İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
Tapdıq Əlibəyli - 65
ŞUŞADA TAPDIĞIM ŞAİR TAPDIQ
İkinci Qarabağ müharibəsindən sonra Şuşada Vaqif Poeziya Günlərində işirak etmək unudulmazdır. Biz, illərlə həsrətində olduğumuz, nisgil odunda qovrulduğumuz doğma torpaqlara savaş meydanında düşməni yenmiş ordumuzun qüruruyla getmişdik. Elə ilk gündən Borçalının dəyərli yetirməsi Dəyanət Osmanlı, Norveçdə yaşayan Güney Azərbaycanlı mühacir Hadi Qaraçay, mən və bir də Şuşada tanış olduğumuz dəyərli aydınımız, Bütöv Azərbaycan sevdalı, Turan ruhlu şair Tapdıq Əlibəyli ilə əməlli-başlı yoldaşlığımız başladı. Mən və digər dostlar Tapdıq müəllimlə tanışlığımızdan son dərəcə mutluyduq. İş elə gətirdi ki, bir yerdə də gecələməli olduq. Söz-sözü, söhbət-söhbəti çəkib gətirdi. Bir-birimizlə kifayət qədər yaxınlaşıb dostlaşdıq.
Görkəmli şair Yusif Nəğməkarla Tapdıq bəyin şeir üzərinə elədikləri şirin söhbət, yaddaqalan debat, apardıqları dadlı-duzlu polemika da xatırladıqca xatırlanası məqamlara çevrildi...
Tapdıq müəllimin yazdığı şeirlərin əksəriyyətinin vətən, topraq, yurd bağlılığı, Azərbaycan və Bütöv Azərbaycandan bəhs etdiyini, türk dövlətlərinin birliyini, Turan dövlət fəlsəfəsini qapsayan nəğmələrini duyanda, təəccüblənmədim. Ona görə təəccüblənmədim ki, bu cür işıqlı, mehriban, sevəcən, bütövlük aşılayan xarakterə sahib bir kişidən, söz adamından başqa nə gözləyəcəkdin ki...
Bəstə boyu, düz qaməti, fiziki və mənəvi yorulmazlığı, bəyazlığa doğru çoxalan saçları, işıqlı siması, baxışlarındakı qartal kəskinliyi onun həm də daxili dünyasındakı zənginlikdən, sonsuzluqdan, böyüklükdən, insanilikdən xəbər verirdi. Bəli, mən və dostlar Tapdq müəllimi Şuşada tapdıq. Şuşada tapılan da Şuşa kimi torpaqdır, Şuşa kimi vətəndir, Şuşa kimi nisgildir, sevgidir, mədəniyyətdir.
İki-üç günlük biryerdəliyin Şuşadan başlması və Şuşa təməlli olması da, ayrıca düşündürücü bir gerçəklik olmuşdu. Unudulmaz Vaqif Poeziya Günləri ilə bağlı tədbirdən geri döndükdən sonra Tapdıq bəylə münasibət, ünsiyyət davam etdi.
Sosial şəbəkələrdə onun qürurlu və əyilməz xarakter aşılayan rəsmləriylə bir vətən övladının görüntüləri, şəxsən mənim gözlərimin işığını artırır. Üstəlik, Tapdıq müəllimin sanki hər gün icitimai-siyasi-mədəni tədbirlərdə məclislərin başında oturması, nüfuzlu birlik-təşkilat- məclislərdə söz sahibi olması, məni çox sevindirir desəm, ona olan dərin rəğbətimin səmimi ifadəsi olar. Çünki həyatımızı əhatə edən tədbirlər, məclislər bayağı adamlarla dolub daşır. Onların təmənnalı sözləri, çıxışları, yorucu hərəkətləri, reklam xarakterli özünü tanıtım çarxları adamı yorub yerə soxur... Tapdıq bəyin qarışıq, anlaşılmaz, daha çox neqativə köklənmiş dönəmdə, barəsində danışdıqlarım fonundakı “detalların” tam əksinə işləyən obrazı, kimliyi, şəxsiyyəti ən azı dostluqdan başlayan və heysiyyatda davam edən bir ucalığa sahibdir. Mən, belə mükəmməl kişilərin cəmiyyətimizdə varlığını, fəaliyyətlərinin isə daha çox olmasını ürəkdən istəyirəm.
Seçlən şairimiz, ictimai xadim kimi tanıdığım sevimli bir insan, nəhayət, dost deyə biləcəyim sənətkar qardaşımıza 65 illik yubiley çağında, onu hər zaman beləcə aktiv, şux, sıcaqqanlı, çarpışan, vuruşan bir qeyrətlə öz zəkası, ağlı, düşüncəsi, duyğuları üzərində sappasağlam görmək ümidiylə uğurlar diləyirəm.
Zəruri qeyd: o gözəl Şuşalı günlərdən hərəmizdən bir yazı, mətn qaldı. Tapdıq Əlibəylidən isə şeirlər ərməğanı unudulmaz bir səmimiyyətlə yaddaşımızın ən həzn guşəsində yerini aldı. İstərdim ki, Tapdıqsevərlər bu şeirlərldən biri - “VAQİFİN MƏQBƏRƏSİNDƏ” ilə həm də mənim bu kiçik yazımda da tanış ola bilsinlər. Hansı ki, o şeiri Tapdıq Əlibəyli elə tədbirin gedişindəcə Vağifin məqbərəsindəki dərin hisslərindən, həmin anın ruhundan ilham alaraq qələmə alıb.
Şair yazır: “Vaqif Poeziya Günləri”nin açılışında şairin məqbərəsi önündə duşüncələrim)
Ruhumda şeir havası,
Könlümdə Şuşa həvəsi,
Bəmdədi Bülbülün səsi
Vaqifin məqbərəsində.
Şəhidin zəfər şöləsi,
Şahanə söz şəlaləsi,
Dilimdə sözün səlisi
Vaqifin məqbərəsində.
Şuşanın şirin şivəsi,
Sözümün şəhdi-şirəsi,
“Qarabağ-Xan şikəstəsi”...
Vaqifin məqbərəsində.
Dilimdə Vaqif ahəngi,
İstədim tər söz çələngi,
Şuşatək çaları, rəngi
Vaqifin məqbərəsində.
Dünyada xarıbülbültək
Olarmı bir rəmz gül-çiçək?..
Şairə salam söyləyək
Vaqifin məqbərəsində.
Xanəmir TELMANOĞLU,
şair-publisist,
Aərbaycan Yazıçılar Birliyinin üzvü





















































