Azərbaycan Respublikasının Konstitusiyası Ulu öndər Heydər Əliyevin tarixi xidmətidir-Könül Nəbizadə
Rəsmi Bakı Fransanı BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırdı
Zəfər Günü - Şanlı tariximiz
Zərniyar Kərimova: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.
Azərbaycan 30 ilə yaxın müddətdə torpaqlarını işğalda saxlayan Ermənistanla danışıqlar aparmağa, münaqişəni sülh yolu ilə nizamlamağa çalışırdı. Ermənistan isə sadəcə olaraq vaxt udmaq, status-kvonu möhkəmləndirmək, torpaqlarımızı əbədi olaraq işğalda saxlamaq istəyirdi. Ermənistanın işğal altında olan əraziləri qaytarmaq niyyətində olmadığı, əksinə, Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədi güddüyü bu ölkənin rəsmilərinin bəyanatlarında və davranışlarında da açıq-aşkar görünürdü.
Azərbaycan xalqı isə təbii ki, bu işğalla barışa bilməzdi, gec-tez ədaləti bərpa edəcək, öz tarixi torpaqlarına qovuşacaqdı. Yurd həsrəti, torpaq həsrəti ilə alışıb yanan hər azərbaycanlının, bütöv bir xalqın həyəcanla gözlədiyi o gün 2020-ci ilin 27 sentyabr tarixi oldu. O tarix ki, Xalqımızın yeni qəhrəmanlıq salnaməsinin başlanğıcı oldu.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan işğala son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu mərdliklə vuruşaraq əsl qəhrəmanlıq dastanı yazdı. Döyüş meydanında şanlı tarix yazan Ordumuz Ermənistanı məğlubiyyətə uğradaraq 30 illik işğala son qoydu və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə bərabər Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirdi.
Döyüş meydanında ağır məğlubiyyətə düçar olan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməlləri həyata keçirdi, lakin düşmənin hərbi cinayətləri Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Xalq yalnız qələbəyə köklənmişdi və onu bu yoldan döndərmək artıq mümkün deyildi.
Azərbaycan Ordusu əzmlə irəliləyir və ermənilərin 30 il ərzində qurduğu istehkamları qısa müddətdə darmadağın edərək Zəfərə gedən yolu günbəgün yaxınlaşdırırdı. Artıq “Dəmir Yumruq” qarşısında tab gətirə bilməyəcəyini anlayan Ermənistan məğlubiyyətini etiraf etməli idi və belə də oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoydu və beləliklə, Ordumuzun əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi. Artıq həmin Zəfərdən iki il ötür və Azərbaycan xalqı Zəfər Gününü tariximizin ən qürurlu, fəxarətli günü kimi qeyd edir.
İkinci Qarabağ müharibəsində istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və dünyanın ən məşhur hərbi institutları tərəfindən araşdırılmaqla ətraflı şəkildə öyrənilməkdədir. Bütün bunlar Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücündən, özünəməxsus bacarıq və səriştəsindən xəbər verir.
44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə öz gücünü bütün dünyaya sübut edən Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Azərbaycanın qazandığı ədalətli qələbənin bölgədə yaratdığı reallıq regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.
Şanlı Qələbəmizdən sonra ölkəmizdə yeni dövr başlayıb. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri uğurla icra olunur. Həyata keçirilən abadlıq-quruculuq işləri onu deməyə əsas verir ki, erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və tarixi abidələrimiz tezliklə bərpa olunacaq, azad Qarabağımıza yeni nəfəs gələcək.
Ermənistan isə həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə törətdiyi cinayətlərə görə cavab verməli olacaq. Artıq Azərbaycan xalqına qarşı törədilən erməni cinayətləri ilə bağlı bütün materiallar Avropa İnsan Hüquqları Məhkəməsi təqdim edilib. Ümid edirik ki, Ermənistanın bu cinayətləri beynəlxalq məhkəmələrdə ciddi araşdırılacaq və ədalətli qərar qəbul ediləcək.
Qədirbilən Xalqımız ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən, bizə bu Zəfəri yaşadan Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacaq. Onların əziz xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq.
Sizi 8 Noyabr – Zəfər Bayramı münasibətilə təbrik edirəm! Bu gün, 44 günlük Vətən Müharibəsində qazandığımız şanlı qələbənin ildönümüdür. Şəhidlərimizin və qazilərimizin fədakarlığı sayəsində biz azad Vətəndə yaşayırıq. Qoy bu Zəfər, birlik və müstəqillik ruhumuzu daha da gücləndirsin. Zəfər Bayramımız mübarək!
Qarabağ Azərbaycandır!
Zərniyar Kərimova
Xeyriyyəçi Azərbaycanlı iş xanımı