“Daş qartal əfsanəsi – əfsanələşən qəhrəmanlıq” - XTQ-nin şəhid giziri Vidadi Nizami oğlu Zalov
Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
İsrail Səfirliyi Bakı Caz Festivalı 2025-də mədəni əlaqələrin gücünü nümayiş etdirdi
Heydər Əliyev ideyalarının davamçısı və Azərbaycanın tərəqqisinə həsr olunmuş fəaliyyət – İsmayıl Zalov
İsmayıl Zalov: “Azərbaycanın Zəfəri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir”
“PAYIZ ÇÖHRƏSİNDƏ YAZDI 44 GÜN” KİTABI - VƏTƏN MÜHARİBƏSİNİN İLK POETİK SALNAMƏSİ
Bu məqalə Zəfər Gününün 5-ci ildönümü münasibətilə yazılmışdır.
2020-ci ilin payızı Azərbaycan xalqı üçün əbədi olaraq zəfər mövsümünə çevrildi. Otuz ilə yaxın işğal altında olan Qarabağ torpaqlarının azadlığı uğrunda başlanmış və 44 gün davam etmiş Vətən müharibəsi yalnız hərbi güc və diplomatiyanın təntənəsi deyil, həm də ədəbiyyatımıza silinməz izlər buraxdı.
Azərbaycan ədəbiyyatında müharibə mövzusu zəngin və uzun bir ənənəyə malikdir, lakin Tapdıq Əlibəyli bu sahəyə 44 günlük Vətən müharibəsinin ilk poetik salnaməsini gətirdi. O, “Payız çöhrəsində yazdı 44 Gün” adlı şeir kitabı ilə müasir Azərbaycan ədəbiyyatında Vətən müharibəsinə həsr olunmuş ilk şeir toplusunu yaratdı. Bu əsər həm də müharibənin şairə verdiyi böyük məsuliyyəti əks etdirən bir sənət əsəri oldu.
Kitab sadəcə bir şeir toplusu deyil, həm də Zəfər tariximizin poetik salnaməsidir. Tapdıq Əlibəyli müharibənin acılarını, qələbənin coşqusunu və xalqın həmrəyliyini sözün bədii qüdrəti ilə tərənnüm etmişdir.
Kitabın adı - “Payız çöhrəsində yazdı 44 Gün” əsərin həm poetik dərinliyini, həm də zəfər mövsümünün mahiyyətini açır. Payız, solğun və kədərli bir fəsil olaraq təqdim edilə bilərdi, lakin Tapdıq Əlibəyli bu mövsümü Vətən müharibəsinin şanlı günləri ilə əlaqələndirir. Payızın boz rəngləri, dumanlı səması və kədərli çiskinləri müharibənin və qəhrəmanlığın coşğusu ilə müqayisə edilərək poetik bir şəkildə təsvir edilir. Bu payız həm də Vətən müharibəsində düşmənə qarşı mübarizə aparan, şəhid olan və döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun simvoluna çevrilir.
Bürüsə də duman, çən Qarabağı,
Zəfər çiçəklədi bağrının dağı.
Yadda boz illərin çiskin-sazağı...
Payız çöhrəsində yazdı 44 Gün.
Bu misralarda müəllif payızı qaraltmaq yerinə, müharibənin sonunda yüksələn Zəfər çiçəyini – döyüşlərdən sonra yenidən canlanmış, qürurlu, şanlı Azərbaycanı təsvir edir. Yəni həm fiziki, həm də mənəvi olaraq qaralan torpaqlar, qayıdan həyat və bərpa olunan vətən sevgisi ilə yeni bir mənzərə yaradır.
Döyüş meydanında yenildi yağı,
Düşmən sırğa etsin qoy ağ bayrağı!
Sərkərdə gur çatıb tonqal, ocağı...
Qələbə tarixi yazdı 44 Gün!
Düşmənin məğlubiyyəti, Azərbaycanın gücünü təcəssüm etdirir. Ağ bayraq, düşmənin təslimiyyətini göstərir və müharibənin qəhrəmanlıqla bitdiyini əks etdirir. Bu bədii yanaşma həmçinin zəfərin şanlı təntənəsini bir daha gündəmə gətirir.
