Menu
Xəbər Lenti
21 İyul 2025 20:28Manşet / Gündəm

“Şirvan Operating Company Ltd” şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri  Taleh Məmmədov: Azərbaycan mətbuatı son 150 ildə böyük inkişaf yolu keçmişdir

 

Bu il xalqımız üçün əlamətdar hadisələrdən biri – Azərbaycan milli mətbuatının 150 illik yubileyi qeyd olunur. 1875-ci ilin 22 iyulunda Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən bir yarım əsr ərzində uzun və keşməkeşli, lakin eyni zamanda şərəfli bir inkişaf yolu keçmişdir. Həm maarifçilik missiyasını, həm milli oyanışa təkan verən güclü ictimai tribuna funksiyasını yerinə yetirən Azərbaycan mətbuatı bu gün də ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur.

Bu münasibətlə “Şirvan Operating Company Ltd” şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri, ictimai və sosial sahədə fəal mövqeyi ilə tanınan Taleh Məmmədov Azərbaycan mətbuat işçilərini və bütövlükdə media cameəsini ürəkdən təbrik edir, onların cəmiyyət üçün əvəzsiz əməklərini yüksək dəyərləndirdiyini bildirir.

Taleh Məmmədov qeyd edir ki, 150 illik tarixə malik milli mətbuatımız bu dövr ərzində müxtəlif siyasi sistemlərdə, müxtəlif dövrlərdə fəaliyyət göstərsə də, xalqın haqq səsini çatdırmaq, maarifçilik ideyalarını yaymaq və milli şüurun formalaşmasında aparıcı rol oynamaq funksiyasını heç zaman itirməyib. “Əkinçi” ilə başlanan bu yol “Molla Nəsrəddin”, “Kəşkül”, “Ziya” və digər maarifçi nəşrlərlə davam etdirilib. XX əsrdə isə mətbuatımız həm sovet senzurası, həm müstəqillik dövründəki mürəkkəb proseslər içində xalqın sözünü deməyi bacarıb.

Taleh müəllim vurğulayır ki, bu gün mətbuat yalnız informasiya vasitəsi deyil, həm də ictimai nəzarətin, şəffaflığın və hesabatlılığın təmin olunmasında əsas alətlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, azad və obyektiv mətbuat demokratik cəmiyyətin təməl sütunlarından biridir. Bu baxımdan Taleh Məmmədov hesab edir ki, dövlət tərəfindən medianın inkişafına göstərilən dəstək – qanunvericilik bazasının təkmilləşdirilməsi, Medianın İnkişafı Agentliyinin yaradılması, jurnalistlərin sosial rifahının təmin olunması sahəsində həyata keçirilən tədbirlər – ölkəmizdə peşəkar medianın formalaşmasına geniş imkanlar yaradır.

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, sosial medianın geniş yayılması jurnalistlərin məsuliyyətini daha da artırıb. Taleh Məmmədov bu məqamda qeyd edir ki, dezinformasiya, yalan xəbərlərin yayılması kimi hallara qarşı mübarizədə peşəkar jurnalistlərin üzərinə böyük vəzifələr düşür. Cəmiyyətin düzgün məlumatlandırılması, ictimai rəyin sağlam formalaşması məhz vicdanlı və obyektiv media nümayəndələrinin fəaliyyəti ilə mümkündür.

Taleh müəllim hesab edir ki, mətbuatın cəmiyyət həyatında ən mühüm funksiyalarından biri də vətəndaş-məmur münasibətlərinin tənzimlənməsi, sosial ədalətin təmin olunmasında vasitəçi rolunu oynamasıdır. O vurğulayır ki, ictimai nəzarətin gücləndirilməsi, korrupsiya və digər neqativ hallara qarşı mübarizədə medianın təsiri əvəzolunmazdır. “Şirvan Operating Company Ltd” şirkətində də şəffaflıq, sosial ədalət və əmək hüquqlarının qorunması sahəsində görülən işlərdə mətbuatın rolu danılmazdır. Taleh Məmmədov deyir ki, media ilə səmərəli əməkdaşlıq həm müəssisənin nüfuzuna müsbət təsir göstərir, həm də işçilərin hüquqlarının qorunmasında vacib vasitəyə çevrilir.

Bununla yanaşı, Taleh müəllim jurnalistlərin sosial məsələlərə, xüsusilə də şəhid ailələri, qazilər, aztəminatlı ailələrin problemlərinə diqqət yetirməsini yüksək qiymətləndirir. O hesab edir ki, məhz bu cür sosial yönümlü yazılar ictimai həssaslığın formalaşmasına səbəb olur və cəmiyyətin humanist dəyərlərə sahib çıxmasına təkan verir.

Azərbaycan mətbuatının tarixində yüzlərlə görkəmli qələm sahibi, jurnalist və redaktor yetişmişdir. Bu insanlar təkcə informasiya daşıyıcısı olmayıb, həm də xalqın düşüncəsini, ruhunu ifadə edən şəxsiyyətlərə çevriliblər. Taleh Məmmədov bu şəxsiyyətlərin irsinin gənc nəsil jurnalistlər üçün əvəzsiz məktəb olduğunu qeyd edir və yeni nəsil jurnalistləri bu ənənələrə sadiq qalmağa çağırır.

Taleh Məmmədov Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini bir daha səmimi qəlbdən təbrik edir, onlara cansağlığı, yeni-yeni peşə uğurları və vətənə xidmət yollarında qələmlərinin daim kəsərli olmasını arzulayır. O, əminliklə bildirir ki, Azərbaycan mətbuatı bundan sonra da öz şərəfli missiyasını layiqincə davam etdirəcək, milli maraqlara xidmət edən, xalqın etimadını qazanmış güclü media orqanları cəmiyyətin inkişafına töhfələr verəcəkdir.

Azərbaycan mətbuatının 150 illik yubileyi mübarək olsun! Qələm sahiblərimizin əməyinə dəyər verən, onları dəstəkləyən belə təşəbbüskar rəhbərlərin sayının artması, həm də cəmiyyətin informasiya mədəniyyətinin yüksəlməsi deməkdir!

Əziz media nümayəndələri peşə bayramınız mübarək!

 Taleh Məmmədov

“Şirvan Operating Company Ltd” şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri