Menu
Xəbər Lenti
Fərman Borçali – 65
Dünən, 16:19

Fərman Borçali – 65

Sabah 33° isti olacaq
Dünən, 11:46

Sabah 33° isti olacaq

"EŞQNAMƏ"NİN TƏQDİMATI
23-06-2025, 18:58

"EŞQNAMƏ"NİN TƏQDİMATI

24 İyun 2025 19:30Manşet / Gündəm / Mədəniyyət

ƏDƏBİYYATIMIZIN DAĞLAR OĞLUNUN YUBİLEYİ

 

Görkəmli yazıçı, dramaturq, istedadlı şair, respublikamızın əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyev həm də dağlar oğlu adı ilə tanınır. Əlbəttə, bu, təsadüfi deyil. O, 1925-ci il aprel ayının 28-də dağlar diyarı Lerik rayonunun Gürdəsər kəndində dünyaya göz açıb. Ədəbiyyata şeirlə gəlsə də, 1958-ci ildə Lerikin Pirasora kəndində 150 il ömür sürmüş Mahmud Eyvazov haqqında yazdığı "Dağlar oğlu" romanı ilə təkcə respublikamızda deyil, keçmiş İttifaqda da istedadlı nasir kimi tanınıb.

 
Lerik Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə Lerik şəhərindəki mədəniyyət mərkəzində görkəmli yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin anadan olmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, Bakı şəhərindən və cənub bölgəsinin rayonlarından gəlmiş yazarlar, ədəbiyyatşünas alimlər, sənət adamları, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları mədəniyyət mərkəzinin foyesində yazıçının kitablarından, fotoşəkillərindən və haqqında yazılmış qəzet, jurnal materiallarından ibarət sərgi ilə tanış olublar. Sonra istedadlı yazıçı-publisist Hafiz Mirzənin müəllifi olduğu "Dağlar oğlu Məmmədhüseyn Əliyev" adlı sənədli filmdən fraqmentlər nümayiş etdirilib.

Filologiya elmləri doktoru, professor İslam Qəribli yubilyarın mənalı ömür yolu, məhsuldar ədəbi yaradıcılığı, ictimai-siyasi fəaliyyətindən haqqında ətraflı danışıb. Onun cənub bölgəsinin yazarları arasında ilk dəfə roman janrına müraciət etdiyini, 1977-ci ildə Moskvanın "Sovetskiy pisatel" nəşriyyatında çap olunmuş "Dağlar oğlu" əsəri ilə Leriki dünyada uzunömürlülər diyarı kimi tanıtdığını, layiqli ədəbi məktəb yaratdığını bildirib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxışında Məmmədhüseyn Əliyevin yubileyinin qeyd olunmasını Azərbaycan Prezidenti cənab İlham Əliyevin yaradıcı insanlara göstərdiyi yüksək diqqət və qayğısının parlaq təzahürü kimi dəyərləndirib, tədbirin rayonun mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib. İcra başçısı ədibin yaradıcılığına qısa nəzər salaraq əsərlərində Lerikin gözəl, əsrarəngiz təbiətini, saf, sadə, zəhmətkeş insanlarını böyük məhəbbətlə tərənnüm etdiyini vurğulayıb.
Milli Məclisin deputatı Vasif Qafarov görkəmli yazıçının çoxsaylı roman və povestlərində yurdumuzun füsunkar guşəsi olan Lerikin qədim tarixini, adət-ənənələrini ustalıqla qələmə aldığını diqqətə çatdıraraq əsərlərinin tam külliyatının çap olunmasının vacibliyindən, ədəbi irsinin təbliğinin əhəmiyyətindən söhbət açıb.

Yubiley tədbirində tanınmış şair-publisist Ağacəfər Həsənli, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, filologiya elmləri doktoru, professor Yədulla Ağazadə, Məmmədhüseyn Əliyev adına Gürdəsər kənd tam orta məktəbinin direktoru Fəqan Ağayev və başqaları yazıçının ədəbiyyat sahəsində misilsiz xidmətlərindən, Qail ləqəbi ilə yaratdığı orijinal poeziya nümunələrindən, 1988-ci ildə ərəb ölkələri poeziya festivalında mükafata layiq görüldüyündən söhbət açaraq haqqında xatirələrini danışıblar.
Çıxışlarda həmçinin, yazıçının dramaturgiya sahəsində böyük uğur qazandığı, "Prokuror" və "Ana fəryadı" əsərlərinin N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının repertuarında mühüm yer tutduğu, "Prokuror" tamaşasının Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində teatrsevərlər tərəfindən maraqla qarşılandığı qeyd olunub. Hazırda Lənkəran teatrında yazıçının "Kölgəli üz" əsəri rejissor Emil Əsgərovun quruluşunda tamaşaya hazırlanır.
Sonda yazıçının qızı, tədqiqatçı alim, fəlsəfə elmləri doktoru Sədaqət Əliyeva, oğlu, tanınmış həkim Ənvər Əliyev atalarının xatirəsinə göstərilən böyük ehtirama görə ölkə Prezidentinə, yubiley tədbirinin təşkilatçılarına dərin minnətdarlıqlarını bildiriblər. (respublika-news.az).

Şərhsiz:


Fərid Faiqoğlu
"Xezertv.info"-nun rəhbəri,
AJB-nin üzvü