Kitabda Azərbaycan Ordusunun obrazı xüsusi yer tutur. T. Əlibəyli ordumuzun birliyini və igidliyini şeirində yüksək mənəvi dəyərlər şəklində tərənnüm edir. “Xilaskar Ordumun Vətən savaşı” şeirində şair, Azərbaycanın müzəffər Ordusunun haqq səsini və qələbə yolundakı əzmini təsvir edir.
Ordumun müzəffər, haqq səsi gəlir,
Qələbə qoxulu nəfəsi gəlir...
Allahın da xoşu, həvəsi gəlir,
"İrəli!" marşından Azərbaycanın!
Bu misralar da Azərbaycan xalqının birliyini, Vətənə olan sədaqətini və zəfər yürüşünün həmişəlik yaddaşlarda qalacağını təsdiqləyir. Şair burada Ordunun yalnız hərbi gücünü deyil, gözəl ideallarını - haqqın, ədalətin və insanlığa olan sevginin də qələbəsini təcəssüm etdirir.
Şaddır Şəhidlərin zəfərlə Ruhu,
Düşməndən qisasın alındı, Vətən!
Ovunur qovrulan torpağın ahı...
Vətən, qəhrəmandır Əsgər, Sərkərdən!
Tapdıq Əlibəyli Şəhidlərin unudulmaz xatirəsinə ehtiram olaraq Zəfərlə dalğalanan Bayrağımızın şöləsində "Şəhidlərə salam olsun" deyir:
Körpələrin yuxusundan,
Süd ətirli qoxusundan,
Dan yerinin yaxasından
Şəhidlərə salam olsun!
Ərənlərin dünyasından,
Anaların duasından,
Elin ismət, sonasından
Şəhidlərə salam olsun!
Bayraq, zəfər şöləsindən,
Himnimizin hürr səsindən,
Azərbaycan kürəsindən
Şəhidlərə salam olsun!
Bu poetik deyim, şəhidlərin ruhunun rahatlıq tapdığı bir Zəfər nişanəsidir. Onlar yalnız torpaqları azad etmədi, eyni zamanda millətin gələcəyinə yeni bir inam və ümid bəxş etdilər.
“Qələbə təqvimin mübarək” şeiri, xüsusilə 8 Noyabr tarixinin, Azərbaycanın Zəfər Günü kimi tarixə düşdüyü günün hər bir Azərbaycanlı üçün necə əhəmiyyətli olduğunu poetik şəkildə ortaya qoyur.
Doğub Qarabağda zəfər günəşi,
Zəfərgözlü şəfəq göz qamaşdırır.
Ordumun çiynində Vətən savaşı
İşğala son qoyur, sədləri aşır...
Bu şeir həm də Vətənin yeni bir dövrə qədəm qoymasını, müharibənin bitməsini və yeni həyatın başlanmasını təcəssüm etdirir. Zəfər yalnız hərbi qələbə deyil, həm də Azərbaycanın yeni bir dönəmə – müstəqil, güclü və qürurlu bir dövrə girməsinin təntənəsidir.
Kitaba daxil edilmiş “Zəfər paradı” adlı şeir haqqında daha ətraflı fikir bildirmək istərdim. Şair, Azərbaycanın zəfər qazandıqdan sonra yüksələn xalq ruhunu və müstəqillik həyəcanını ifadə edir. "Baş meydan başını dik tutub, Yurdum" misrası, Azərbaycanın müharibədən sonra başını dik tutaraq müstəqilliyinin simvolu olduğunu bildirir.
Baş meydan başını dik tutub, Yurdum,
Sinəsin süsləyib Zəfər paradı.
Müzəffər yürüşdən dönübdür Ordum,
Şəhid, qazı, qalib - əsgərin adı!..
Tapdıq Əlibəyli müharibənin bir simvolu olan “44 Günlük döyüş bayrağı”na salam göndərir. Bu bayraq yalnız hərbi qələbənin deyil, həm də mənəvi zəfərin, xalqın əzminin və Vətən sevgisinin rəmzidir.
Salam, 44 Günlük döyüş bayrağım!
Şöləndə şanlı yol, Vətən savaşım.
Salam, halal haqqım, Zəfər bayramım!
Səninlə üzüm ağ, ucadır başım!..
