Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

10 May 09:15Manşet / Gündəm / Siyasət

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA HƏRBİ TƏHSİL

 

Prof. Həcər Emin qızı Hüseynova

ADPU-nun professoru, filologiya elmləri doktoru



Müstəqillik illərində ölkəmizdə bütün sahələr inkişaf edir və bütün sahələrdə gənc kadrların yetişdirilməsi məsələsinə diqqət göstərilir. Gənc kadrların hazırlanması bizim gələcəyimizi şərtləndirən amillərdən biridir.  Hər bir sahədə, o cümlədən hərbi sahədə gənc peşəkar kadrlara ehtiyac vardır. Ulu öndər Heydər Əliyev bu məsələlərlə hələ 1970-ci illərdə məşğul olmuşdur. Onun təşəbbüsü ilə Naxçıvanski adına Hərbi məktəbin yaradılması bizim o illərdəki tariximizdə çox önəmli hadisələrdən biri idi. Ulu öndər hələ o zaman yaxşı bilirdi ki, bizdə yerli hərbi kadrların hazırlanması vacibdir. Gün gələcək Azərbaycan müstəqil dövlətə çevriləcək və müstəqil dövlətin isə güclü ordusu olmalıdır.


Bunu nəzərə alan və dərin üzaqgörənliyə malik olan Heydər Əliyev Hərbi məktəbdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Hərbi hazırlıq fakültəsi yaratmağa müvəffəq oldu. Azərbaycan gənclərində hərbi peşəyə marağın artmasında, onlarda Vətənpərvərlik hisslərinin inkişafında bu təhsil ocağının böyük əhəmiyyəti olmuşdur. Həmin fakültə bu günə qədər fəaliyyətini davam etdirir (2).


Ulu Öndər Azərbaycanda hərbi kadrların hazırlanması işinə həmişə böyük diqqət göstərmişdir. O, həmişə qeyd edərdi ki,  hərbçilərimizin peşəkarlığı, döyüş qabiliyyəti ildən-ilə artır, orduda əhval-ruhiyyə yüksək səviyyədədir. Gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırlar. Deməli, ölkə qarşısında duran əsas vəzifə uğrunda - torpaqlarımızı işğalçılardan azad etmək uğrunda mübarizəyə hazırdır.


Azərbaycanda ordu quruculuğu prosesi Ulu Öndərin adı ilə bağlıdır. 1993-cü ilə qədər, əfsuslar olsun ki, Azərbaycanda nizami ordu yaradılmamışdır. Bunun nəticəsində torpaqlarımızın iyirmi faizi işğal altına düşmüşdü.


1993-cü ildən ölkəmizdə ordu quruculuğu prosesi başlamışdır. Həmin proses bu gün də davam etdirilir. Bu illər ərzində Azərbaycanda nizami ordu yaradılmış, ordumuz xeyli güclənmişdir. Azərbaycan Ordusu artıq nəinki bölgədə, dünya miqyasında güclü orduların sırasındadır. Ordumuzun maddi-texniki bazası möhkəmləndirilmişdir. Hərbi xərclər ildən-ilə artır. Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yerdədir. Bu da təbiidir, belə də olmalıdır. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibənin birinci mərhələsi başa çatıb. Atəşkəs olsa da, sülh  müqaviləsi imzalanmayıb. Hər an müharibə təhlükəsi ola bilər.  Müharibə şəraitində yaşayan ölkədə, birinci növbədə, ordu məsələlərinə diqqət göstərilməlidir.


 Son bir neçə il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artmışdır. “Hazırda bu xərclər 3,6 milyard dollar səviyyəsindədir. Bu da Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, bu reallıqları bizim uğurlu iqtisadi siyasətimiz, iqtisadi islahatlarımız yaratmışdır. Ordu xərcləri bundan sonra da artacaqdır. Bu, əlbəttə ki, ordumuzun gücləndirilməsinə böyük dəstəkdir. Ancaq bununla bərabər, mən çox şadam ki, ordumuzun döyüş qabiliyyəti artır. Orduda xidmət edənlərin arasında vətənpərvərlik duyğusu çox yüksək səviyyədədir. Biz peşəkar ordu yaradırıq. Əminəm ki, həm maddi-texniki təminat, iqtisadi qüdrətimiz, hərbçilərin hazırlanması, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi - bütün bu amillər bizi müqəddəs məqsədə çatdıracaqdır”(7. Qafqazinfo.az- 18.04.23).


Əvvəllər ölkəmizə xaricdən ölkəmizə xeyli silah, texnika, sursat, döyüş təyyarələri, döyüş helikopterləri, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular gətirilmişdir. “… Azərbaycanda yerli istehsal da yaradılmışdır. Yeddi il bundan əvvəl mənim sərəncamımla Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu sahədə də dönüşə gətirib çıxarmışdır. Son illərdə Azərbaycanda hərbi təyinatlı 20 zavod və istehsalat birliyi yaradılmışdır. Azərbaycanda 665 adda hərbi təyinatlı məmulat istehsal edilir. Gələcəkdə bu sahədəki fəaliyyəti daha da genişləndirmək lazımdır. Azərbaycan Ordusuna lazım olan əsas təminat daxili istehsal hesabına formalaşmalıdır. Ümumiyyətlə, bu, dövlət siyasətinin, demək olar ki, əsas istiqamətlərindən olmalıdır. Eyni zamanda, Azərbaycanda hərbi təyinatlı məhsullar daha çox istehsal edilməlidir” (7. Qafqazinfo.az- 18.04.23).


