Müəllim, alim, millət vəkilinin köməkçisi statusunu daşıyan Vüsal Baxışov əslində kimdir?
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
Qəhrəmanın gündəliyi..Azərbaycanın qəhrəman oğlu, XTQin baş giziri Şərafəddin Sərdar oğlu Xankişiyev (Kod adı: Xanış) danışır...
“Azər Türk Bank” istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
MİRZƏ CƏLİLİN YOLU, YOXSA RZA BƏYLƏRİN YOLU?
Böyük ustadımız Həsən bəy Zərdabidən, Mirzə Cəlilin mətbuat məktəbindən bizə miras qalan əsas prinsip budur: jurnalist ona təqdim olunan hər bir məlumatı araşdırmalı, şübhə süzgəcindən keçirməli, ittiham olunan tərəfin də mövqeyini öyrənməli və medianı şəxsi ambisiyaların deyil, ictimai həqiqətin tribunası kimi qorumalıdır. Əgər media fərdi maraqları cəmiyyətə "ekoloji fəlakət" adı altında təqdim edirsə, bu, jurnalistika deyil, peşə etikasından açıq şəkildə uzaqlaşmaqdır.
Məhz bu baxımdan "Space" TV telekanalında aparıcı Amil Xəlilinin təqdimatında yayımlanan "Lənkəranda yaşıllıqları məhv edənləri ifşa edən xanımı biabır etmək istəyən kimlərdir?" adlı süjet cəmiyyətdə ciddi suallar doğurub.
Süjetdə Lənkəran rayonunun Türkəncil kənd sakini Yazgül Bayramova iddia edir ki, ekoloji qanunsuzluqları qeydə alaraq aidiyyəti qurumlara göndərdiyi üçün müxtəlif təzyiqlərlə üzləşir. Peşəkar jurnalist baxımından isə ilk suallar bunlardır: teleaparıcı hadisə yerində olubmu, səsləndirilən iddiaları müstəqil şəkildə yoxlayıbmı, ittiham olunan tərəfin rəsmi mövqeyini öyrənibmi? Yoxsa efirə təqdim olunan material yalnız bir tərəfin iddiaları əsasında hazırlanıb?
Məsələyə münasibətdə Hirkan Milli Parkının rəhbərliyi və kollektivi tam fərqli mövqe ortaya qoyur. Onların bildirdiyinə görə, süjetdə səsləndirilən iddialar həqiqəti əks etdirmir, parkın rəsmi mövqeyi öyrənilmədən və cavab haqqı tanınmadan birtərəfli material hazırlanıb. Halbuki jurnalistikanın əsas prinsiplərindən biri balansın və obyektivliyin qorunmasıdır. Hər hansı ittiham irəli sürülürsə, həmin ittihamın ünvanlandığı tərəfin də mövqeyi tamaşaçıya çatdırılmalıdır.
Araşdırmalar zamanı əldə olunan rəsmi məlumatlara görə, şikayətçi Yazgül Bayramovanın həyat yoldaşı Sücəddin Bayramov vaxtilə Hirkan Milli Parkında çalışıb. Rəsmi sənədlərdə qeyd olunur ki, xidməti vəzifələrini yerinə yetirərkən yol verdiyi qanun pozuntularına görə onunla bağlanmış əmək müqaviləsinə 2 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilib.
Bu fakt fonunda sual yaranır: niyə tamaşaçıya məsələnin bu tərəfi də təqdim olunmayıb?
Burada istər-istəməz Üzeyir bəy Hacıbəylinin yaratdığı satirik qəzetçi tipi – Rza bəy yada düşür. Şəxsi maraqları peşə prinsipindən üstün tutan, qələmi həqiqətə deyil, sifarişə xidmət etdirən belə yanaşma Azərbaycan satirasının hələ bir əsr əvvəl tənqid etdiyi mənfi xüsusiyyətlərdəndir. Təəssüf doğuran məqam isə odur ki, bu gün də bəzən araşdırılmamış iddiaların birtərəfli şəkildə ictimaiyyətə təqdim edilməsi həmin yanaşmanı xatırladır.
Son illər Hirkan Milli Parkında dövlət tərəfindən həyata keçirilən mühafizə tədbirlərinin genişləndirilməsi, qanunsuz ağac kəsiminə qarşı nəzarətin gücləndirilməsi və relikt meşələrin qorunması istiqamətində görülən işlər göz önündədir. Park əməkdaşlarının sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində təbiətin mühafizəsində mühüm nəticələr əldə olunub.
Belə olan halda medianın vəzifəsi yalnız iddiaları deyil, rəsmi qurumların mövqeyini və mövcud faktları da işıqlandırmaq, cəmiyyətə dolğun və obyektiv informasiya təqdim etməkdir.
Mirzə Cəlilin satirik məktəbi cəmiyyətin eyiblərini həqiqətin işığında göstərirdi. O, qələmi şəxsi qisasın deyil, ictimai vicdanın xidmətində görürdü. Mətbuat tariximiz də sübut edir ki, jurnalistin ən böyük gücü sensasiya yaratmaqda deyil, həqiqəti araşdırmaqda, faktları dəqiqləşdirməkdə və cəmiyyət qarşısında məsuliyyət daşımaqdadır.
Bu gün də seçim dəyişməyib: Mirzə Cəlilin və Həsən bəy Zərdabinin həqiqətə, obyektivliyə və peşə etikasına söykənən jurnalistika yolu, yoxsa Rza bəylərin yolu? Bu sualın cavabını hər gün efirə gedən süjetlər, dərc olunan yazılar və ən əsası, cəmiyyətin mətbuata göstərdiyi etimad verir.
Adıçəkilənlərin mövqeyini tanıyırıq.
MİRZƏ CƏNUBLU






















