Şeirdə müharibə sonrası yaranan azadlıq ruhu və şəhidlərin qanı ilə qazandığımız ərazi bütövlüyü təmin edimiş Vətən təsvir olunur.
Azadlıq meydanı meydan sulayır,
Düşüb sümüyünə Şuşa havası.
Qələbə diliylə salam söyləyir,
Himnimin səsində şövqü, həvəsi...
Müəllifin “Zəfər paradı” ifadəsi, xalqın müharibədən sonra yaşadığı coşqunu və dövlətin qələbə ilə başlatdığı yeni dövrü təsvir edir.
Haqqın təntənəsi - Zəfər paradım
Qalibin məğluba ibrət dərsidir.
Neçə Mübarizim, neçə Poladım
Millətin əzəmət, qürur səsidir!
Sonuncu bənddə, şair Azərbaycanın qələbəsini və xalqın yüksələn səsini dünyaya duyurur. "Zəfər günəşinlə səfəqlənib dan" misrasında müharibə sonrası yaranan yeni gündüz, yeni həyatın başlanmasını simvolizə edir. "Şahinlər gözündə yer-göy görüşür..." ifadəsi isə xalqın qəhrəmanlarının, şəhidlərinin və əsgərlərinin yüksək əzmi və qələbəyə doğru gedən yolda verdikləri mübarizənin təntənəsini vurğulayır.
Səsin, Azərbaycan, ucadan gəlir!
Simana Qarabağ işığı düşür...
Zəfər günəşinlə səfəqlənib dan,
Şahinlər gözündə yer-göy görüşür...
Bu şeir Azərbaycanın müharibə sonrası qələbəsinin yalnız fiziki deyil, həm də mənəvi nəticələrini göstərir. Şeirdəki hər bir misra Azərbaycan xalqının müstəqillik və qələbə yolundakı əzmini, şəhidlərin qanı ilə qazanılan zəfəri və bu zəfərin gətirdiyi yüksələn əxlaqi və mənəvi dəyərləri əks etdirir. Tapdıq Əlibəylinin "Payız çöhrəsində yazdı 44 Gün" kitabının bir hissəsi olaraq, bu şeir Azərbaycan ədəbiyyatında Vətən müharibəsinin və Zəfərin poetik təcəssümüdür.
Tapdıq Əlibəylinin bu kitabı yalnız müharibənin və zəfərin şeirə düşməsi deyil, həm də müasir Azərbaycan poeziyasının yeni bir mərhələyə keçməsini göstərir. Müəllif, zəfəri qeyd etməkdən daha çox, bu zəfərin cəmiyyətin ruhunda, millətin yaddaşında necə yer etdiyini, xalqın birliyinin necə təcəssüm tapdığını göstərir. Tapdıq Əlibəylinin misraları həm bədii, həm də məfkurəvi olaraq Azərbaycan tarixinin və xalqın yüksələn ruhunun simvoluna çevrilir.
2020-ci ilin 44 günü Azərbaycanın tarixinə Zəfər Günləri olaraq düşdü. Bu günlər yalnız silah və döyüşlə deyil, qeyd etdiyim kimi, həm də poeziya ilə yaddaşlarda yaşayacaq. Tapdıq Əlibəylinin “Payız çöhrəsində yazdı 44 Gün” kitabı, bu 44 günün həm də müharibə sonrası Azərbaycanın tarixi və ədəbiyyatındakı ilk bədii salnaməsidir.
Tapdıq Əlibəyli bu əsəri ilə Zəfərimizin ilk poetik təcəssümünü vermiş oldu. Azərbaycan ədəbiyyatında bu kitabın xüsusi yeri həmişə qalacaq. Zəfərin poetik dillə təsvir edilən bu salnaməsi həm Azərbaycan xalqının qələbə ruhunu, həm də müharibənin doğurduğu yeni əxlaqi və mənəvi dəyərləri əks etdirən bir sənət əsəri olaraq nəsillərə ötürüləcək.
Zəfər Günün mübarək, Azərbaycan!
Səyadulla KƏRİMLİ,
yazıçı-publisist






















