Orduya diqqət təkcə bu cəhətlərlə məhdudlaşmır. Azərbaycan dövləti hərbçilərin məişət problemlərinin həlli üçün də lazımi addımlar atır. Hərbçilərin əmək haqları artırılır. Hərbçilərin mənzillə təminatı istiqamətində yaşayış binaları hərbçilərin sərəncamına verilir, yeni mənzillər tikilir.


        Bütün bu proseslər çağdaş dövrdə də Hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.


Hərbi quruculuq işləri ilə bağlı əsərlər çap edilir. N.Əliyevin “Azərbaycanda hərb işi və hərb sənəti” kitabı ölkə Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin göstərişi əsasında hazırlanıb. Kitabda Azərbaycan ərazisində üç minillik dövr ərzində baş vermiş əsas hərbi-siyasi hadisələr kompleks şəkildə əks olunub. Geniş mənbə və ədəbiyyat əsasında Azərbaycanda qədim dövrdən XVI əsrin əvvəllərinə qədər hərb işinin yaranması, hərbi quruculuq və hərb sənətinin inkişafı məsələləri kitabda əhəmiyyətli yer almışdır (1).


Keçən ilin sonunda Prezidentin sərəncamı ilə orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət vəsaiti hesabına mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Artıq sənədlərin qəbulu prosesinə başlanmışdır. Bu da Azərbaycan dövlətinin öz ordusuna, hərbçisinə olan diqqətinin təzahürüdür.


Orduya diqqət Azərbaycan dövlətinin prioritetidir. Cəmiyyət də bu təşəbbüsləri alqışlayır. Bizim ordumuz bizim qürurumuzdur, müstəqilliyimizin əsas amilidir. Orduya, ordu quruculuğuna, hərbçilərə hər zaman dövlətin qayğısı artırılmalıdır. 


Müstəqilliyimizin ilk illərində Azərbaycana qarşı edilən təcavüz və ədalətsizlik bu günə qədər gündəlikdən çıxmır. Əgər müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyev Azərbaycan rəhbərliyində olsaydı, bir qarış torpaq işğalçılara verilməzdi. Ancaq səksəninci illərdə sovet rəhbərliyi tərəfindən Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılması nəticəsində erməni millətçiləri və onların havadarları Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi haqqında iddialar irəli sürməyə başlamışdılar. Sovet İttifaqının son aylarında Azərbaycana qarşı işğal siyasəti başlamışdır. Müstəqilliyimizin ilk aylarında bu işğal artıq böyük faciələrə gətirib çıxarmışdı. Azərbaycanda Xocalı soyqırımı törədilmiş, Şuşa, Laçın, Kəlbəcər və s. işğal edilmişdi.


Hazırda Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində, ölkəmizin hərbi məktəblərində yetişən ixtisaslı hərbçi kadrların sayəsində, Ordumuzun gücü sayəsində düşmən tapdağında olan ərazilərimiz düşməndən təmizləndi. 44 günlük müharibə nəticəsində Azərbaycan adını qızıl hərflərlə tarixə yazdı. Lakin mübarizəyə, torpaqların müdafiəsinə hər zaman hazır olmaq lazımdır.


Ulu Öndərin siyasətindən kənara çıxmamaqla Azərbaycan Ordusu daim gücləndirilməlidir. Maddi-texniki təminat, silahlar, sursatlar, texnika daha da inkişaf etdirilməlidir. Ordumuzun peşəkarlığı artırılmalıdır. Getdikcə ordunun sıraları genişləndirilməli, gələcəkdə də Azərbaycan Ordusu inkişaf edib güclənməli, ölkədə hərbi tahsil daim inkişaf edib, uğurlu addımlarla irəliləməlidir. Hərbi təhsilə daim ehtiyacımız vardır...Dövlətimiz, dövlətçiliyimiz varsa, dövlətimizin müdafiəsi də daim diqqət mərkəzində olmalıdır. Yaşasın Ulu Öndər Heydər Əliyevin ŞAH ƏSƏRİ Azərbaycan!


 

Ədəbiyyat



1.N.Əliyev. Azərbaycanda hərb işi və hərb sənəti. Bakı. 2022 


2.N.Əliyev. Azərbaycan hərbi dənizçilik tarixi. Bakı.2005


3.https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_D%C3%B6vl%C9%99tPedaqojiUniversiteti


5."ADPU-nun 85 illiyi qeyd edilmişdir". 2022-03-25


6.ADPU-nun tarixi. Elektron resurslar./ azad vikipediya. https://www.google.com/search?q =adpu+tarix+ve+cografiya+fakultesi+kitablari


7. Qafqazinfo.az- 18.04.23 İlham Əliyevin Salyan rayonunda Az TV -nin müxbirinə müsahibəsindən.