Menu
Xəbər Lenti
Tapdıq Əlibəyli - 65
Bugün, 18:31

Tapdıq Əlibəyli - 65

Tapdıq Əlibəyli  – 65
6-04-2026, 16:13

Tapdıq Əlibəyli – 65

08 Aprel 2026 18:31Manşet / Gündəm / Mədəniyyət

Tapdıq Əlibəyli - 65

 

YOLLAR AYRICINDA BIR ÇİÇƏK BİTİB


 

Keçdiyim həyat yolumun enişli-yoxuşlu, sevincli-kədərli məqamlarına hər dəfə xəyalən döndükdə, nədənsə  təsəvvürümdə yollar ayrıçında bitən bir çiçək çanlanır. Bu çiçək, bəlkə də iki yolun üzərində dayanmış bir qərar, ya da bir zamanlar iki seçimi olan, amma sonradan “kaş ki” deyən birinin simvoludur. Amma nə olursa olsun, o var: tək bir çiçək, amma həm də bir dünya.Yollar ayrıcında bitən bu çiçək, həyatın sürprizlərlə dolu olduğunu, bəzən kiçik bir şeyin ən böyük təsiri yaratdığını göstərir. Onu görən hər kəs bir anlıq təbiətin incəliklərinə, sadə bir varlığın gözəlliyinə daldıqda, öz yolunu da  düşünə bilər... Həyat bəzən ən çox da gözlənilməyən yer və zamanda gözə çarpır.


Bu sətirləri yazarkən illərin dostu, tanınmış şair Tapdıq Əlibəylinin bir şeirini xatırlayıram:


İki yolun ayrıcına çatmışam,


Biri işıq, biri zülmət-getməli...


Ay doğacaq günəş kimi batmışam,


Şəfəqlənib dan yerində bitməli.


Həyatın hər mərhələsində insan bir çox seçimlər qarşısında qalır. Mənim də həyatımda müxtəlif dönəmlərdə qarşıma çıxan seçimlər və çətinliklər olub. Bu yolda Sovet dövrünün gənclərə verdiyi imkanlardan istifadə edərək bir çox uğurlara imza atmışam. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq məqsədilə imtahn verdim, lakin bəxtim gətirmədi və konkursa düşdüm. Bu da mənə yeni bir istiqamət göstərdi və beləliklə, əmək fəaliyyətim sovxozda fəhlə olaraq başladı. Amma bu, mənim həyat yolumun yalnız bir başlanğıcı idi.


Həyatımın növbəti mərhələsində maliyə texnikumuna qəbul oldum. Lakin bir müddət sonra fərqli bir yola çıxmaq qərarına gəldim və hərbi xidmətə getdim. Hərbi xidmətim mənə yalnız fiziki güc və dözümlülük qazandırmaqla qalmadı, eyni zamanda özümə inamı da artırdı. Rusiyanın müxtəlif şəhərlərində xidmət etdim və bu təcrübə mənim dünyagörüşümü genişləndirdi. Amma bu müddət ərzində böyrəklərimdən güclü ağrılar başladı və xəstəxanaya yerləşdirildim. Əməliyyat olunandan sonra tərxis olundum.


1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) qəbul oldum və təhsilimi bu sahədə davam etdirdim. O dövrlərdə təhsil sistemindəki bir çox çətinliklərə baxmayaraq, yüksək nəticələr əldə edərək müxtəlif vəzifələrə yüksəldim. Fəhləlikdən idarə müdiri vəzifələrinə qədər müxtəlif vəzifələrdə çalışmağım mənə böyük təcrübə qazandırdı. Həmçinin, bu müddət ərzində işimdəki fəallığım və uğurlarım ilə çox hörmət qazandım.


Sovet İttifaqının çöküşü ilə bir çox sahələrdə olduğu kimi, iş yerlərinin fəaliyyətləri də dayandı. Bununla da mən də yüzlərlə, minlərlə işsizdən biri oldum. Amma həyat hər zaman bizə yeni yollar açır. Gənclik illərimdən jurnalistikaya olan  marağımı nəzərə alan dostlarımın təklifi ilə  mətbuat sahəsində işləməyə dəvət olundum və bu sahədə də uzun müddət fəaliyyət göstərdim. Bu, mənim üçün yeni bir başlanğıc oldu. Bir çox insanla işlədim, onların təcrübələrindən yararlandım, amma bu dövrün ən gözəl dostluqlarından biri Tapdıq müəllimlə başladı.


