Menu
Xəbər Lenti
Riyaziyyat gecəsi keçirilib
28-01-2026, 18:07

Riyaziyyat gecəsi keçirilib

30 Yanvar 2026 11:53Manşet / Gündəm / Sosial

Mərhəmət Lələyev üçün özəl gün

 

Cənublu məşhur jurnalist, media təşkilatçısı və ictimai fəal Mərhəmət Ataxan oğlu Lələyev 1997-ci ilin fevral ayının 1-də Masallı rayonunun Hişkədərə kəndində dünyaya göz açıb. 1998-ci ildən ailəsi ilə birlikdə Masallı şəhərində yaşayır. Orta təhsilini şəhər 3 saylı tam orta məktəbində alıb. Hələ yeniyetmə çağlarından sənətə və sözə bağlılığı ilə seçilən Mərhəmət 2009-cu ildən Masallı Uşaq İncəsənət Məktəbinin xalq çalğı alətləri – tar və muğam şöbəsində təhsil alıb, hər iki məktəbi 2013-cü ildə bitirib. Musiqi onun dünyagörüşünü zənginləndirib, səhnə və sözə münasibətini formalaşdırıb.


2014-cü ildən Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Masallı Xalq Teatrında aktyor kimi səhnə həyatına başlayıb. Gənc yaşlarında teatr mühitinə alışan Mərhəmət yaradıcılıq enerjisi ilə qısa zamanda seçilməyə başlayıb. 2015-ci ildə “Xocalıdan gələn səslər” tamaşasında canlandırdığı komandir obrazı ona geniş rəğbət qazandırıb. O, 20-dən artıq səhnə əsərində rol alıb, bir sıra tamaşalara quruluş verib, müxtəlif bədii layihələrin müəllifi kimi tanınıb. 2016-cı ildə Gürcüstanda keçirilən AİMSM Festivalında “Gənc prodüser” kimi iştirak edib, 2017-ci ildə isə Bakıda təşkil olunan “Gənclər bizim fəxrimizdir” tədbirində “Regionun siması” media mükafatına layiq görülüb.


Teatr təcrübəsi onun jurnalistikaya yanaşmasına da canlılıq və obrazlı düşüncə gətirib. Masallının və bütövlükdə Cənub bölgəsinin ziyalıları, alimləri, həkimləri, şairləri, müəllimləri, iş adamları və ictimai xadimləri haqqında 500-dən artıq araşdırma yazısı qələmə alıb. Bu yazılarda təkcə faktlar deyil, insan taleləri, zəhmət yolu, həyat fəlsəfəsi, bölgənin mənəvi siması əksini tapır. Respublika səviyyəsində tanınan alimlərlə elmi söhbətlər, tanınmış həkimlərlə insan sağlamlığı və cəmiyyət mövzusunda müsahibələr, şair və yazıçılarla ədəbiyyat söhbətləri, iş adamları ilə sosial məsuliyyət mövzusunda görüşlər onun media fəaliyyətinin əsas xəttini təşkil edir. Hər görüş, hər yazı Cənub insanının zəngin potensialını ölkə ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.


Bakı və Gürcüstanda keçirilən jurnalistika təlimlərində iştirak edərək qəzetçiliyin və müasir medianın sirlərini öyrənib, peşəkar biliklərini daim artırıb. Uşaqlıqdan ədəbiyyata böyük marağı olan Mərhəmət eyni zamanda mənalı şeirlərin də müəllifidir.


2019-cu ildə “Masallının Səsi” ictimai-siyasi internet qəzetini, 2021-ci ildə isə “Cənubun Səsi” xəbər portalını təsis edib. “Cənubun Səsi” bu gün bölgənin əsas informasiya platformalarından biri kimi tanınır və portalda 5000-dən artıq tanınmış cənublu şəxsiyyət haqqında material dərc olunub. Bu yazılar vasitəsilə regionun elmi, mədəni, ictimai və sahibkarlıq potensialı geniş auditoriyaya təqdim edilir.


