Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

14 Mrt 14:09Manşet / Gündəm / Siyasət

Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı - Novruz

 

Qədim tarixi olan, hələ islamdan əvvəlki dövrə təsadüf edən Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə geniş qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar.


Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Novruz bayramı haqqında belə deyib: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir".


Artıq dördüncü ildir ki, Azərbaycan xalqı bu qədim bayramı  böyük ruh yüksəkliyi ilə qeyd edir. 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış oldu: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”.


Bu gün Ulu Öndərin ruhu şaddır. Onun arzuları həyata keçdi. Ötən ilki lokal antiterror tədbirlərindən sonra isə işğal altındakı qalan torpaqlar da azad edildi. Bu il artıq Novruz ölkəmizin bütün ərazisində, o cümlədən ötən il azad edilən Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə də qeyd ediləcəkdir.


Novruz bayramının əhəmiyyəti nəzərə alınaraq 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr  - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib.


Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz fəlsəfəsi təbiətin dörd ünsürü ilə - Su, Od, Yel, Torpaq ilə bağlıdır. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruz ənənələri incəsənətimizə də sirayət etmişdir. Belə ki, xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin, pəhləvanların, kəndirbazların iştirakı ilə şənliklər keçirilən kütləvi bayramdır. Həqiqətən də Azərbaycana bu bayram çox yaraşır.

  


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü