“Ondan yaxşı qardaş yox idi...” Şəhid gizir Vidadi Nizami oğlu Zalovun bacılarının ürək sızladan xatirələri.
Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
İsmayıl Zalov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında 22.05.2026-ci il tarixində iştirak etmişdir.
“Peşə təhsili ilə istehsalatın uğurlu vəhdəti: Şirvan Dövlət Peşə Liseyinin şagirdləri üçün növbəti istehsalat təcrübəsi uğurla başa çatdı”
Göygöl yaylaqlarında böyük qayıdışın zəfər sədası: Ağbaba və Şörəyel ruhunun təntənəsi
PROFESSOR DİLQƏM QULİYEV - 75
İllərin dostu, pedaqogika üzrə elmlər doktoru, professor, yazıçı-publisist, sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, "İdmançı" qəzetinin baş redaktoru, Milli Olimpiya Komitəsi, Milli Olimpiya Akademiyası, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurası, Azərbaycan İdman Jurnalistləri Assiosiasiyası və Türk Ağsaqqalları İctimai Birliyinin üzvü, Prezidentin fərdi təqaüdçüsü Dilqəm Qasım oğlu Quliyevi dünyaya gəldiyi gün (6 avqust), ömür təqviminin 75 illiyi münasibətilə təbrik edir və qayəsi, əməl aynası işıqlı azman alim- aydınımıza 25 il öncə yazdığım ithaf şeirimi bu günün ovqatı ilə süsləməklə könül ziyarəti olaraq ünvanlayıram.
Min illiyin həsrəti var gözündə,
Əsrlərin şöləsi var üzündə,
Qərinələr təpəri var dizində,
Zəkan iti, həyat qayən xoş dilək,
Ulu yaddaş, yetmiş beşin mübarək!
Məsləyinin təməlində - ədalət,
İnancının mayasında - həqiqət,
Umacağın olmayıbdır şan-şöhrət.
İllər ilə yaşatmısan saf ürək,
Alim yurddaş, yetmiş beşin mübarək!
Muğam, sazdan bələnibdir heyrətin
Xürrəmidən boy alıbdır qeyrətin,
Tapındığın Dədə Qorqud - hörmətin,
Keçdiyin yol əməlinlə bir örnək.
Ünlü yoldaş, yetmiş beşin mübarək
Aylar, illər ömrümüzə bir izdir,
Ötən günlər xatirətək əzizdir,
Qəlbdə arzu nə gecikmiş, nə tezdir...
Ömür bağın açsın hər vaxt gül-çiçək,
Əziz soydaş, yetmiş beşin mübarək!
El güvənir yetirdiyi mərdinə,
Şərik olur sevincinə, dərdinə.
Arzu sığmır yaşantılar həddinə...
İnnən belə yenə səni şux görək,
Azman sirdaş, yetmiş beşin mübarək!
İnam, ümid ruhumuza məlhəmdir,
Sevincimiz can evinə məhrəmdir,
Duyğuların zirvələşən dəmidir..
Tapdıq hörüb sözdən sənə bir çələng,
Dilqəm qardaş, yetmiş beşin mübarək!
Tapdıq ƏLİBƏYLİ























