2019–2020-ci illərdə “Azərbaycanın Səsi” İctimai Birliyinin Masallı rayon sektorunun, 2020-ci ildə isə “Qarabağ Azadlıq Təşkilatı”nın Masallı rayon şöbəsinin sədri kimi fəaliyyət göstərərək bölgənin ictimai həyatında fəallıq nümayiş etdirib. Masallı Rayon İcra Hakimiyyətinin İctimai Şurasının üzvü, Masallı Rayon Mədəniyyət Mərkəzinin baş prodüseri kimi də çalışıb. 2025-ci il 11 oktyabr tarixində “Liqa” qəzetinə baş redaktor təyin olunub. “Doğma Elin Simaları” kitabı onun uzun illər apardığı araşdırmaların və görüşlərin yazılı yaddaşıdır.


Rəhbərlik etdiyi “Cənubun Səsi” informasiya portalı və Cənub Media Şirkəti bir çox xeyriyyə aksiyalarına imza atıb. Aztəminatlı ailələrə yardım, şəhid ailələrinə dəstək, sosial həssas qruplarla bağlı layihələr həyata keçirilib. COVID-19 pandemiyası dövründə maarifləndirici çağırışlar, ehtiyacı olan ailələr üçün yardım kampaniyaları təşkil olunub.


Vətən Müharibəsi zamanı informasiya cəbhəsində fəal çalışaraq şəhidlərin tanıdılması, qazilərin səsinin çatdırılması, cəmiyyətin operativ məlumatlandırılması istiqamətində ardıcıl fəaliyyət göstərib. Şəhid dəfn mərasimlərində iştirakı ailələrə mənəvi dayaq kimi qiymətləndirilib.


Cənub Media Şirkəti tərəfindən 50-dən çox tanınmış şəxs ilə video müsahibələr hazırlanıb, 6 sənədli film çəkilib. Bu layihələr alimlərin elmi yolu, həkimlərin insan həyatına xidməti, şairlərin yaradıcılığı, iş adamlarının sosial fəaliyyəti və bölgənin tarixi yaddaşı üzərində qurulub. Bir çox media mükafatı və diplomlarla təltif olunub. Hazırda LƏLƏYEV MMC – Cənub Media Şirkətinin təsisçisi və prezidentidir, eyni zamanda şəxsi biznes fəaliyyəti ilə də məşğuldur.


Bu gün “CənubunSəsi” artıq təkcə bir xəbər portalı deyil, Cənub bölgəsində geniş auditoriyaya malik, etibarlı və operativ informasiya mənbəyi kimi tanınan, bölgədə nömrə bir xəbər kanalı statusunu qoruyan media platformasına çevrilib. Sosial şəbəkələrdə yüz minlərlə izləyicisi olan “CənubunSəsi” gündəlik xəbərlər, ictimai problemlər, mədəniyyət, sosial layihələr və regionun aktual mövzuları ilə böyük oxucu və izləyici auditoriyasını ətrafında birləşdirir. Platformanın bütün səhmləri və təsisçilik hüquqları tam şəkildə Mərhəmət Lələyevə məxsusdur və media siyasəti birbaşa onun prinsipləri əsasında formalaşır.


1 fevral 2026-cı il tarixində gənc jurnalist, media qurucusu və ictimai fəal Mərhəmət Lələyevin 29 yaşı tamam olur. Bu əlamətdar gün münasibətilə onu səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, tükənməz enerji və yeni yaradıcılıq uğurları arzulayırıq.


Mərhəmət Lələyev gənc yaşına baxmayaraq Cənub mediasında öz imzasını formalaşdırmış, sözə məsuliyyətlə yanaşan, cəmiyyətin səsini obyektiv şəkildə çatdıran jurnalist kimi tanınır. Onun qurucusu və rəhbəri olduğu “CənubunSəsi” bu gün geniş auditoriyaya malik, bölgədə nömrə bir xəbər kanalı olaraq fəaliyyət göstərir, yüz minlərlə izləyicini ətrafında birləşdirir.


Mərhəmətin fəaliyyəti yalnız informasiya ilə məhdudlaşmır — sosial layihələr, xeyriyyə aksiyaları, şəhid ailələrinə dəstək, gənclərin maariflənməsi istiqamətində gördüyü işlər onun vətəndaş mövqeyinin göstəricisidir. O, hər zaman cəmiyyətin içində olan, insanların problemini dinləyən və sözün gücü ilə həll yolları axtaran media nümayəndəsidir.


Yeni yaşının ona daha böyük nailiyyətlər, daha geniş layihələr, sağlamlıq və uğur gətirməsini arzulayırıq. Qələmi iti, yolu açıq, sözü daim dəyərli olsun!


Ad günün mübarək, Mərhəmət Lələyev!