəmdir,


Sevincimiz can evinə məhrəmdir,


Duyğuların zirvələşən dəmidir..


Tapdıq hörüb sözdən sənə bir çələng,


Dilqəm qardaş, yetmiş altın mübarək!


 

Dilqəm müəllim  ziyalı kredosu, məslək-məramı,  vətəndaş mövqeyi ilə   Azərbaycanın haqq səsidir. O səs ki, cəmiyyətin nəbzinin səsidir. 


AZƏRBAYCAN  sevdalı, vətənpərvər aydın, ruhu diri-duru, saf qayəli dostum Dilqəm Quliyev öz ziyalı yoluna  inamla davam edir.Yol gedənindir, qardaş! 76 illik yolun mübarək!


 

Tapdıq ƏLİBƏYLİ