Menu
Xəbər Lenti
16 Sentyabr 2025 15:23Manşet / Gündəm / Sosial

Dövlət Yol Polisi əməkdaşları hər zaman asayiş keşiyində

 

Azərbaycan Respublikasının inkişaf edən müasir dövlət quruculuğu prosesində vətəndaşların təhlükəsizliyinin təmin olunması ən mühüm prioritetlərdən biridir. Xüsusilə də yol hərəkətinin təhlükəsizliyinin qorunması, sürücülərin və piyadaların rahat hərəkət etməsi istiqamətində Dövlət Yol Polisi əməkdaşlarının rolu danılmazdır. Onlar hər gün həm paytaxt Bakıda, həm də bölgələrdə gecə-gündüz xidmət apararaq insanların həyatını və sağlamlığını qorumaq üçün ayıq-sayıq dayanırlar.


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun rəhbərliyi altında yol polisinin fəaliyyəti günün tələblərinə uyğun şəkildə təşkil olunur. Yol hərəkətinin təhlükəsizliyi məsələsi təkcə texniki nəzarətlə məhdudlaşmır, burada həm maarifləndirmə, həm də profilaktik tədbirlər mühüm rol oynayır. Ramiz Zeynalovun rəhbərliyi ilə həyata keçirilən islahatlar və tədbirlər nəticəsində yol polisi əməkdaşlarının fəaliyyəti müasir standartlara uyğun qurulmuş, sürücülərlə polis arasında qarşılıqlı anlayış və etimad mühiti güclənmişdir.


Dövlət Yol Polisi əməkdaşlarının gündəlik fəaliyyəti hər bir vətəndaşın təhlükəsizliyinə xidmət edir. Onlar təkcə yol hərəkəti qaydalarının icrasına nəzarət etməklə kifayətlənmirlər, eyni zamanda fövqəladə hallarda, qəza və digər hadisələr zamanı ilk yardım göstərir, insan həyatını xilas edirlər. Bu baxımdan yol polisi əməkdaşları həm də cəmiyyətin güvənc yeridir.


Azərbaycanın şəhər və kənd yollarında hər gün minlərlə avtomobil hərəkət edir. Yol polisi əməkdaşlarının diqqəti və operativliyi olmasa, bu qədər intensiv hərəkətin idarə olunması çətin olardı. Onların gecə-gündüz ayıq-sayıq dayanması nəticəsində həm sürücülər, həm də piyadalar özlərini daha təhlükəsiz hiss edirlər.


Avtomobil parkının təhlükəsizliyi yol hərəkətinin əsas şərtlərindən biridir. Bu məqsədlə fəaliyyət göstərən Avtomobillərin Texniki Müayinə Mərkəzləri mühüm işlər görür. Burada hər bir avtomobilin texniki vəziyyəti ciddi şəkildə yoxlanılır. Əyləc sistemindən tutmuş, işıq cihazlarına, təkərlərə qədər bütün detalların sazlığı diqqətlə nəzərdən keçirilir.


Çünki saz olmayan avtomobil yolda hər an təhlükə mənbəyinə çevrilə bilər. Texniki nasazlıq nəticəsində baş verən qəzalarda çox vaxt günahsız insanların həyatına son qoyulur. Məhz buna görə də texniki müayinədən keçmiş, saz vəziyyətdə olan avtomobilin idarə olunması sürücünün də, sərnişinlərin də, ümumilikdə cəmiyyətin də təhlükəsizliyi deməkdir.


Yol polisinin nəzarəti altında fəaliyyət göstərən bu mərkəzlərdə şəffaf və ədalətli qaydada müayinə aparılır. Burada əsas məqsəd cərimə yazmaq deyil, insanların həyatını qorumaqdır.


Dövlət Yol Polisi yalnız nəzarət və inzibati tədbirlərlə kifayətlənmir, həm də genişmiqyaslı maarifləndirmə işləri aparır. Məktəblərdə, ali təhsil müəssisələrində, müxtəlif kollektivlərdə keçirilən görüşlərdə yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi izah olunur.


