Menu
Xəbər Lenti
Tənha günlərim
21-07-2026, 19:56

Tənha günlərim

GÜLÜB KEÇDİM...
21-07-2026, 17:01

GÜLÜB KEÇDİM...

23 İyul 2026 19:20Manşet / Sosial

Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.

 

Cənubunsəsi xəbər verir ki, 23 iyul 2026-cı il tarixində Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəman şəhidin doğum günü böyük ehtiramla qeyd olunub. Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatı və Azərbaycan Şəhid Ailələri və Qaziləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir şəhidlərin əziz xatirəsinin yad edilməsi, onların şərəfli ömür yolunun gənc nəslə örnək kimi təbliği, Vətən sevgisinin aşılanması və şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi məqsədi daşıyıb.


İlk öncə Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev qonaqları salamlayaraq bildirib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini yaşatmaq hər bir azərbaycanlının müqəddəs borcudur. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər şəhidlərimizin qanı və qəhrəmanlığı bahasına əldə olunub. Seyfəddin Əliyev vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısı hər zaman diqqət mərkəzindədir. O, həmçinin bildirib ki, şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq, onların şərəfli ömür yolu isə gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olaraq yaşayacaq.


Tədbirdə Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru, jurnalist Mərhəmət Lələyev, Masallı Mərkəzi Kitabxanasının əməkdaşları, Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Nahid Rəhimov, şəhid ailələri, qazilər, media nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Çıxış edənlər şəhidlərimizin Vətən uğrunda göstərdikləri misilsiz qəhrəmanlıqdan, onların keçdikləri şərəfli döyüş yolundan və Azərbaycan xalqının qazandığı tarixi Zəfərdəki əvəzsiz xidmətlərindən bəhs ediblər. Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva bildirib ki, şəhidlərin həyat və döyüş yolunun öyrənilməsi və gələcək nəsillərə çatdırılması milli yaddaşımızın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.


Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru, jurnalist Mərhəmət Lələyev çıxışında qeyd edib ki, şəhidlərimizin qəhrəmanlıq salnaməsinin mediada geniş işıqlandırılması, onların həyat yolunun kitablarda, məqalələrdə və sənədli filmlərdə yaşadılması hər bir jurnalistin mənəvi borcudur. O vurğulayıb ki, qəhrəman şəhidlərimizin adları daim uca tutulmalı, onların Vətən sevgisi və fədakarlığı gənclərimiz üçün örnək olmalıdır.


Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Nahid Rəhimov çıxışında bildirib ki, şəhid ailələrinin yanında olmaq hər bir vətəndaşın mənəvi məsuliyyətidir. O, belə tədbirlərin şəhidlərimizin əziz xatirəsinin yaşadılması və gənclərdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.


Masallı Mərkəzi Kitabxanasının əməkdaşları da çıxış edərək şəhidlərimizin şərəfli ömür yolunun kitablar, nəşrlər və maarifləndirici tədbirlər vasitəsilə gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.


Tədbirdə bildirilib ki, bu gün doğum günü ehtiramla anılan qəhrəman şəhidlər – Qasımov Cəbrayıl Baloğlan oğlu, Şahbazov Kənan Natiq oğlu və Həsənov Sübhan Rauf oğlu Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Onların göstərdikləri igidlik, Vətən sevgisi, döyüş meydanında nümayiş etdirdikləri şücaət və xalqımıza bəxş etdikləri qələbə Azərbaycan tarixinin şanlı səhifələrində əbədi yaşayacaq. Qeyd olunub ki, şəhidlərin doğum günlərinin belə ehtiramla qeyd olunması onların ailələrinə göstərilən mənəvi dəstəyin, dövlət-xalq birliyinin və qəhrəman övladlarımıza sonsuz sevgi və hörmətin bariz ifadəsidir.


 

 

Daha sonra Azərbaycan Şəhid Ailələri və Qaziləri İctimai Birliyinin sədri, şəhid anası Xatirə Cəfərova çıxış edərək şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, onların Vətənə sonsuz məhəbbətindən və şəhid ailələrinin göstərdiyi fədakarlıqdan danışıb. O bildirib ki, şəhidlərimizin müqəddəs xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq, onların ailələri isə cəmiyyətimizin daim diqqət və qayğısı ilə əhatə olunmalıdır.


Tədbir çərçivəsində doğum günü qeyd olunan şəhidlərin analarına Azərbaycan Şəhid Ailələri və Qaziləri İctimai Birliyi adından hədiyyələr və fəxri diplomlar təqdim olunub. Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev tərəfindən şəhid valideynlərinə təşkilat adından xatirə hədiyyələri verilib. Həmçinin şəhid Sübhan Həsənovun atası Rauf Həsənov yubiley yaşı münasibətilə xüsusi olaraq təbrik edilərək hədiyyə ilə mükafatlandırılıb.


Tədbirdə çıxış edən şəhid anaları Mehriban müəllimə və Ziba xanım övladlarının əziz xatirəsinə göstərilən diqqət və ehtirama görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.


Daha sonra İstisu Sanatoriyasının rəhbəri, iş adamı İldırım Allayarov çıxış edərək şəhid ailələrinin hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələri və qazilərə göstərilən yüksək dövlət qayğısından, eləcə də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun rayonda şəhid ailələrinə göstərdiyi diqqət və həssas münasibətdən bəhs edib. Daha sonra onun təşəbbüsü ilə qəhrəman şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi təşkil olunub.


Tədbirdə həmçinin Saatlı rayonundan gələn qonaqlar – şəhid Elgiz Mehdiyevin anası Elbəniz Mehdiyeva və şəhid Şahin Mehdiyevin ailə üzvləri iştirak edərək şəhid ailələri ilə həmrəylik nümayiş etdiriblər.


Sonda tədbir iştirakçıları şəhid ailələri ilə xatirə şəkilləri çəkdirib, qəhrəman Vətən övladlarının ruhuna dualar oxuyublar. Tədbirə yekun vuran Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev bir daha vurğulayıb ki, Azərbaycan xalqı öz qəhrəman şəhidlərini heç vaxt unutmayacaq, onların əziz xatirəsi daim yaşayacaq, qəhrəmanlıq salnamələri isə müstəqil Azərbaycanın tarixində qızıl hərflərlə yazılaraq gələcək nəsillərə örnək olacaq.


 

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!