Menu
Xəbər Lenti
COP-29
Dün, 16:08

COP-29

COP-29
19-11-2024, 08:04

COP-29

28 May 16:15Manşet / Siyasət

Uzunömürlülər II yaradıcılıq festivalında bir araya gəldilər

Uzunömürlülər II yaradıcılıq festivalında bir araya gəldilər

Lerikdə Uzunömürlülərin II yaradıcılıq festivalı keçirilib. Ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanda təşkil olunan festivalda Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, ictimaiyyət nümayəndələri və rayonun uzunömürlü sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə festivalın sərgi hissəsində yaradıcı insanların rəsm əsərləri, dekorativ tətbiqi sənət nümunələri, qədim məişət əşyaları, xalçaçılıq sənətinin nümunələri və lerikli uzunömürlülərin şəkillərindən ibarət stendlə tanış olublar. Sonra qonaqlar uzunömürlülərə yaxınlaşaraq çay sürfəsi ətrafında onlarla söhbət edib, hədiyyələr təqdim ediblər. Söhbət zamanı bildirilib ki, nadir ağacları, saf suyu, zümrüd meşələri, tarixi abidələri ilə tanınan Lerik, həm də uzunömürlülər diyarı kimi məşhurdur. Ölkəmizdə 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Təsadüfü deyil ki, Azərbaycanın ən uzunömürlü sakini, “Ginnesin rekordlar kitabı”na daxil edilən Şirəli Müslümov rayonumuzun Barzavu kəndində 168 il yaşayıb. Bundan başqa, Lerikin Pirasora kəndində yaşamış Mahmud Eyvazov 150 il, Tikəband kənd sakini Məcid Ağayev 147, Cəngəmiran kənd sakini Qızıl Quliyeva 134 il yaşamışlar. Bu gün Lerikdə yaşı 100-ü ötən sakin olmasa da, 80-90 yaşdan yuxarı yüzlərlə ağsaqqal, ağbirçək var. Vaxtilə 100 yaşdan yuxarı ömür sürən insanların çox olması Lerik rayonunun uzunömürlülər diyarı kimi şöhrət tapmasına səbəb olmuşdur. Bu baxımdan dünyada yeganə “Uzunömürlülər” muzeyinin məhz Lerik rayonunda yerləşməsi təsadüfi deyil.

Festivala həyat yoldaşı ilə qatılan Gözəl Cabbarova gənc ailələrə həm uzunömürlü olmağın, həm də birgə xoşbəxt ömür sürməyin sirlərini açıqlayaraq deyib: “Mənim 82 yaşım var, artıq ikinci festivaldır ki, yoldaşımla iştirak edirəm. Allah gənclərimizə ömür versin. 60 ildir birgə yaşayırıq, bir yerdə ömür sürürük. Bir-birimizi yaxşı başa düşürük. Cavanlara da arzu edirəm ki, mehriban olsunlar, bir-birini yaxşı anlasınlar. Can deyib, can eşitsinlər”.

80 yaşlı Lerik sakini Nəriman Rəfiyev: “Uzunömürlü olmağın sirri təmiz havada gəzməkdə, orqanik məhsullarla qidalanmaqda, sərin bulaq suyu içməkdə, təbii yeməklər yeməkdədir. İndi çox qidaların tərkibi dəyişib. Bunun üçün kənd yerlərində yetişən orqanik məhsullardan alıb yeməliyik”.

Festivalda rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev tədbir iştirakçılarını və rayonun uzunömürlülərini salamlayıb, 28 May - Müstəqillik Günü və uzunömürlülər bayramı münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Lerik rayonu Azərbaycanın ən səfalı guşələrindən biridir. Prezident İlham Əliyevin 2010-cu il iyunun 25-də rayona səfəri zamanı “Uzunömürlülər muzeyi”nin açılışını etməsi onun yaşlı nəslə göstərdiyi diqqət və qayğının bir nümunəsidir.

Bildirilib ki, ötən festivaldan sonra ölkəmizin həyatında mühüm dəyişikliklər baş verib. 2020-ci il sentyabrın 27-də başlayan, çağdaş tariximizə 44 günlük Vətən müharibəsi kimi yazılan müharibədə 30 ilə yaxın mənfur düşmənlərimizin işğalı altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə azad olundu, müstəqil dövlətimizin ərazi bütövlüyü təmin edildi.

Festivalda Milli Məclisin deputatı İqbal Məmmədov, Lənkəran Regional Mədəniyyət İdarəsi Şahin Şahbazov, “Uzunömürlülər” muzeyinin direktoru Dilara Fətullayeva çıxış edərək bildiriblər ki, dünyada yeganə “Uzunömürlülər” muzeyinin məhz Lerik rayonunda yerləşməsi təsadüfi deyil. Rayon nəinki respublikamızda, həmçinin dünyada uzunömürlülərin yaşadığı məkan kimi tanınır.

“Uzunömürlülər” muzeyinin direktoru Dilara Fətullayeva deyib: “Lerikdə Uzunömürlülərin I yaradıcılıq festivalı 2014-cü ildə keçirilib. Bu gün 2-ci festival təşkil olunub. Arzu edirəm ki, bu ənənə davam etsin. Hazırda bizim rayonda 113 uzunömürlü sakin yaşayır. Bu günlərdə biz rayonumuzun ən uzunömürlü sakini, 107 yaşlı Gülənbər Səlimovanı itirdik. Hazırda digər uzunömürlülərin yaşı 100-dən aşağıdır. Belə tədbirlərdə onları görüb ünsiyyətdə olmaq hər kəsə böyük zövq verir. Allah ölkəmizə daim möhtəşəm bayramlar, gözəl günlər nəsib eləsin”.

Uzunömürlülərin II yaradıcılıq festivalı 85 yaşlı aşıq Məhəmmədi Cəbiyevin, rayonun özfəaliyyət dərnəkləri, “Nənələr” və “Rəfti” uzunömürlülər folklor kollektivləri və musiqiçilərinin çıxışlarından ibarət konsert proqramı ilə davam edib.

Festival Lerik Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi və Lerik Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.