Xatirələrin ağuşunda, Tapdıq Əlibəylinin poeziyasının sehrində ötən illərə dönürəm.


 


Xatirələr xəzan sayaq boylanır,


Xəyallarım xatirəyə boyanır,


Duyğularım nisgilərdən boy alır...


Xatirələr - yol yorğunu bir qərib...


 

Arıya bax, xumar olub gül üstə,


Fikir sözlə çiçəkləyir dil üstə.


Fəsil-fəsil il gəlirsə il üstə,


Xatirələr - yol yorğunu bir qərib...


 

Xəzan gözü bu yağmurdan nəm çəkib,


Bir sevincə, bir kədərə çən çöküb,


Şair Tapdıq ğoy üzünə göz dikib...


Xatirələr - yol yorğunu bir qərib...


 

     Tapdıq Əlibəyli, mənim üçün yalnız bir dost deyil, yaşca məndən kiçik olmasına baxmayaraq, həm də böyük bir müəllimdir. Onun insani keyfiyyətləri, mərifəti və zəngin dünyagörüşü mənim qəlbimə çox yaxın oldu. Bizim dostluğumuz illərdir ki.  davam edir və bu dövr ərzində onun yaradıcılığını da yaxından izləyirəm. Tapdıq müəllimin şairlik istedadı və yazdığı hər bir əsər mənim üçün böyük bir əhəmiyyət daşıyır. Onun yeni kitabları hər zaman mənə təqdim olunur və mən bu əsərləri sevə-sevə oxuyuram. Onun hər bir sözü, düşüncəsi mənə yeni həyat dərsləri verir.


     Tapdıq Əlibəyli ölkəmizin mənzərəli təbiətə malik Yardımlı rayonunda dünyaya göz açıb. Orta təhsilini burada alıb, sonradan Azərbaycan Dövlət Universitetində təhsilini davam etdirib. O dövrlərdə çox məşhur olan bu təhsil ocağında aldığı təhsil onun həyatında mühüm rol oynayıb. Hələ məktəb illərində öz şeir və yazılarıu ilə diqqət çəkən Tapdıq müəllim, daha sonra mətbuatda yazdığı mənalı və düşündürücü şeirlərlə tanınmağa başladı. İndiyə qədər 30-a qədər nəzm və nəsr kitabının müəllifidir.


     Tapdıq müəllimin yaradıcılığı, yalnız şairliklə bitmir. Onun əsərləri həm də müasir gənclərimizə çox dəyərli bir həyat dərsi verir. Tapdıq müəllim, nəzm və nəsr vasitəsilə insanlara yüksək düşüncə tərzi, mədəniyyət və əxlaq dəyərlərini aşılayır. Mənə elə gəlir ki, bu ömür yolunu bir kitab şəklində tərtib etsəm belə, bu, çox az olar. Çünki onun əsərləri geniş bir mütaliə dünyası açır və hər bir cümləsi, hər bir misrası oxucunu dərindən təsirləndirir.


     Tapdıq müəllim 65 yaşını qeyd etmək ərəfəsindədir.  Bu 65 illik yol  zəngin yaradıcılıq və həyat təcrübəsi ilə bir  örnəkdir.  Tapdıq müəllim, bu yubiley münasibətilə Sizə ən səmimi təbriklərimi göndərirəm. Sizin həyat yolunuz, yalnız bir şairin və yazıçının deyil, həm də bir insanın necə olmalı olduğunu göstərən möhtəşəm bir nümunədir. Sizin yaradıcılığınız və göstərdiyiniz insani keyfiyyətlər həmişə mənim üçün örnək olub.


     Əminəm ki, Tapdıq Əlibəyli 65 yaşına çatdığı bu möhtəşəm mərhələdə bir daha həyatın hər anından zövq alaraq yeni əsərlər yaratmağa davam edəcək, gənclərə təhsil və həyatın dərinliklərini anlamaqda örnək olacaqdır. Mən Sizə sağlamlıq, uzun ömür və daha çox yaradıcılıq uğurları arzulayıram. Həmişə yeni ilhamla, yeni əsərlərlə bizi heyran etməyə davam edəsiniz.


       Allah Təala Sizi hər zaman qorusun, yolunuzu açıq etsin və yaradıcılığınızın işığı heç vaxt sönməsin!


 

Ağasəf Azad oğlu MUSTAFABƏYLİ,

        iqtisadçı, jurnalist,

           Şamaxı şəhəri