Xüsusilə məktəblilərlə aparılan görüşlər böyük əhəmiyyət kəsb edir. Çünki uşaqlara balacalıqdan yol hərəkəti qaydalarını öyrətmək gələcəkdə intizamlı sürücü və piyadaların formalaşmasına gətirib çıxarır. Yol polisi əməkdaşları həm də KİV vasitəsilə əhaliyə daim müraciət edir, qaydalara əməl etməyə çağırır.


Ramiz Zeynalovun rəhbərliyi altında son illərdə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Sosial şəbəkələrdə, televiziya və radioda yayımlanan maarifləndirici çarxlar insanların diqqətini qaydalara əməl etməyin vacibliyinə yönəldir.


Yol polisi əməkdaşları ilə sürücülər arasında səmimi və qarşılıqlı hörmətə əsaslanan münasibətin yaradılması ən mühüm məsələlərdəndir. Bu gün Azərbaycan yollarında belə bir mühitin mövcudluğu sevindirici haldır. Sürücülər yaxşı bilirlər ki, yol polisi onların əleyhinə deyil, əksinə, təhlükəsizliyi təmin etmək üçündür.


Hər bir sürücü qaydalara əməl etdikdə yol polisi ilə heç bir problem yaşamır. Əksinə, qaydalara hörmət göstərən sürücülərə yol polisi əməkdaşları da anlayışla yanaşır.


Yol polisinin işi olduqca çətin və məsuliyyətlidir. Onlar hər gün açıq havada, istər yandırıcı istidə, istərsə də şaxtalı havada xidmət aparırlar. Tıxacların idarə olunması, qəzaların qarşısının alınması, təhlükəsizliyin təmin olunması üçün daim ayıq-sayıq qalmaq hər kəsin bacaracağı iş deyil.


Bir çox hallarda yol polisi əməkdaşları qəza zamanı həyatını təhlükəyə ataraq insanları xilas edirlər. Bu, onların peşə borcuna sadiqliyindən və fədakarlıqlarından xəbər verir.


Azərbaycan dövləti hər zaman Daxili İşlər Nazirliyi sistemində çalışan əməkdaşlara, o cümlədən yol polisinin əməkdaşlarına xüsusi diqqət göstərir. Onların xidmət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi daim dövlətin diqqətindədir. Müasir texnologiyalarla təchiz olunmuş patrul avtomobilləri, radar sistemləri, videomüşahidə kameraları yol polisinin işini xeyli asanlaşdırır.


Bütün bu tədbirlər, ilk növbədə, insanların həyatını qorumağa xidmət edir. Çünki dövlət üçün ən böyük dəyər vətəndaşın sağlamlığı və təhlükəsizliyidir.


Dövlət Yol Polisi əməkdaşları hər zaman asayişin keşiyindədirlər. Onların fəaliyyəti nəticəsində yollarda hərəkətin təhlükəsizliyi təmin olunur, sürücülərin və piyadaların rahatlığı qorunur. Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun rəhbərliyi ilə həyata keçirilən tədbirlər Azərbaycanın yol hərəkəti sisteminin müasir tələblərə uyğun inkişafına səbəb olmuşdur.


Avtomobillərin Texniki Müayinə Mərkəzlərinin fəaliyyəti də bu sistemin ayrılmaz hissəsidir. Burada avtomobillərin sazlığı yoxlanılaraq insanların həyatının təhlükəsizliyi qorunur.


Yol polisi əməkdaşlarının fədakar xidməti, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı, vətəndaşların qaydalara əməl etməsi birlikdə ölkəmizin yol hərəkəti mədəniyyətini daha da yüksəldir. Hər birimiz bilməliyik ki, yol polisi bizim əleyhimizə deyil, həyatımızın keşiyindədir


 

Şamil Cəfər

AYB və AJB-nin üzvü,

Yazıçı-publisist